"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib. Ötən mövsümün əvvəlində zədələnərək uzun müddətə sıradan çıxan müdafiəçi millinin də düşərgəsindən uzaq düşmüşdü. Bədəlov saytımıza müsahibəsində yavaş-yavaş özünə gəldiyini və yenidən Azərbaycan millisinə dəvət olunmaq istəyində olduğunu söyləyib.
- "Sumqayıt" dünən "Kəpəz"lə bərabərə qaldı. Matç sizin üçün necə alındı?
- Çempionatda asan oyun yoxdu. Dünənki matç da buna sübut idi. "Kəpəz" yaxşı komandadı və hiss olunur ki, get-gedə düzəlirlər, "artırırlar". Bizə gəldikdə, meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, bunu etmək alınmadı. Daha çox çalışmalıyıq ki, gələn matçlarda qələbə qazanaq.
- Nəzərə alsaq ki, rəqib penaltidən istifadə edə bilmədi, nəticəni sizin üçün uğurlu hesab etmək olar?
- Düzdü, rəqib penaltidən istifadə edə bilmədi. Amma birinci hissəddə bizim üstünlüyümüz var idi, epizodlar da yaratmışdıq. Məncə, oyunun ədalətli nəticəsi elə heç-heçə idi.
- Aleksey Baqanın gedişindən sonra baş məşqçi postu Samir Abasova həvalə olunub. Komandada yaxşıya doğru gedən nəsə var?
- Əlbəttə ki, yeni baş məşqçinin gəlişi yeni nəfəs gətirir. Çalışırıq ki, hazırki vəziyyətdən çıxaq və turnir cədvəlində yuxarı pillələrə qalxaq. Amma əlbəttə ki, bunun üçün bizə vaxt lazımdı. Hələ ki, baş məşqçimiz yeni gəlib, oyunçularda da uyğunlaşma prosesi gedir. İnanıram ki, hər şey daha yaxşı olacaq.
- "Sumqayıt" hazırda turnir cədvəlinin doqquzuncu pilləsindədi. Bu, sizi razı salır?
- Dediyim kimi, turnir cədvəlindəki mövqeyimiz bizi narahat edir. Biz özümüz də bunu dərk edirik. Hər gün çalışırıq ki, vəziyyəti düzəldək. Allah qoysa, buna nail olacağıq.
- Qarşıdakı turda rəqibiniz "Səbail"di. Onları məğlub edə biləcəksiz?
- Bizi çətin səfər oyunu gözləyir. Çünki rəqibimizə də qələbə lazımdı. Bizim də qələbəyə ehtiyacımız olduğuna görə, yaxşı hazırlaşmalıyıq. Əlimizdən gələni etməliyik ki, üç xal qazanaq.
- Sumqayıtda yeni stadion inşa edilir, yaxın vaxtlarda tam hazır olacağı bildirilir. Necə düşünürsən, oyunlarınızı həmin stadionda keçirdiyiniz vaxtlarda tribunaları doldura biləcəksiz?
- Bəli, şəhərdə çox gözəl stadion tikilir. Biz də həmin stadionda rəsmi oyunumuzu keçirəcəyimiz günü səbirsizliklə gözləyirik. Sumqayıtda futbola həmişə böyük maraq olub. İndi də belədi. İnanıram ki, "Sumqayıt"ın fanatları, şəhərin digər futbolsevərləri hər oyun tribunaları dolduracaq.
- Uzun müddətdir ki, Azərbaycan millisinə dəvət edilmirsən. Bunu nə ilə əlaqələndirirsən? Səncə, qarşıdakı toplanışlar üçün sənə də dəvət gələcək?
- Hər şeydən əvvəl, son oyunlardakı qələbə münasibəti ilə milli komandamızı təbrik edirəm. Mənə gəldikdə, ağır zədədən qayıtmışam, artıq bir il keçdi həmin vaxtdan. Həmin zədədən sonra yavaş-yavaş özümə gəlirəm. Əvvəlki formamı bərpa etməyə çalışıram. Get-gedə daha yaxşı durumda olacam. Bütün bunlara görə, deyə bilərəm ki, milli komandaya dəvət almamağım normaldı. Daha çox çalışmaq lazımdı ki, gələcək toplanışlarda millidən dəvət gəlsin.
Mirbağırağa