Mahmud Qurbanov: "Qırmızı vərəqə planlarımızı pozdu"

22:10 - 30 Sentyabr 2022

"Səbail" Azərbaycan Premyer Liqasının 8-ci turunun oyununda doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.


Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyuna yaxşı başlamışdıq. Epizodlarda rəqibdən üstün idik. Qələbə qazanmaq istəyirdik. Çünki, qələbəyə ehtiyacımız var idi. Birinci hissənin sonunda azlıqda qalmağımız bizi çətin vəziyyətə saldı. İkinci hissədə azlıqda olmağımıza baxmayaraq, komanda istəkli idi. Heç də oyundan qopmadıq. Meydanda bir nəfər az olmağımız hiss olunmadı. Hesabı bərabərləşdirə bildik. İkinci qolu da vura bilərdik. Əfsuslar olsun ki, fərdi olaraq qərarlarımız düzgün deyildi. Matçın sonunda qol buraxmaq əlbəttə ki, üzücüdür. Yaxşı mübarizə apardıq. Amma rəqib daha təcrübəli idi. Əllərinə düşən imkanlardan istifadə etdilər. Son dəqiqələrdə meydanın mərkəzində  top itirmək haqqımız yox idi. Həmin hücum da qapımızda qolla nəticələndi. Amma komanda şəklində oyunçulardan razıyıq. Məğlub olmağı istəməzdik. Heç-heçə ən yaxşı nəticə olardı. Təəssüf ki, olmadı. 


- Bir neçə futbolçunu əvəzedici heyətə göndərmisiz. Bunun səbəbi nədir?

- Kardoza, Ədilxan və Kizitonu B komandaya göndərdik. Orada oynadılar. Bu gün də heyətdə yox idilər. Futbolçular özlərindən əvvəl komandanın nəticələrini düşünməlidirlər. Bizim üçün yerli və ya legionerin fərqi yoxdur. Komandaya xeyir vermək lazımdır. Əgər xeyirləri dəymirsə, əvəzedici komandada oynayacaqlar. 


- Qırmızı vərəqədən sonra Cabir Əmirli müdafiənin mərkəzində oynadı və pis təsir bağışlamadı. Gələcək oyunlarda ona bu mövqedə şans verməyi düşünürsüz?

- Müdafiənin mərkəzində boşluqlar var. Bəli, Cabir yaxşı oynadı. Heç də Qustavo və Kardozodan pis deyildi. Nihad Qurbanlının da əsas heyətdə ilk rəsmi oyunu idi. Onun da yaxşı çıxış elədiyini düşünürəm. İnamlı, cəsarətli idi. İlk oyunu olmasına baxmayaraq, qorxmadı. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edək. Müdafiənin mərkəzində kimin oynayacağına baxacağıq. Amma Qustavo dəqiq oynamayacaq. Çünki, qırmızı vərəqə aldı. 


- Bir mərkəz müdafiəçisi əvəzedici heyətə göndərilib, digəri isə qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoydu. Bunu necə şərh edərdiniz?

- Bunun şərhi yoxdur. Bilərəkdən elədiyini deməzdim. Hər ikisi təcrübəlidir, gənc deyillər. Biri Argentina Premyer Liqasında, biri isə Portuqaliya I Divizionunda oynayıb. Onlar öz təcrübələri ilə müdafiənin mərkəzini toxunulmaz saxlamalıdırlar. Əfsuslar olsun ki, bunu görmürük. Görünür hardasa çatışmazlıqları var. Çalışacağıq ki, növbəti oyunlarda daha qəti qərarlar verək. Gələn oyunlarda müdafiənin mərkəzində dəyişikliklər ola bilər. 


- Bəzi əsas heyət oyunçuları ehtiyatda idi. Bunun səbəbi nədir?

- Bizdə əsas heyət, ehtiyat heyət yoxdur. Bu gün meydanda olan futbolçuların yaxşı olduğunu düşündüm. Franko Mazurekin 3-4 gün əvvəl qızdırması var idi. Bir məşqdə iştirak etmədi. İkinci hissədə meydana buraxmaq istəyirdik. Amma qırmızı vərəqə planlarımızı pozdu. 


- Mirabdulla Abbasovun faydalı iş əmsalı sizin fikrinizcə nə qədərdir?

- Mirabdullanın bir ildir ki, oyun praktikası yoxdur. Şans vermək istəyirik. Yerli futbolçudur. Futbolçunu itirmək asandır. İstəyirik ki, özünü sübut etsin ki, onu unutmaq hələ tezdir. İş əmsalına gəldikdə futbolçuların qərarları düzgün deyil. Mirabdullanın düzgün qərar verməməsi qapımıza ikinci qolla nəticələndi. 


- Komanda qol vəziyyətləri yaratmaqda da çətinlik çəkir. Bunun səbəbi nədir?

- Hücumda zəiflik olduğunu deməzdim. Hər oyunda qol epizodlarımız olur. Sadəcə istifadə edə bilmirik. Qol vəziyyəti yarada bilirik, amma sonuncu ötürmədə qərarlar düzgün olmadığından yararlana bilmirik. Hücum xəttimiz pis deyil.

 

Elçin Əlixan

Xəbər xətti