"İnanmıram ki, Qara Canni De Byaziyə etiraz etsin, belə xarakterdə olan biri deyil" - MÜSAHİBƏ

14:59 - 20 Sentyabr 2022

Azərbaycan millisinin sabiq üzvü, futbol mütəxəssisi Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisinin heyəti açıqlandı. İlkin təəssürat necə idi? Səncə, kənarda qalan oyunçular oldu?
- Bəli, heyəti gördüm. Seçimi həmişəki kimi normal qarşılayıram. Milliyə kimsə dəvət edilməyəndə, istər-istəməz narazılıqlar baş verir. Hər halda hamının öz baxışı var. Onsuzda hər çağırış olanda nəyisə dəyişəsi deyilik. Bu, məşqçilər korpusunun baxışıdı, belə görüblər. Məncə, kənarda qalanlar oldu. Seçimlər zamanı daha diqqətli olmaq mümkün idi.

- Qara Qarayevin milli komandaya dəvət edilməməsi daha çox müzakirə edildi. Necə düşünürsən, Canni De Byazi onu milliyə dəvət etməliydi?
- Konkret demək istəyirəm ki, Qara Qarayevi milliyə dəvət etmək lazım idi. Amma dəvət etməyiblər. Nə demək olar? Bu barədə deyəcək bir söz yoxdu. Lakin 100 faiz onu milliyə dəvət etmək olardı.

- Ümumiyyətlə, Qaranın daha çox oynamaq istəməsinə görə əvvəlki toplanışlarda baş məşqçiyə etiraz etdiyi iddia olunur. Səncə, belə hadisə baş verə bilər? 
- İnanmıram ki, Qara Qarayev millidə oynamasa belə, buna etiraz etsin. Qara belə xarakterdə olan biri deyil. Olsa belə, bunu normal qarşılamaq lazımdı. Çünki Qara milli üçün lazımlı futbolçudu.


- Azərbaycan millisinə dəvət edilənlərdən daha çox hansı futbolçunun durumumun daha yaxşı olduğunu düşünürsən? "Qarabağ"lılar və legionerlərdən Renat Dadaşovun daha yaxşı durumda olduğunu söyləmək mümkündü?
- "Qarabağ"da yer alan futbolçuların hamısı bu gün yaxşı formadadı. Onların hər biri də milliyə layiqdi. Renat Dadaşovun isə oyununu tam görməmişəm. Ümidvaram ki, o da milliyə kömək olacaq. Ancaq "Qarabağ"ın oyunçuları yaxşı formadadılar.

- Mahir Emrelinin "Dinamo"da ehtiyatda qalması, millidəki çıxışına necə təsir edəcək? Ümumiyyətlə, səncə, De Byazi Mahirə əsas heyətdə şans verməlidi?
- Təbii ki, Mahirin "Dinamo"da oynamaması millidəki performansına təsir göstərə bilər. Çünki oyun praktikası önəmlidi. Ancaq Mahirin öz keyfiyyətləri var ki, oynamasa belə, ondan istifadə etmək lazımdı. O, millimiz üçün dəyərli futbolçudu. Düşünürəm ki, Canni De Byazi onu oynatmalıdı.

- Ümumiyyətlə, milli komandamızın Slovakiya və Qazaxıstanla görüşlərdə hansı nəticəsinə ümid edirsən? İki matçdan qələbə qazanmaq mümkündü?
- İnanın ki, Slovakiyanı da, Qazaxıstanı udsaq, mənə bu gün üçün qələbələr lazım deyil. Mənə gələcək üçün qələbələr lazımdı. Qələbə qazansaq nə baş verəcək ki? Bunlar hamısı formaldı, bugünü xilas etmək üçündü. Amma biz işləri planlı şəkildə etməliyik ki, hər il qrupdan çıxmağı düşünək, bunu həyata keçirək. Bəli, indi kağız üzərində qrupdan çıxmaq şansımız var və biz bunu böyüdürük. Bu, elə olmalı deyil. İnkişaf bu cür olmur. Udsaq da, uduzsaq da mənim üçün əhəmiyyəti yoxdu. 12-15 tsikl itirmişik, ortada heç nə yoxdu. İndi də fikirləşək ki, qalib gəlsək, görəsən nə dəyişəcəyik? Bu günlə dəyişən millidə heç vaxt inkişaf ola bilməz. Gələcək üçün addım atmalıyıq. Əfsuslar olsun ki, 12-15 ildir gələcəyi deyil, bugünü düşünə-düşnə gəlmişik və ona görə indiki durumdayıq. Camaat isə 12 ilə hər şeyi dəyişə bilir. Bizdə isə nəinki hər şey, yalnız emblem dəyişib. 100 dənə emblem dəyiş, futbolunuz onunla inkişaf edə bilməz. 

Mirbağırağa

 

Xəbər xətti