Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son oyununda sabah Qazaxıstanı qəbul edəcək.
Sportal.az xəbər verir ki, matçdan öncə baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:
- İki gün öncə milli indiyə qədərki ən yüksək reytinqli rəqibini məğlub etdi. Tez-tez zaman lazım olduğunu deyirsiniz. Nə üçün lazımdı zaman, final mərhələsini görməyimiz, yoxsa daha güclü rəqibləri keçmək üçün?
- Evi tikəndə bünövrəni qurmaq lazımdı. Bu, bir gün içərisində baş verə bilməz. Əsasən də böyük ev tikmək istəyirsənsə, çox vaxt aparır. İlk dörd oyunda yaxşı oynadıq. Slovakiyaya uduzduğumuz matçda müdafiədə diqqətsizlik etmişdik. Daha diqqətli olsaydıq, uduzmazdıq. Həmin görüşdə Renat Dadaşovun penalti epizodu var idi, təyin edilsəydi, başqa cür olardı. Qazaxıstanla ilk oyunda 15 zərbə biz vurduq, 6-nı onlar. İkisi qolla nəticələndi. Qazaxıstan millisi çox güclü, vuruşqandır. Belarusu evdə məğlub etdik. Serbiyadakı matçı da uda bilərdik. Təəssüüf ki, epizodlardan istifadə edə bilmədik. Həm o oyun, həm də Qazaxıstan görüşünə görə təəssüf hissi keçiririk. Sabah qələbə qazansaq, maksimum ikinci yeri tutacağıq, 10 xal yığacağıq, ardıcıl üçüncü qələbəmiz ola bilər. Keyfiyyətli komandaya sahibik. Bəzən özümüzü itiririk, oyunu daha yaxşı idarə etməliyik. Ümumilikdə, komandamdan razıyam, düzgün yoldayıq.
- Slovakiya ilə matçın ikinci yarısında top saxlaya bilmirdiniz. Qara Qarayev və Rəhim Sadıqovun dəvət olunmaması burada öz təsirini göstərdi? İkinci hissədə qorxaq futbol oynadınız...
- Komandada olanlarla nə edə biləcəyimizi düşünməliyik. Hazırda millidə yer alanların hamısından razıyam. Keçmişə baxsaq, həmin oyunçularla çox oyunlar uduzduğumuzun da şahidi olarıq. İlk gündən deyirəm, millinin qapısı hamı üçün açıqdı. Amma həmin qapı bağlana da bilər. Millidəsənsə, özünü düzgün aparmalısan. Bu, mənim üçün önəmlidi.
- Elvin Camalov klubda özünü yaxşı göstərir, millidə isə belə deyil. Sanki özünü itirir. Onu niyə milliyə dəvət edirsiz?
- Çox vuruşqan futbolçudu, meydanda maksimum gücünü qoyur. Vacib futbolçudu. Oynadı və ya oynamadı, həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı yaxşı görünürdü. Ondan razıyam. "Sabah"ın da liderlərindəndi.
- Mətbuatda gəzən söz-söhbətlərə görə milli oyunçularına 30-35 min manatlıq mükafat veriləcək. Bu, bir oyun üçün hesablanıb? Sizcə, həmin mükafat futbolçulara mənfi, yoxsa müsbət təsir edəcək?
- Bu barədə açıq danışmıram. Kim sizə o xəbəri deyib, onunla danışa bilərsiz.
- Azərbaycan millisində qalmaq istəyirsiz? Qalsanız, millidə hansı iddialarınız olacaq?
- Müqaviləm sentyabrın 30-da bitir. Oktyabrın 1-də nə etmək istədiyimi deyəcəm sizə.
- Demişdiz ki, milliyə çağırılmamağının səbəbini Qara Qarayevdən soruşun. Həmin məsələyə aydınlıq gətirə bilərsiz?
- Komandanın içində baş verənlər orada da qalır. Bu barədə danışmağı sevmirəm. Özü məndən soruşsa, deyərəm. Amma Qara bunu etməyib. Özü bunu sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri demərəm. Düzgün hesab etmirəm. Belə şeylər etsək, böyük komanda qura bilmərik. Boş-boş danışıqlardı. Hər dəfə güzgüyə baxıram, fikiləşirəm, nəyi düz etdim, nəyi səhv.
- Bu komanda sizin şəxsi komandanız deyil, ölkənindir. Yəni, sizdən bunu eşitmək istəyərdik...
- İki dəfə sizə dedim. Amma başa düşmürsüz.
- Milli heç vaxt ardıcıl üç qələbə qazanmayıb. Sabah bunu edə bilərsiniz. Bu, sizə nə dərəcədə stimul verir?
- Qazaxıstana qarşı çox ağır oyun olacaq. Turnirin əvvəlində heç kim gözləmirdi ki, Qazaxıstan birnici yeri tutar. Amma onların oyununu çox bəyənirəm. Birinci yerə layiqdilər. İki dəfə Slovakiyanı məğlub etdilər. Slovakiya ilə oyunumuzu unutmalıyıq. Çünki sabah bizi çətin görüş gözləyir.
Mirbağırağa
saytlarin hazirlanmasi