"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimov Sportal.az saytına müsahibə verib.
O, Ağdam klubunun avrokuboklardakı uğurlu çıxışından danışıb.
- "Qarabağ" "Olimpiakos" səfərində qalib gəldi. Ağdam klubunun bu cür hesabla qalib gəlməsi sizin üçün gözlənilməz oldu?
- "Qarabağ"ın Yunanıstanda qalib gələcəyini təxmin edirdim. Ancaq hesabın belə olacağını gözləmirdim. "Qarabağ"ı və azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Həqiqətən də komanda çox yaxşı futbol nümayiş etdirdi.
- Necə düşünürsünüz, "Qarabağ"ın qələbə qazanmasına kömək olan nə idi? Hər halda "Olimpiakos" kimi tarixi zəngin olan klubu səfərdə məğlub etdilər...
- "Qarabağ"ın nəinki bu oyundakı parlaq qələbəsi, ümumiyyətlə, onların neçə illərdir parlaq çıxışının bir çox səbəbləri var. "Qarabağ"ın inkişafının başlıca səbəbkarı Qurban Qurbanovdu. O ki qaldı "Olimpiakos"u böyükhesabla məğlub etmələrinə, bu mövsüm onların belə qələbələrini görmüşük. "Qarabağ" "Ferentsvaroş", "Nant" kimi rəqibləri də böyükhesabla məğlub etmişdi.
- Sizcə, həlledici və qırılma nöqtəsi hansı oldu?
- Dünən "Qarabağ" mükəmməl oynayırdı. Həlledici nöqtə isə hər iki məşqçinin əvəzetmələri oldu. "Qarabağ"da Ramil Şeydayev və Xulio Romao həlledici rol oynadı. Rəqibdən isə Marselonun oyuna daxil edilməsi uğursuz alındı.
- Yəqin ki, "Qarabağ"ın Pireydəki qələbəsindən sonra qrupdan çıxacağına şübhələr qalmadı?
- "Qarabağ"ın qrupdan çıxması çox real görünür. Ancaq istənilən halda, hər şey 100 faiz həll olunmayıb. Nəzərə alaq ki, futbolda gözlənilməz hadisələr baş verir. "Qarabağ" evdəki oyunda da "Olimpiakos"u məğlub edə bilsə, artıq bu haqda inamlı danışa bilərik.
- Bakıdakı matçda necə, "Qarabağ"ın "Olimpiakos"u məğlub edəcəyinə inanırsınız?
- Bəli, "Qarabağ"ın Bakıda da rəqibini məğlub edəcəyini düşünürəm. Məncə, onlar bunu reallaşdıracaq.
Mirbağırağa