Azərbaycan milli komandasının veteran müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.
O, yığmamızın Millətlər Liqasındakı oynayacağı son iki görüş barədə danışıb. Bununla yanaşı milliyə dəvət olunanların siyahısına şərh verib.
- Azərbaycan millisinə dəvət olunanların siyahısı ilə yəqin ki, tanışsan. Səncə, kənarda qalan futbolçu oldu? Qara Qarayevin dəvət edilməməsi normaldı?
- Milliyə ən yaxşı futbolçular dəvət edilib. Təbii ki, kənarda qalan Qara Qarayevdi. Digər dəvət olunanlar isə elə ən güclülərdi. Ən çox müzakirə edilən isə Qara Qarayevin dəvət edilməməsi budu. Mən də düşünürəm ki, Qara millidə yer almalıydı. Nəyə görə dəvət edilməməsinə isə ancaq Canni De Byazi cavab verə bilər. O, elə futbolçudur ki, daim millidə olmalıdı. Qaranın təcrübəsi də var, komandaya mənəvi təsiri də. Maksim Medvedevdən sonra ikinci kapitandı. Canni De Byazinin oyun taktikasına uyğun gəlməsə də, oynamasa da, Qara millidə yer almalıdı. Ona görə ki, futbol tək meydanda oynanılmır. Paltardəyişmə otağında da oynanılır. Qarayev mütləq milliyə cəlb edilməliydi. Komandaya böyük təsir gücü var. Özü də vacib oyunlar idi. Onu nəyə görə milliyə çağırmaması haqda isə, yalnız De Byazi özü cavab verə bilər.
- İddia edilir ki, Qara Qarayev az oynadığına görə Canni De Byaziyə etiraz edib və bu dəfə italiyalı mütəxəssis belə qərar verib...
- Hər bir futbolçunun ixtiyarı var ki, məşqçidən nəyə görə az oynadığını soruşub, maraqlansın. Səbəbini bilməlidi axı. Hər bir oyunçu oynamaq istəyir. Oynamamasının səbəbini də bilməlidir ki, mənfi cəhətləri üzərində işləsin, onları düzəltsin. Qara De Byaziyə belə sual veribsə, bu, normaldı. Amma başqa məsələ varsa, etirazdırsa, bu barədə bir söz deyə bilmərəm. Çünki kənardayıq, komandanın içində deyilik. Hər şeyi yaxşı bilmək üçün komandanın daxilində olmalıyıq. Yox, əgər nəyə görə az oynadığını soruşduğuna görə belə qərar verilibsə, onu millidən kənarlaşdırmaq düzgün deyil.
- Hazırda millidə yer alan futbolçulardan ən yaxşı formada olan "Qarabağ"ın üzvləri və Renat Dadaşovdu. Razısan?
- Təbii ki, ən yaxşı formada olanlar "Qarabağ"ın futbolçularıdı. Çünki onlar avrokuboklarda çıxış edir, bütün futbolçular daim oyun praktikası qazanır. "Qarabağ"ın Avropa Liqasında oynaması futbolçular faydalıdı. Təcrübə qazanırlar. Avropa səviyyəsində futbol oynayırlar, futbol görürlər. Bu, futbolçuların özü və milli üçün də yaxşıdı. Ona görə də düşünürəm ki, elə ən yaxşı formada olanlar "Qarabağ" üzvləridi. "Neftçi"nin də oyunçuları yaxşı formadadı. Onlar çempionatın liderlərdəndi. Hər matçda optimal performans göstərirlər. "Sabah"ın futbolçuları isə gözüm qabağındadı, oyunlarını, məşq prosseslərini görürəm. Taktiki, fiziki, texniki baxımdan yaxşı durumdadılar, heç kimdən geri qalmırlar. Onlar milliyə xeyir verə bilər, çox şey gözləyirəm. "Qarabağ", "Neftçi" və "Sabah"ın futbolçuları optimal formadadılar.
- Bəs Renat Dadaşov?
- Renat haqda heç nə deyə bilmərəm. Ancaq mətbuatdan oxuyuruq ki, ayın futbolçusu olub, orada yaxşı performans göstərib, ən yaxşılar arasındadı. Ümid edirik ki, bunlar hamısı doğrudu və yaxşı formada olduğunu millidə göstərəcək, millimizə fayda verəcək.
- Legioner həyatı yaşayan digər futbolçumuz Mahir Emreli isə "Dinamo"da çox da oynamır. Bu, onun millidəki çıxışına necə təsir edəcək?
- Çox üzücü haldı ki, Mahir meydana az-az çıxır. Son vaxtlarda skamyada oturur. Bu, həm Mahir, həm də milli üçün problemdi. Ən çox narahat olan da elə onun özüdü. Çünki futbolçudu, daim oynamaq istəyir, Azərbaycanı xaricdə təmsil edir. Mahir millimizə xeyir vermək istəyir. Hücumçudu, bilir ki, Azərbaycan xalqının diqqəti onadı və özü də bunu yaxşı dərk edir. "Dinamo"da oynamaması barədə bir söz deyə bilmərik. Çünki orada deyilik. Canni De Byazi özü qərar verəcək, ona şans tanısın ya, yox. Mahir Azərnaycanın ən yaxşı futbolçularından biridi. Hamımız istəyirik ki, daim heyətdə oynasın. Heç olmasa 50 faiz matçlarda meydanda olsun ki, özü inkişafda olsun, milliyə də xeyir versin, layiqincə Azərbaycanı Avropada təmsil etsin. İnanıram ki, hər şey düzələcək və "Dinamo"da da əsas heyət üzvünə çevriləcək. Çünki onun potensialı var. Mahir ora elə-belə getməyib.
- Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla görüşlərdə hansı nəticəni göstərəcəyini ehtimal edirsən?
- Slovakiyaya qarşı səfərdəki oyun çox çətin olacaq. Çünki onlar çox güclü rəqibdi. Hər halda futboldu, ümid etmək olar. İnanıram ki, səfərdə yaxşı nəticə qazanacaqlar. Ən azında bir xalla qayıtsınlar vətənə. Bu, komanda üçün yaxşıdı. Bakıda yaxşı komanda olduqlarını göstərmişdilər. Doğma azarkeşləri qarşısında daha da yaxşı oynayacaqlar. Qazaxlarla oynamaq mümkündü. Onlarla dəfələrlə qarşılaşmışıq, qalib də gəlmişik. Düzdü, uduzduğumuz oyunlar da olub. Dişimizə görə rəqibdilər. Qazaxıstanla matçda millimiz mütləq üç xal qazanmalıdı. Çünki biz onlardan zəif deyilik, üstünük. Qələbədən başqa nəticə qəbuledilməzdi. Qazaxıstanı məğlub etməsək, daha kimi udacağıq ki? Uşaqlar bunu dərk edir, başa düşür. Millimizə uğurlar. Nəticədən asılı olmayaraq, həmişə millimizə dəstək olmalıyıq.
Mirbağırağa