"Qarabağ"ın kapitanı Qara Qarayev "Olimpiakos"la matçdan sonra jurnalistlərə danışıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi görüşlə bağlı fikirlərini bildirib.
- Matçla bağlı fikirlərin necədi?
- Bu cür çətin olacağını bilirdik. Bəlkə də ultrasın olması işimizə yaradı. Təzyiqi aşağı saldı. Amma hansı komandaya qarşı oynayıb, hansı çətinliklərlə qarşılaşacağımızı bilirdik. "Olimpiakos"u yaxşı analiz etmişdik. İlk hissədə hesab daha fərqli ola bilərdi. Çox qol imkanımız oldu. Onlara öndə də çox imkan vermədik. Oyunun başlanğıcında çətin epizodlar yaşadıq. Həmin epizodlar, imkanlar oyunun dönüş nöqtəsi idi. Vaxt keçdikcə oyunumuzu daha da yaxşılaşdırdıq. İkinci hissədə sürətli əks-hücumlara çıxa bilirdik. Əsas odur ki, yekunda qalib gəldik. Komandamızın əziyyəti, baş məşqçimizin əziyyəti ilə Azərbaycan xalqına layqili qələbə qazandırdıq. Bəlkə də çoxları bunu gözləmirdi. Futbol ictimaiyyəti bilir ki, çətin səfərdəydik. "Qarabağ"ın adı Avropada artıq bir çox insana tanışdı. Bu gün də bir çox insanlara sübut etdik ki, futbol oynaya bilirik. Oyundan qabaq baş məşqçimiz bizə dedi ki, ölkə futbolumuz haqda deyilən mifdən uzaqlaşmaq lazımdı. Artıq biz səfərdə də oynaya bilirik, hücum edə bilirik. "Qarabağ"ın bu imkanları Azərbaycan futbolu adına böyük addımdı. Biz səfərdə də hücum oynaya bilirik, evdə də. Hər şey əla alındı.
- İlk dəfə Azərbaycan klubu avrokuboklarda ardıcıl 3:0 hesablı qələbə qazandı. Bunun sirri nədədi?
- Bunu, xüsusi dəyərləndirmək istəmirəm. Baş məşqçimiz keçən dəfə də bildirdi, elə oynayırıq ki, bəlkə böyükhesablı uduza da bilərdik. Daha çox hücumameyilli oynamaq istəyirik. Bəlkə yeri deyil demək, amma inanın, Vətən müharibəsindən sonra daha cəsarətli olmuşuq. Qurban Qurbanov da deyir ki, biz daha cəsarətli və inamlıyıq. Bu hadisələrin olması oyunumuzda müəyyən təzyiqi artırmağa kömək olur. Hesab haqda danışmaq doğru olmaz. 1:0, 3:0, 5:0 da ola bilərdi. 2:0 oyunun müqəddəratının həll olunmasına işarə idi. Bütün azarkeşlərimizi təbrik edirəm. Tarixi gün idi. Bütün Avropa və dünyaya göstərə bilirik ki, Azərbaycanda futbol var. Sadəcə olaraq, doğru və düzgün işləmək lazımdı. Başqa heç nə.
- "Olimpiakos" da özünə oxşamadı. Hansı məqamlarda onları üstələdiz?
- Rəqibi kiçiltmək istəmirəm. Amma bu gün "Olimpiakos"un yaxşı oynamamasının səbəbi, bizim yaxşı oynamağımızdı. Doğrudu, rəqibin heyətində çoxlu zədəlilər var idi. Ola bilər ki, bunun da hər-hansı təsiri var idi. Amma ön xətdə və yarımmüdafiə xəttində onları üstələyə bildik. Bəlkə də, "Olimpiakos" bizdən bu cür təzyiq gözləmirdi. Ancaq bunları yaradıb üstünlük əldə etdik.
- Özün necə, oyuna xüsusi hazırlaşmışdın?
- Xüsusi hazırlaşma, motivasiya var idi. Bunu siz də bilirsiz, bütün Azərbaycan da. Son dövrlərdə daha yaxşı olmağa çalışıram. Zaman keçdikcə məndən gözləntilər çoxalır. Bu məsuliyyəti dərk edirəm və indiki vəziyyətdə "Qarabağ"a daha layiq olmağa çalışıram. Bəlkə də, əvvəllər hansısa boşluqlar buraxa bilərdim. Son dövrlərdə yaşadığım hadisələrdən sonra daha çox diqqətimi "Qarabağ"a ayırmışam və bundan sonra da çalışacam ki, maksimum gücümü klubuma verim.
Mirbağırağa
saytlarin hazirlanmasi