"Olimpiakos"un hansı futbolçuları fərqli komandaların heyətində "Qarabağ"a qarşı oynayıb? - FOTOLAR

14:27 - 6 Oktyabr 2022

"Qarabağ" Avropa Liqasının üçüncü turunda bu gün "Olimpiakos"la üz-üzə gələcək. Ağdam klubu arıdıcıl iki görüşünü Yunanıstan çempionuna qarşı keçirəcək. Bu, "Qarabağ"ın pireylilərə qarşı ilk matçı olacaq. Ancaq "Olimpiakos"un heyətində yer alan futbolçular arasında Azərbaycan çempionuna qarşı əvvəllər oynamışlar az deyil. Əslində, hazırkı heyətdə Azərbaycan çempionunun nəyə qadir olduğunu bilənlər çoxdu. Amma onlardan bir neçəsi Avropa Liqasının oyunları üçün sifariş edilməyib deyə, bugünkü matçda oynamayacaqları dəqiqdi. Sportal.az isə axşamkı görüşdə meydana çıxmağa namizədlər arasında "Qarabağ"a qarşı əvvəl oynamış  futbolçuları təqdim edir.

Yan Mvila

"Renn" yetirməsi olan Mvila 2020-ci ildə “Sent-Etyen”dən “Olimpiakos”a keçib. Pirey klubunun aparıcı üzvü olan yarımmüdafiəçi axşam oyuna çıxarsa, bu, onun “Qarabağ”a qarşı keçirəcəyi ilk oyun olmayacaq. 2014/2015 mövsümündə fransalı “Qarabağ” və “İnter” klubları arasında keçirilən görüşlərdə meydana çıxıb. O, Milanda keçirilən, “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatan görüşə əsas heyətdə yer alıb. Mvila Bakıdakı qarşılaşmada da oynayıb. Hər iki görüşdə 90 oynayıb.

Xatırladaq ki, 2014/2015 mövsümü “Qarabağ” ilk dəfə avrokuboklarda qruplara vəsiqə qazanmış və  AL-də “İnter”, “Sent-Etyen” və “Dnepr”ə rəqib olmuşdu.

 


Şime Vrsalko

Bu il "Atletiko"dan ayrılaraq "Olimpiakos"a keçən Şime Vrsalko hazırkı klubunda aparıcı oyunçulardan sayılır. 30 yaşlı müdafiəçi 2017/2018 mövsümündə "Atletiko"nun heyətində Çempionlar Liqasının qrup mərhələsində cəmi bir oyuna çıxıb. O da Bakıda “Qarabağ”a. Dieqo Simeona xorvatiyalıya start heyətində şans verib və futbolçu sona qədər meydanda olub. Bakıda 0:0 hesabı ilə başa çatmış görüş “Qarabağ”ın ÇL-in qrup mərhələsində qazandığı ilk xal kimi də yadda qalıb.


Qarri Rodriqes

Azərbaycanlı futbolsevərlərə daha çox “Qalatasaray” və “Fənərbaxça”dakı çıxışları ilə tanış olan Qarri adıçəkilən klublara keçməmişdən əvvəl Bakıya səfər edib. Kabo-verdeli PAOK-un heyətində "Qarabağ"a qarşı Bakıda keçirilən matçın iştirakçısı olub. O, təmsilçimizin 2:0 hesablı qələbəsinin canlı şahidi olmuşdu. Salonikidə keçirilən qarşılaşmada da meydana çıxan yarımmüdafiəçi bu dəfə də "Qarabağ"ın qələbəsinə mane ola bilməmişdi. Miçelin vurduğu yeganə qol ağdamlılara üç xal qazandırmışdı. J qrupunda yer almış “Qarabağ” “Fiorentina”, PAOK və “Slovan”a rəqib olmuşdu. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv PAOK-u hər iki matçda da məğlub etsə də, qrupdan çıxan yunanlar olmuşdu.


Sokratis Papastatopulos

Karyerasının zənginliyinə görə hazırda “Olimpiakos”da yer alan futbolçular sırasında fərqlənən Sokratis də, "Qarabağ"a ilk dəfə deyil ki, meydana çıxacaq. Təcrübəli oyunçu 4 il bundan qabaq Azərbaycan çempionuna qarşı forma geyinib və hətta qol da vurub. Həmin vaxtı “Arsenal”da çıxış edən yunan Bakıda komandasının 3:0 hesabı ilə nəticələnən görüşündə hesabı açan futbolçu olmuşdu. O, Londondakı görüşdə də meydana start heyətində çıxmış və sona qədər oynamışdı. E qrupunda “Arsenal”, “Vorskla”, “Sportinq”ə rəqib olmuş “Qarabağ” turnir cədvəlini sonuncu bitirmişdi. 




Mirbağırağa
 

Xəbər xətti