Qurban Qurbanov: "Olimpiakos" bizi daha yaxşı tanıyır"

10:09 - 5 Oktyabr 2022

"Bəzən proqramımızda dəyişiklik olur, səfərə bir gün əvvəl gedirik. Çünki hazırlaşmaq üçün vaxtımız az idi. İstədik ki, əsas məşqimizi Bakıda edək. Futbolçuların durumu da yaxşıya doğru gedir. "Olimpiakos" bizim üçün yeni rəqibdi. Baş məşqçi dəyişikliyindən sonra "Atromitos"a qarşı fərqli oyun göstərdilər. Yunanıstana yaxşı oyun göstərmək üçün gedirik. Hər şey yaxşıdı, hər şey qaydasındadı".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Avropa Liqasının G qrupunun "Olimpiakos"la oyunu üçün Pireyə yola düşməyə hazırlaşan Ağdam klubunun çalışdırıcısı Heydər Əliyev adına Beynəlxalq hava limanında jurnalistlərə açıqlama verib. 50 yaşlı mütəxəssis heyətdəki itkilər və matçla bağlı fikirlərini bildirib:

"Marko Yankoviçin "Neftçi" ilə oyundan sonra 1-2 gün durumu ağır oldu. Amma dünən fərdi qaydada məşq edib. Bu gün isə klinikadan birbaşa hava limanına gəlirdi. Çünki müalicəsini davam etdirir. Hər şey yaxşılığa doğru gedir. Sabaha qədər vaxtımız var. Onun barəsində qərarı da oyun günü qərar verəcəyik. Digər futbolçularla bağlı isə heç bir problem yoxdu, hər şey qaydasındadı.

Matça gəlincə, daha çox istəyərəm ki, qələbə bizim tərəfdə olsun. Amma hər şeyi nəzərə almaq lazımdı. "Olimpiakos" rəhbərliyi iki məğlubiyyətdən sonra dərhal dəyişiklik etdi. Görünür ki, iddiaları çoxdu, bu oyuna da çox ciddi hazırlaşırlar. Ümumiyyətlə, mənim ən çox narahat olduğum məqam birdən-birə baş məşqçi dəyişikliyinin olmasıdı. Dəfələrlə belə hallar olub. Çalışacağıq ki, bu dəfə hər şey qaydasında getsin.


"Olimpiakos" bizi daha yaxşı tanıyır. Hər bir halda çalışacağıq ki, daha istəkli və daha diqqətli olaq. Rəqibi tanısan da, daha çox oyunun içində nəyə diqqət ayırmalı olduğunu görürsən. Bu oyunda futbolçuların üzərinə böyük güc və məsuliyyət düşəcək. Diqqətli olmalıyıq, konsentrasiyamızı sona qədər qorumalıyıq. Rəqibin oyunçularını tanısaq da, elə detallar var ki, görməmişik, bilmirik. Buna görə deyirəm ki, futbolçularımın üzərinə böyük məsuliyyət düşəcək".

Mirbağırağa

 

Xəbər xətti