Fərid Qayıbov: "De Byazi ilə danışıqlarda iştirak etməmişəm, bir söz deyə bilmərəm"

10:20 - 8 Oktyabr 2022

Bu gün Bakı kənd və qəsəbələri arasında uşaq futbol turniri start götürüb.

Sportal.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq. Tədbirdə Gənclər və İdman Nazirliyinin rəhbəri Fərid Qayıbov jurnalistlərə açıqlama verib. O, öncə yarışla bağlı fikirlərini söyləyib:

"Cənab prezidentin kütləvi idmana fikir verilməsi ilə bağlı tapşırığı var. Keçirdiyimiz futbol tədbiridi, bayramdı. Bu tədbirin ərsəyə gəlməsi üçün AFFA, Azərbaycan Tennis federasiyası, Azərbaycan Velosiped federasiyası, hamımız bərabər çalışdıq. Uşaqlarımızın üzündəki sevinci görürük. Bizim bu yöndə ilk yarışımızdı. Təbii ki, planlarımız çoxdu. Belə tədbirlərin, bayramların çox olmasını istəyirik. Bizə bayramlar yaraşır".

İdman naziri avrokuboklarda uğurlu çıxış edən "Qarabağ" barədə də danışıb. O, Ağdam klubunun nəticələrinə görə sevindiyini dilə gətirib: "Qarabağ" haqda nə demək olar? Onların avrokuboklardakı uğurlu çıxışına görə hamımız sevinirik. "Qarabağ"ı təbrik edirəm və qarşıdakı matçlarda da uğurlar arzulayıram".

Sonda isə Fərid Qayıbov AFFA-nın Canni De Byazi ilə müqavilə müddətini artıraraq baş məşqçi postunda saxlamasına şərh verib: "Biz qalib xalqın nümayəndələriyik. Qələbələrimiz idmanda da var. Son dövrdə idmançılarımız da bizi sevindirir. Millimiz komandamız da son oyunlarda qələbələr qazanırdı. Bəli, AFFA Canni de Byazi ilə müqavilə müddətini imzaladı. Həmin danışıqlarda iştirak etməmişəm, bir söz deyə bilmərəm. Amma həm nazir, həm azarkeş kimi milliyə uğurlar arzu edirəm".

Mirbağırağa

Xəbər xətti