Tərlan Əhmədov: "Bu gün 1 xal qazanmadıq, 2 xal itirdik"

20:57 - 2 Oktyabr 2022

"Kəpəz" Azərbaycan Premyer Liqasının 8-ci turunun oyununda səfərdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu gün komandaların ifasında maraqlı oyun gördük. Samir Abasova yeni işində uğurlar arzulayıram. Futbolçulardan yaxşı oyun gözləyirdim. Çətin olacağını bilirdim. İki autsayder görüşürdü. Təzyiqə baxmayaraq, çox əla oyun nümayiş etdirdik. Kollektiv ümid verdi ki, gələcəyə daha əmin addımlarla gedib nəticə əldə etmək olar. Qol epizodlarımız oldu. Qalib gələ bilərdik. Görünən odur ki, komandanın özündə təzyiq çoxdur. Futbolçuların özlərinə və yoldaşlarına o qədər də inamları yoxdur. Yavaş-yavaş bunlar hamısı düzələcək. 6 məğlubiyyətdən sonra toparlanmaq çox çətindir. Oyuna diqtə edən tərəf biz idik. Epizodlar yarandı. Amma hələ ki, soyuqqanlılıq yoxdur. Futbolçularımla fəxr edirəm. Komanda qısa müddətdə bu səviyyəyə gəlib çatıbsa, gələcəkdə daha yaxşısı gözlənilir. 


- Giorgi Kantariya görünür ki, artıq çəkidən əziyyət çəkir. Normal çəkidə olan bir futbolçu penaltini yerinə yetirə bilməzdi?

- Kantariyanın artıq çəkisi yoxdur. Biz çəkiyə nəzarət edirik. Bizdə ən yaxşı çəki Kantariya və Nicat Süleymanovdadır. Ümumilikdə isə penaltini çəkiyə görə təyin etmirik. Futbolçunun ustalıq səviyyəsi və texnikasına görə təyin edirik. Kantariyanın soyuqqanlılığı var. Məşqlərdə penaltilərin üzərində çalışanda Kantariya ən yaxşılardandır. Ona baxaraq qərar veririk. Giorgi bu gün oyunun ən yaxşılarından biri idi. Əsas penalti vuran Əfran İsmayılovdur. Təəssüf ki, Əfran isinmə hərəkətləri zamanı zədələndi. Buna görə məcburiyyətdən dəyişikliklər etdik. Futboldur, belə şeylər olur. Bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. 


- Mixeil Ergemelidzeni oyunun sonlarında meydana buraxdız. Sanki, bir az həvəssiz idi...

- Kənardan necə göründüyünü deyə bilmərəm. Meydana incik girirsə, bu, onun öz işidir. Meydana girməsə, bu, başqa məsələdir. Futbolçunun meydançaya necə girdiyini müşahidə etmirik. Onun necə oyun nümayiş etdirdiyi bizi daha çox maraqlandırır.

 

Elçin Əlixan

Xəbər xətti