"Sumqayıt" Azərbaycan Premyer Liqasının 8-ci turunun oyununda doğma meydanda "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyunum idi. Milli fasilə olmağına baxmayaraq, həmin 10 günü komanda ilə birlikdə olmaq nəsib olmadı. Həftənin 1-ci günündən işə başladıq. 4-5 gün sonra da oyuna çıxdıq. 7 oyundur qalib gələ bilmədiyimizə görə əhval-ruhiyyəmiz bir az yaxşı deyildi. Ümumi oyunu götürəndə bəzən üstünlük bizə keçirdi, bəzən rəqibə. İşimiz hələ qarşıdadır. Bu oyundan görünən odur ki, həddən çox işimiz var. Bunun da öhdəsindən gəlməyə çalışacağıq. Qollar vurmaq, qələbələr qazanmaq istəyirik. Bu, dərhal alınmayacaq. Bizdən gözləntilər böyükdür. Yazıları, şərhləri oxuyuram. Amma birdən-birə düzələsi iş deyil. Bunun üçün vaxt lazımdır. Futbolçulara əzmkarlığa, sona qədər vuruşduqlarına görə "çox sağol" dedim.
- Komandanın problemli mövqeləri hansılardır? Bunun üçün nələr etməyi düşünürsüz?
- Bütün komandalar güclənmək istəyər. Mətbuat konfransına problemləri deyərək başlamadım. Hücumçularımızın ikisi zədəlidir. Bu gün sırf komandanın oyununu düzəltməliyik. Düzəltmək üçün oyunçular lazımdır. Bu barədə rəhbərliklə mütəmadi danışırıq. Problemləri özləri də bilirlər. Yavaş-yavaş hamısını aradan qaldıracağıq.
- Belə bir xəbər var ki, klubla imzaladığınız müqaviləyə əsasən mətbuatda rəhbərlik haqda tənqidi fikirlər səsləndirə bilməzsiz...
- Xeyr, belə bir şey yoxdur. Amma mən yenə də ehtiyatlı danışıram. (gülür)
Elçin Əlixan.