"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçünücü turunun oyununda səfərdə "Olimpiakos"u 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Öncə futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Dünən də fikirlərimdə qeyd etmişdim ki, çox məhtəşəm stadionda, möhtəşəm azarkeşləri olan komandaya qarşı oynayacağıq. Belə atmosferdə oynamaq bizim üçün xoşdur. "Olimpiakos"a uğurlar arzulayıram. Bu qələbə hələ heç nə demək deyil. Qarşıda bizi hələ üç oyun gözləyir. Bu, 9 xal deməkdir. Növbəti oyuna qədər az vaxtımız var. Bakıdakı matçda bu gün etdiyimiz səhvləri etməməyə çalışacağıq. "Olimpiakos"un futbolçuları çox bacarıqlıdır, səhvlərdən maksimum istifadə edə bilərlər.
"Olimpiakos" sizi mənfi mənada nə ilə təəccübləndirdi?
- Bu komanda haqda mənfi heç bir düşüncəm yoxdur. Beşli müdafiə oynayacaqlarını gözləyirdik. Amma start heyətə baxandan sonra düşündük ki, dördlü müdafiə sistemi ilə oynayacaqlar. Matç başlayanda isə beşli müdafiə ilə oynadıqlarını gördük. Buna görə də ohyunun əvvəlində müəyyən çatışmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. "Olimpiakos" haqda yalnız müsbət düşüncələrim var. Bu komanda daha artığına layiqdir.
- Üçüncü qoldan sonra bəzi oyunçularınız tribunaya yaxınlaşıb əl hərəkətləri etdi. Bu, hər hansı bir iğtişaşa səbəb ola bilərdi. Bu mövzu ilə bağlı nə deyə bilərsiz?
- Biz elə ölkədə yaşayırıq ki, ümumiyyətlə iğtişaş haqda düşüncələrimiz yoxdur. Bəzən futbolçu emosiyalarını necə göstərməli olduğunu, necə sevinməyini özü də bilmir. Bu cür sevinclər bizim öz stadionumuzda, hətta öz çempionatımızda da olur. "Qarabağ" komandası olaraq həmişə ölkə xaricində özümüzü daha düzgün idarə etməyə çalışmışıq. Biz bura idman prinsiplərinə əməl etmək üçün gəlmişik. Bəzən meydanda futbolçular, məşqçilər arasında mübahisələr olur. Mənə inanın ki, bizim pis heç bir düşüncəmiz yoxdur. Həmişə ədalətli olmağa, qarşımızdakı rəqibə, azarkeşlərə hörmətlə yanaşmağa çalışmışıq. Mən dünəndən bu azarkeşlər haqda xoş sözlər deyirəm. Mənim bu sözlərimi futbolçular da eşidirlər. Təkcə burada yox, öz aramızda da danışırıq. Həm Bakıda, həm də ölkə xaricində rəqib futbolçulara, azarkeşlərə hörmətlə yanaşmağa çalışırıq. Bizim iğtişaş barəsində heç bir düşüncəmiz yoxdur.
- İbrahima Vadjinin "Sent-Etyen"ə transferindən sonra hücumçu axtarışları var idi. Həmin periodda Kvabena Ovusu oynamağa başladı və oyundan-oyuna qolları sıralayır. Demək olar ki, Ovusu Vadjinin yerini doldurur?
- Biz ilboyu hər mövqeyə oyunçu axtarışında oluruq. Hətta ən yaxşı futbolçularımızın mövqeyinə də axtarışlar edirik. Çünki, biz təkcə bu günü yox, gələcəyi düşünürük. İlk olaraq əlimizdə ki futbolçulara güvənirik və onların performansını daha da yaxşılaşdırmağa çalışırıq. Digər tərəfdən də gələcəyi düşünərək axtarışda oluruq. Bəzən elə oyunçu olur ki, ona "yox" deyə bilmirsən. Qış transfer pəncərəsində istədiyimiz, komandaya uyğun hücumçu olsa, mütləq onu heyətə cəlb etməyə çalışacağıq. Ovusu yaxşı olsa da. Tək hücuma yox, digər mövqelərə də. Vadjinin gedişinə sevinirəm. Çünki, transfer bazarında olmaq klubun siyasəti olmalıdır. Bu həm də Azərbaycan futboluna diqqəti çoxaldır. Sabah ola bilər ki, başqa oyunçumuzu istəsinlər və bu addımı ataq.
Elçin Əlixan
saytlarin hazirlanmasi