"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turunun oyununda səfərdə "Olimpiakos"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Meydanda sona kimi oyunun içində olmaq bizim üçün çox vacibdir. Oyunun mahiyyətini başa düşürük. Rəqibin də müsahibələrindən hiss olunur ki, matça çox ciddi hazırlaşıblar. İki oyunumuz olacaq. Bu görüş hər iki komanda üçün çox vacibdir. Matça tam hazırıq. Sabah yaxşı oyun, mübarizə göstərmək istəyirik. Futbolçularıma inanıram, güvənirəm.
- Marko Yankoviç, Maksim Medvedev və Kevin Medinanın durumu necədir? Sabah tam heyətlə oynaya biləcəksiz?
- Demək olar ki, bütün futbolçular hazırdı. Yalnız Marko Yankoviçlə bağlı sabah həkimlərin müayinəsindən sonra qəti qərar verəcəyik. Ümumən heyətlə bağlı ciddi problemimiz yoxdur.
- "Olimpiakos"un dünyada tanınan çılğın azarkeşləri var. Bundan əlavə komandada məşqçi dəyişikliyi baş verib. Bu məqamlar sabahkı oyuna necə təsir göstərə bilər?
- Həm mən, həm də futbolçularım belə atmosferdə futbol oynamağı xoşlayırıq. Çünki, bu, əsl futboldur. Çılğın azarkeşləri olan komandalara qarşı aqressiv oyun göstərmək də bizim üçün maraqlı olur. Bu baxımdan problemimiz olmayacaq. Bəli, yeni baş məşqçi ilə "Olimpiakos"un sadəcə bir oyununu izləyə bildik. Bu məşqçi haqda məlumatım çox böyükdür. Yaxşı, bacarıqlı mütəxəssisdir. Komadadan sürətli, aqressiv futbol tələb edir. Son çempionat oyunlarında sürət, dinamika yuxarı idi. Baş məşqçiyə qarşı tam istədiyimiz kimi hazırlaşa bilməyəcəyik. Oyunboyu futbolçularımız çox diqqəttli olmalıdır. Ola bilər ki, bizim görmədiyimiz detallar olsun. Amma biz çalışacağıq ki, daha çox öz oyunumuz haqda düşünək. Nəticə əldə etmək üçün əvvəlki matçlardan daha yaxşı oyun göstərməliyik. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsız.
- "Olimpiakos"da sizin üçün problem yarada biləcək ən təhlükəli oyunçu kimdir?
- Bu sual mənə çox verilir. Hansısa oyunçunu digərlərindən öndə tutmağı heç vaxt xoşlamamışam. "Olimpiakos" kollektiv oyuna üstünlük verir. Ayrı-ayrılıqda futbol futbolçuların potensialını bilirik. Bununla bağlı oyunçularımıza yaxından məlumat verilib.
- Qrupdan çıxmaq şansını necə dəyərləndirirsiz?
- Qrupdakı bütün oyunlar bizim üçün vacib olacaq. Dəfələrlə yaşanıb ki, belə oyunlarda üstün tərəf biz olmuşuq, amma qrupdan çıxa bilməmişik. Bir neçə il əvvəl PAOK-a iki matçda da qalib gəlmişdik, amma qrupda qalmışdıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda qələbə qazanmaq, məğlub olmaq ehtimalı var. Qrupda hər xal bizim üçün önəmli olacaq. Sona kimi mübarizə aparacağıq. Üç xallıq sistemdə bir məğlubiyyət hər şeyi dəyişir. Bizim üçün komandanın oyununu qoruyub-saxlamaq vacibdir. Qrupda olan hər üç komanda rəqibimizdir. Kim daha çox xal toplasa, o üstün tərəf olur. Hər oyunda çox ciddi hazırlaşırıq.
- Rəqibin geniş həyəti var. Amma bəzi futbolçular müxtəlif səbəblərdən son çempionat matçında iştirak etmədi. Bu, oyuna hazırlaşmaqda hansı çətinliklər yaradır?
- Çox istərdik ki, bütün futbolçuları canlı görək. Çətinlik deməzdim. Bizim düşünmədiyimiz bəzi detallar ola bilər. Futbolçularımın təcrübəsi var, buna tam hazır olacaqlar. Digər tərəfdən "Olimpiakos" elə komandadır ki, oyunçular arasında fərq o qədər də böyük deyil. Biri digərini layiqincə əvəzləyə bilir. Mənim üçün öz futbolçularımın hansı səviyyədə hazır olmaqları vacibdir. Rəqibdən çox özünüz haqda düşünürəm. Çox istəyirəm ki, komandanın öz oyun üslubu olsun.
Elçin Əlixan
saytlarin hazirlanmasi