Millimizin üzvü: "Qrupdan çıxmaq şansımız çox böyükdür"

17:58 - 20 Sentyabr 2022

"Şamaxı"nın və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Qurban Səfərov Sportal.az saytının suallarını cavablandırıb.

 

18 yaşlı müdafiəçi bölgə təmsilçisinin Premyer Liqanın ilk 7 turu ərzindəki çıxışını dəyərləndirib, millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar haqda fikirlərini bildirib.

 

Gənc oyunçunun müsahibəsini diqqətinizə çatdırırıq:

 

- Artıq çempionatın 7 turu geridə qalıb. Komandamızın çıxışını necə dəyərləndirirsən?

- Əlbəttə ki, 2 xal bizi qane etmir. Amma demək olar ki, bütün oyunları yaxşı oynamışıq. Birinci turda "Neftçi" ilə matçda vurduğumuz epizodlar qol olsaydı, nəticə fərqli olardı. Daha sonra öz meydanımızda "Səbail"lə oyunda da şansları dəyərləndirsəydik, bəlkə də indi 2 yox, 8 xalımız olardı. Qəbələ səfərində rəqib artıq 15-ci dəqiqədə 3 qol vurmuşdur. Biz belə gözləmirdik. Sadəcə olaraq səhvsiz futbol yoxdur. Hər insanın səhvi ola bilər. Öz səhvlərimizdən qollar buraxdıq. "Sumqayıt"la matçda daha yaxşı təsir bağışladıq, yaxşı oynadıq. Təəssüf ki, bitiricilik olmadı. 

 

- Komandamız gənc yerli futbolçulardan təşkil olunub. Bu, sizə digər rəqiblərlə mübarizə aparmaqda nə dərəcədə çətinlik yaradır?

- Demək olar ki, bütün futbolçularımız gəncdir. Aramızda 2-3 nəfər təcrübəli oyunçu var. Onlar həm yaxşı futbolçu, həm də yaxşı insandırlar. Biz onlardan nəsə öyrənirik, həmişə bizi başa salırlar. Komandamızın gənc olmağı güclü rəqiblərlə oyunda bir az çətinlik yaradır. Amma bizim futbolçular heç vaxt təslim olmayıblar, heç vaxt da olmayacağıq. Komandamız həmişə yaxşı mübarizə aparır, uşaqlar ayaq yerinə baş qoyurlar. Çatışmayan cəhətlər zamanla düzələcək.

 

- Geridə qalan turlar ərzində öz oyununu necə dəyərləndirirsən?

- Düzdür, komandada ən gənc mənəm. Amma futbolda gənc, böyük söhbəti yoxdur. Meydandasansa, hamı ilə birlikdə döyüşməlisən, oynamalısan, hamıdan çox qaçmalısan. Öz oyunuma gəldikdə isə, hələ tam hazır deyiləm. Üç oyunda start heyətdə meydana çıxmışam, digər matçlarda isə sonradan oyuna girmişəm. Hələ heç nə qazanmamışam. Hədəflərim, məqsədlərim qarşıdadır. Əlimdən gələn hər şeyi edəcəm. Həm komandam üçün, həm öz inkişafım üçün hər şeyi qurban verəcəm. Oyunumu çox da yaxşı dəyərləndirə bilmirəm. Ümumi pis təsir bağışlamamışam, amma öz üzərimdə daha çox işləməliyəm, çatışmamazlıqlarım var. Qələbə yoxdur, amma oyun oynamışam. Bu gün məşqçi heyəti sağ olsun, mənə şans verir. Üzərimdə çox böyük əziyyətləri var, mənə inandılar.

 

- Komandamızın qarşısına hansı hədəf qoyulub?

