Bu mövsüm yüksəlişə keçən yerli futbolçulardan biri də "Sabah"ın qolkiperi Yusif İmanovdu.
Gənc qolkiper həm yüksək yerlər uğrunda mübarizə aparan Masazır təmsilçisinin, həm də U-21 yığmasının əsas qapıçısıdı.
Onu ən yaxşı tanıyanlardan biri də “Sabah” və “Vətən”in futbol akademiyalarında qapıçılar üzrə koordinatoru, “Kəpəz”in sabiq qolkiperi Xəyal Zeynalovdu.
Sportal.az saytına açıqlama verən Zeynalov Yusifin hazırki durumu barədə danışıb.
Bununla yanaşı onun fikrincə, "Sabah"ın qolkiperi Azərbaycan millisinin əsas qapıçısı olmağa da namizəddi:
"O, 13 yaşından bizimlədi. Onu “Qəbələ”dən gətirmişik. Çünki "Qəbələ" Yusifi istəməmişdi. Yusifin bu səviyyəyə çatması, “Sabah” akademiyasının və əsas komandanın qapıçı məşqçilərinin əziyyəti, birgə çalışmalarının nəticəsidir. İndi də bu kommunikasiyanın nəticəsinə görə, yeni qapıçılarımız yetişir. Yusif İmanov akademiyamızın qapıçıları üçün əsl stimuldu, buna görə çox sevinirik.
Milli komanda bütün qapıçıların, oyunçuların qürur mənbəyidi. Yusif üçün uzun və mübarizə dolu günlər qarşıdadı. Ümidvaram və inanıram ki, o, əsas millimizə qədər yüksələcək. Onun əsas üstünlüyü odur ki, “Sabah”ın heyətində hər matça “onbirlik”də çıxır və oyundan-oyuna irəliləyir. Bizim üçün önəmli olan qapıçılarımızın inkişafıdır ki, ona görə də Azərbaycanda yetərincə qapıçılarımız yetişir. Sadəcə olaraq, qapıçılarımızın arxasında dayanmalıyıq".
Mirbağırağa