"Premyer Liqada oynamağa layiq olduğumuzu göstərmişik" - MÜSAHİBƏ

12:13 - 30 Sentyabr 2022

"Turan Tovuz"un legioneri Natan Oduva Sportal.az saytına müsahibə verib. İngiltərəli futbolçu komandasının Premyer Liqadakı çıxışından danışıb. Bununla yanaşı o, Azərbaycan millisi barədə də fikirlərini bildirib.

- Milli komandaların oyunlarına görə çempionatda fasilə yaranmışdı. Daha yaxşı olmaq üçün xüsusi nə etdiniz?
- Biz çox məşq etdik. Çünki dediyiniz kimi, beynəxalq matçlara görə çempionata fasilə verilmişdi. Bundan yaxşı istifadə etməyə çalışdıq. Xüsusi bir şey etmədik. Sadəcə məşqlərimizi yerinə yetirdik.

- Yeri gəlmişkən, Azərbaycan millisinin oyunlarını izlədiniz? Slovakiya və Qazaxıstana qalib gələn komanda haqda fikrin necədi?
- Bəli, həm Slovakiya, həm də Qazaxıstana qarşı keçirilən oyunları izlədim. Məncə, Azərbaycan hər iki görüşü yaxşı səviyyədə keçirdi. Həm Slovakiya, həm də Qazaxıstanla matçlarda Azərbaycan layiqli qələbəsini qazandı. Onları təbrik edirəm.

- Ümumiyyətlə, Azərbaycan millisi haqda fikriniz necə idi və həmin oyunlardan sonra təəssüratınız necə oldu?
- Düzünü desəm, Azərbaycan millisi haqda fikir bildirmək üçün o qədər də çox məlumata sahib deyiləm. Sadəcə olaraq, son iki oyunlarına baxdım və yaxşı oynadıqlarını düşünürəm.

- Formasını geyindiyin “Turan Tovuz” hazırda turnir cədvəlinin 5-ci pilləsindədi. “Qəbələ”dən iki xal geri qalırsınız. Qərarlaşdığınız mövqe istədiyiniz yerdi?
- Düzünü desəm, turnir cədvəlində hansı pillədə olduğumuza diqqət yetirmirik. Biz yalnız hər qarşıdakı oyunu düşünürük. Mövsüm sonunda isə hansı pillədə olduğumuza baxacağıq.

- “Turan Tovuz” bu həftə “Zirə” ilə qarşılaşacaq. Bu görüş barədə fikirlərin necə idi? “Zirə”ni məğlub edə bilərsiniz?
- “Zirə” yaxşı komandadı. Onlar bizim işimizi çətinləşdirəcək. Amma bir şey də var ki, meydana çıxanda hamının şansları bərabərdi.

- “Zirə” barədə fikriniz necədi? Onlarla eyni xala sahibsiniz. Qalib gəlsələr, turnir cədvəlində sizi keçəcək. Bu mənada, görüş ikiqat məsuliyyətlidi?
- Əvvəldə dediyim kimi, “Zirə” yaxşı komandadır. Biz onlara hörmətlə yanaşırıq. Hər halda, biz Premyer Liqada oynamağa layiq olduğumuzu, xallar qazana biləcəyimizi göstərmişik.

- Tovuzda yaşamağa öyrəşmisiniz? 
- Heçbir şikayətim yoxdur. Bura uyğunlaşmışam və hər şey daha yaxşı olacaq. 

Mirbağırağa

Xəbər xətti