- Hələ ki, qarşımıza hədəf qoyulmayıb, amma biz o nəticəni istəyirik.Heç kimdən geridə qalmaq, sonuncu pillədə olmaq istəmirik.  Deyiblər ki, yaxşı oynayın, sonadək mübarizə aparın. Amma biz özümüz hər oyunda qələbə istəyirik. Məşqçilər də deyir ki, xarakterinizi ortaya qoyun. Hər matçda xarakter göstəririk, sona qədər mübarizə aparırıq. Yaxşı oyun sərgiləməklə yanaşı, nəticə də istəyirik. 

 

- "Şamaxı" turnir cədvəlində hazırda sonuncu pillədədir. Mövsümün sonunda bir komanda Premyer Liqanı tərk edəcək. Komandanızın çempionatda qalmaq şansını necə dəyərləndirirsən?

- Çempionatda 7 tur geridə qalıb. Bu, heç nə demək deyil. Bizim Premyer Liqanı tərk edəcəyimizi demək doğru deyil. Hələ çempionatın böyük bir hissəsi qarşıdadır. Üzərinizdə çox çalışıb, əlimizdən gələnin daha artığını edəcəyik ki, həm Premyer Liqada qalaq, həm də qələbələrimizin davamı gəlsin. Hər şeyin yaxşı olacağına inanıram.

 

- Karyeranla bağlı şəxsi hədəflərin nədən ibarətdir?

- Hər futbolçunun arzusu, istəyi böyük klublarda və əsas milli komandada oynamaqdır. Mən də bu hədəflər üçün öz üzərimdə daha çox işləyib, əlimdən gələni edəcəm. Düzdür, böyük klublarda oynamaq gözəldir, amma mən hazırda "Şamaxı"nı düşünürəm. 

 

- Avropa çempionatının seçmə mərhələsi başlayır. Hazırlıq necə gedir, millidə ab-hava necədir?

- Artıq iki gündür Bolqarıstandayıq. Sabah ilk oyunumuza çıxacağıq. Rəqibimiz ev sahibi Bolqarıstan olacaq. Komandada ab-hava yaxşıdır, hər şey ürəyimizcə gedir. Futbolçuların bir-biri ilə münasibəti, məşqçilərin bizimlə davranışı yaxşıdır. Sabahkı matç bizim üçün çox vacibdir. Artıq bu kollektiv 4 ildir ki, bir yerdədir. Seçmə mərhələnin ilk oyununda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

- Qrupdakı rəqiblər haqda məlumatın var? Bu komandalarla mübarizə aparmaq mümkündür?

- Bolqarıstan, Lüksemburq və Türkiyə ilə eyni qrupdayıq. Üçü də yaxşı komandadır. Rəqibləri yaxşı təhlil etmişik, tanıyırıq. Güclü komandalardı, amma biz də heç kimdən geri qalmırıq. Yaxşı nəticə qazanıb, qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Qrupdan çıxmaq şansımız çox böyükdür. Futbolda "bacarmaram" deyə bir şey yoxdur. 

 

- Millinin qarşısına hansı hədəf qoyulub?

- Qarşımıza yaxşı nəticə ilə elit raunda çıxmaq məqsədi qoyulub. Çünki, bizdən çox şey gözləyirlər. Baş məşqçimiz Miloş Velebit və komanda yoldaşlarımız 4 ildir ki, bir yerdədir. Bir-birimizi yaxşı başa düşürük. 

 

- Qrupdakı şanslarınızı necə dəyərləndirirsən?

- Qrupumuz yaxşıdır. Rəqiblərimiz nə Fransa, nə İngiltərə, nə də İspaniya deyil. Qrupun ən güclüsü Türkiyədir. Biz də heç də onlardan geri qalmırıq. Heyətimizdə olan futbolçuların bəziləri öz klubun əsas komandasının üzvüdür. Bir çox oyuncumuz da I Divizionda çıxış edir. Bu qrupdan çıxmaq olar. Heç kimdən qorxmuruq, çəkinmirik. Sona kimi mübarizə aparacağıq.

 

Elçin Əlixan

 

 

 

Xəbər xətti