Azərbaycan millisinin veteran qapıçısı Aleksandr Jidkov Sportal.az saytına açıqlama verib. O, AFFA-nın qərarı ilə Canni De Byazinin baş məşqçi postunda saxlanılmasına münasibət bildirib. Jidkovun fikrincə yerli və ya türkiyəli mütəxəssis milli komandamıza baş məşqçi təyin edilməliydi:
"Son oyunlardakı qələbələr Canni De Byazinin postunda qalmasına təsir etdi. Amma növbəti tsiklin sonunda italiyalı deyəcək ki, bağışlayın, alınmadı". AFFA isə yenə "görəsən bu dəfə kim kömək edə bilər" deyə, başlayacaq fikirləşməyə. Sanki bu sonsuza qədər davam edəcək. Azərbaycan millisinin baş məşqçi postuna ya azərbaycanlı, ya da türkiyəli dəvət edilməlidi".
Təcrübəli mütəxəssis Azərbaycan millisinin Millətlər Liqasının son üç görüşündəki qələbələrini bu cür dəyərləndirib: "Bəli, qələbə hər zaman vacibdi. Ancaq nəzər salaq rəqiblərə. Slovakiya millisində nəsil dəyişikliyi gedirdi. Digər komandalar haqda da bir söz demək olar. Sadəcə olaraq, Canni De Byazi şanslı bilet qazandı. Amma növbəti tsikldə yenə heç nə olmayacaq".
Aleksandr Jidkov 1994-1998-ci illərdə Azərbaycan millisinin qapısını qoruyub.
Mirbağırağa