Samir Abasov: "İndiyə qədər belə həyəcanlı olmamışdım"

16:52 - 26 Sentyabr 2022

"Sumqayıt"ın baş məşqçisi Samir Abbasov jurnalistlərə müsahibə verib.

Sportal.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Təyinatla bağlı fikirləriniz necədi?
Doğma şəhərimə qayıtmağım çox xoş oldu. qayıtmaq deyəndə, əslində elə bu şəhərdə yaşayıram. Amma futbol sarıdan nəzərdə tuturam. Tanıdığım yerə qayıtmışam. Amma həyəcanlıyam. İndiyə qədər belə həyəcanlı olmamışdım. Bəlkə öz şəhərimizin komandası olduğuna görə məsuliyyət daha da çoxdu. Onu da deyim ki, ümidliyəm. Hamı üçün xeyirlisi olsun.

- Jurnalistlərlə görüş üçün darıxmamışdınız?
- Sizin üçün çox darıxmışdım.

- Aleksey Baqanın istefaya göndərilməsindən sonra dərhal sizinlə müqavilə imzalanacağı ehtimal edilirdi. Danışıqlar niyə bu qədər uzandı?
- Bu, normaldı. Dərhal düzələn şeylərin də axırı yaxşı olmur. Klub baş məşqçini, məşqçi klubu razı salmalıdı. Söhbətlər getməlidi, detallara aydınlıq gəlməlidi. Hamısı normaldı, əsas odur ki, klub və mənim üçün xeyirli olsun.

- Komandadakı əsas çatışmazlığı nədə görürsüz?
- Bəli, komandanın oyununa baxmışam. Amma bu vaxta qədər olan çatışmazlıqlar mənə aid deyil. Bundan sonra nə olacaqsa, ona cavabdehəm. Komanda zəif çıxış edirsə, uduzursa, çox və müxtəlif səbəblər ola bilər. Kimdəsə ruh düşkünlüyü ola bilər, legionerlər var və onların adaptasiyaya ehtiyacı yaranır. Məsələnin içində deyildim və uğursuzluğun haradan qaynaqlandığını bilmədiyimə görə, nəsə demək çətindi.

- Bəs oyun planında?
- Bütün oyunlara azarkeş kimi baxmışam. "Sumqayıt"da gedib baş məşqçi işləyəcəm fikri ilə baxmamışam oyunlara.

- Kənardan baxanda legionerlərin səviyyəsi necə, sizi qane edirdi?
- Oyunlara azarkeş kimi baxırdım və ona görə deyə bilərəm ki, yaxşı potensiala malik legionerlərdi. Amma əsas odur ki, onlara məşq keçəsən, onlar sən deyəni anlamasıdı. Pis futbolçu yoxdu. Sadəcə olaraq, uyğun və ya uyğun olmayan oyunçu var.

- Qarşıya hansı hədəflər qoyulub? 
- Hədəfimiz "Sumqayıt"ı qaytarmaq, azarkeşləri tribunalara yığmaqdı. Bilirik ki, bizim üçün bu mövsüm çox çətin olacaq. Çətinlikdən çəkinmirik, qorxmuruq. Bura gələn komandaların hara gəldiklərini bilmələrini istəyirik. Buna görə də əlimizdən gələni edəcəyik.

- Əvvəllər "Sumqayıt"da işləyəndə legioner olmadığına görə tez-tez şikayətlənirdiniz. İndi isə komandada legionerlər var. Komanda hazırki legionerlərlə nəyə nail ola bilər?
- Legionerləri tanımaq üçün artıq burdayam. Bundan sonra nəyə nail ola biləcəyimizi görəcəyik.

- Komandaya çempion kimi qayıtmısınız. Bu, təzyiq yaradır?
- Çox yaradır, məsuliyyət artır. Bilirəm ki, azarkeşlər məndən çox şey gözləyirlər. Yaxınlarımız, doğmalarımız da həmçinin. Şəhərdəkilər də istəyirdi ki, bura gəlim. Bilirəm ki, istədikləri adamam. Bu, məni həyəcanlandırır. Hər oyuna çıxanda, digər yük də onları fikirləşmək olacaq.

- Sanki təsəvvür var ki, Aleksey Baqanın vaxtında komandada "dəmir yumruq" çatışmırdı. Demək olar ki, "dəmir yumruq" yerindədi?
- Olacaq (gülür).

