"Əfsuslar olsun ki, millimiz daha acınacaqlı duruma düşə bilər"

10:52 - 21 Sentyabr 2022

Azərbaycanlı futbol məşqçisi Əfqan Talıbov Sportal.az saytına açıqlama verib.

O, öncə Premyer Liqanın 7-ci turunun son oyunu olan "Zirə"- "Qarabağ" görüşü barədə danışıb. Talıbov Zirədə keçirilmiş və Ağdam klubunun 7:1 hesablı qələbəsi ilə başa çatan görüşü şərh edib:

"Zirə" son turda "Qarabağ"dan böyük zərbə aldı. Heç bir futbol mütəxəssisi, azarkeş bu cür hesab olacağını ehtimal etməzdi. Amma futboldur da, olur belə şeylər. "Qarabağ" bir daha sübut etdi ki, rotasiya üçün keyfiyyətli heyəti kifayət qədərdi. Onlarda özlərini sübut etmək istəyən futbolçular var. "Zirə" "Qarabağ"ın təzyiqinə dözə bilmədi. "Qarabağ"ın sürəti artdıqca hesab da artdı. Ağdam klubu əvvəl topu özündə saxlayırdı, indi isə müdafiə və yarımmüdafiə xəttində top çox da qalmır. Yəni, dərhal hücumlara çıxırlar, irəliləyirlər. "Qarabağ" hücumların təsiri artıb. Ona görə də rəqibin də cərimə meydançasından çıxmaq şansı azalır. Hamı əsas heyətdə oynamaq, özünü sübut etmək istəyir. Amma 1:7 hesabını heç kim gözləmirdi. “Zirə” milli ilə əlaqədar verilən fasilədə tam şəkildə analiz aparacaq, sonrakı turlara hazırlaşacaqlar. Ölkə çempionatında "Qarabağ"a qarşı oynamaq hər bir komanda üçün çətin olacaq. Çünki bu komanda boşluq görən kimi dərhal ondan istifadə edir. Hər iki komandaya uğurlar arzu edirəm".

Talıbov son günlər əsas müzakirə mövzusu olan, Qara Qarayevin milli komandaya dəvət edilməməsinə də münasibət bildirib: "Qarabağ"dan kifayət qədər futbolçu milliyə dəvət alıb. Bu, Canni De Byazi və məşqçilər korpusunun oyunları dərindən analiz etdiyini göstərir. Dəvət edilənlər bugünkü gündə yaxşı formada olduqları üçün dəvət edilib. Kimlərinsə dəvət edilməməsinin isə yəqin ki, səbəbi var. Millinin məşqçiləri hər turu izləyir. Qara Qarayevin milli komandaya dəvət edilməməsi böyük faciə deyil. Onun millidəki performansını kifayət qədər görmüşük. Ola bilər ki, hansısa səbəbdən bu dəfə ona dəvət göndərilməyib. Gələcək oyunlarda Qaranı yenə də millidə görə bilərik. Onun özünə də uğurlar arzu edirəm. Milliyə kiminsə dəvət alıb-almaması böyük problem deyil. Belə hadisələrlə çox qarşılaşmışıq. Canni De Byazinin güvəndiklərinin doğru olub-olmadığını qarşıdakı iki görüşdə görəcəyik. Nəticə hər şeyi göstərəcək. Kimləri milliyə dəvət etməyibsə də, ruh düşkünlüyü yaranmamalıdı. Yenə də dəvət olacaq".

Təcrübəli məşqçi Millətlər Liqasının qrupdakı son iki oyununu Slovakiya və Qazaxıstana qarşı keçirəcək millinin işinin asan olmayacağını deyib:

"Millini iki ağır ouyn gözləyir. Avropada çempionatların qızğın vaxtıdı, futbolçuların hamısı formasını bərpa edib. Slovakiya millisi Qazaxıstanın qrupda ilk pillədə olmasını həzm edə bilmir. Çünki qrupun favoriti də onlar idi, amma qazaxlara iki dəfə uduzdular. Slovakiya millisinin baş məşqçisi dəyişib, özlərini də sübut etmək istəyəcəklər. Bu mənada, bəxtimiz gətirmir. Çox çətin səfər oyunu olacaq.

Evdə Qazaxıstana qarşı oyuna gəldikdə, onlar Belarusu məğlub etsələr qrup lideri kimi məsələni həll edirlər. Heç bir komanda da onlara çatmayacaq. Bakıya da yaxşı əhval-ruhiyyədə gələcəklər. Belarusu məğlub edə bilməsələr, Bakıya qələbə ardınca gələcəklər, minimum heç-heçə istəyəcəklər. Bizim də futbolçular yaxşı formadadı. Əsas problemimiz odur ki, bu günə qədər baş məşqçi optimal heyəti formalaşdıra bilmədi. Ard-arda iki oyuna eyni heyətlə çıxmamışıq. Bir-birini tamamlamaq, anlaşmada çətinlik yaşayırlar. Rəhbərlik tərəfindən futbolçulara hər cür şərait yaradılıb, mənəvi və maddi dəstək də həmçinin".

Əfqan Talıbovun fikrincə millimizin qrupu sonuncu pillədə başa vurmaq təhlükəsi də var: "Əfsuslar olsun ki, millimiz daha acınacaqlı duruma düşə bilər. Belarus Qazaxıstana qalib gəlsə, bizim üçün yaxşı deyil. Onlar turnir cədvəlində bizi keçərlər. Qazaxıstan da son turda özünü sübut üçün Bakıya gələcək. Onların qələbələrinə kölgə salmaq istəmirəm, amma Slovakiya ilə indi oynasalar, heç bir matçda qalib gələ bilməzlər. Sadəcə bir an idi, ondan istifadə edib qalib gəlmişdilər. İstənilən halda, milli komandamıza uğurlar arzu edirəm. Ümidvaram ki, iki görüşdə də uğurlu nəticə qazanarıq".


Mirbağırağa

Xəbər xətti