- Məşqçilər korpusunda dəyişiklər olacaq? Vəfadar Quliyev, Seymur Rəhimov, Mübariz Orucov sizinlə olsa da, Etibar Tarverdiyev yoxdu. Bunu siz istədiz?
- Etibar müəllimlə bu haqda danışmışıq. Onunla mənim aramda və klubla mənim aramda olan detallardı. Bunu müzakirə mövzusu kimi çıxarmaq istəmirəm. Sabah, bir ay, üç aydan sonra Etibarla birlikdə işləsəm də, təəccüblənməyin. Çünki bu, işin gedişatıdı.

- "Neftçi"dən ayrıldıqdan sonra sizə təkliflər var idi?
- Mənə konkret olaraq, "gəl bu komandada baş məşqçi işlə" təklifi olmamışdı. Bunu dəfələrlə demişdim. Sadəcə agentimlə sıx əlaqədə olduğuma görə, mənə hansı kluba xidmətimizi təklif etdiyini deyirdi. Ancaq konkret təklif yox idi.

- Bayaq dediniz ki, oyunlara azarkeş kimi baxırdınız. Sizcə, "Sumqayıt" turnir cədvəlinin hansı pilləsində olmalıydı? 
- Azarkeş kimi desək, məncə, komanda ilk "altılıq"da olmalıydı.

- Ola bilər ki, "Sumqayıt" əsas diqqətini kuboka yönəltsin?
- Çıxdığımız hər bir oyundan qalib ayrılmaq niyyətindəyik. Fərqi yoxdu, bu çempionat oyunudu, yoxsa kubok.

- "Neftçi"də sizin rəhbərliyiniz altında oynamış elə futbolçu var ki, onu "Sumqayıt"da da görmək istəyərdiniz?
- Çox çətin məsələdi. "Neftçi"ni tərk edən futbolçular legionerlərdi. Yerlilərdən adlarını xatırlaya bilmirəm. Ancaq onlarınn da hərəsinin komandası var. Ona görə bu haqda düşünməmişəm. Lakin "Neftçi"də elə oyunçular var ki, bizim komandaya məmmuniyyətlə götürərik (gülür).

- Bundan əvvəl büdcəsi yüksək olan "Neftçi"də çalışmısınız. Çoxu gördükdən sonra azla qane olacaqsınız?
- Əsas odur ki, hara gəldiyimi bilirəm. Bunu sizdən də yaxşı bilirəm. Hər şeyi də araşdırmışıq, bilirik. Bu məsuliyyətin altına girmişiksə, demək, özümüz də nəyəsə ümid edirik. "Neftçi" kimi yerlərdə işləmək həmişə alınmaya da bilər. Misal gətirim, "Neftçi" çox axtarışa çıxdı, Viktor Qonçarenkonu gətirmək istəyirdi. Amma o, "Ural"ı seçdi və hazırda bu komanda sonuncu pillədədi. Bunlar normaldı. Mən hara gəldiyimi bilirəm və ümidim böyükdü.

- Komandanın hansı mövqelərdə güclənməsinə ehtiyacı var? Qışda transferlərlə bağlı rəhbərlikdən hər hansı tələbiniz, istəyiniz olub?
- Hələ ki, transfer haqda heç nə danışmamışıq. Əsas bu oyunçuları yaxından tanımağımdı. "Sumqayıt"da skautinq şöbəsində işləyənlər var. Onlar daim axtarışdadılar. Əllərində də bir neçə oyunçu adı var. Hansı mövqelər güclənməlidi, onu gedişatdan görəcəyik.

- Həmkarınıza hörmət əlaqəməti olaraq, komandanın boşluğu və əvvəlki nöqsanları barədə fikir bildirmirsiz. Bəs, özünüz üçün hansı məsələlər üzərində daha çox işləməli olduğunuzu dəqiqləşdirmisiz ki, komanda fiaskodan çıxsın?
- İnanın, burada siz də baş məşqçi olsanız, ilk növbədə əhval-ruhiyyə üzərində işləyərsiz. Çünki bunu yüksəltməyə ehtiyac var. Aleksey Baqa da qalsaydı, fikri-zikri əhval-ruhiyyəni yüksəltmək olacaqdı. Bu yöndə işimiz çoxdu. Ondan sonra digər məsələlərə baxacağıq.


Mirbağırağa

Xəbər xətti