"Şamaxı"nın qapıçısı Rəşad Əzizli Sportal.az saytına müsahibə verib. Premyer Liqanın 9-cu turunda "Zirə" ilə görüşdə meydana çıxan Əzizli komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib.
- "Zirə"yə qarşı keçirdiyiniz görüşdə xal qazanmağa yaxın idiniz. Ancaq bunu son anda bacarmadınız. Sizə nə mane oldu?
- Son iki matçda komandanın artırdığı görünür. Belə oyunla turnir cədvəlinin son pilləsində olmamalıyıq. Artıq üç oyundur ki, standart vəziyyətlərdən qol buraxırıq. Burada ən vacib məsələ konsentrasiyadı. Azca boşluq olan kimi rəqiblər bundan yararlanır.
- Artıq bir neçə oyundur ki, son dəqiqələrdə buraxdığınız qollarla meydandan xalsız ayrılırsınız. Nə zaman son dəqiqələr sizin üçün üzücü yox, sevindirici olacaq?
- Dediyim kimi, oyundan-oyuna komanda artırır. Bir müddətdən sonra uşaqların təcrübəsi artdıqca, bu problemlər də aradan qalxacaq. Hər şey də daha yaxşı olacaq.
- Bu heyətlə daha yaxşısını edə bilərsiniz, yoxsa mümkün deyil?
- Məşqçilərimizin gördükləri iş göz qabağındadı. Sırf yerlilərdən qurulmuş heyətlə rəqiblərimizə qarşı rəqabət apara biliriksə, bundan sonra daha da yaxşı olacağına inanmaq mümkündü. Məşq prossesində də çox çalışırıq.
- Mövsümün sonunda Premyer Liqada axırıncı olacaq komanda birinci diviziona düşəcək. Əsas namizəd kimi isə "Şamaxı" göstərilir. Bu mənada, sizin üçün hər şey ikiqat məsuliyyətlidi və oyunlara çıxanda bu barədə düşünürsünüz?
- Biz nümayiş etdirdiyimiz oyuna görə sonuncu pillədə olmamalıyıq. Qarşıda hələ çox oyun var. İndidən hansısa proqnoz vermək düzgün deyil. İnanıram ki, daha da yuxarı pillələrdə olacağıq.
- Qışdan sonra daha güclü, legionerləri olan komanda görə bilərik?
- Bu barədə nəsə deyə bilmərəm. Rəhbərlik və məşqçilər korpusuna aid olan məsələlərdi. Ona görə də, nəsə deməyim doğru olmaz.
- Komandanın məşqçiləri mətbuat konfranslarındakı çıxışları zamanı daim komandaya təzyiq olduğunu bildirir. Səncə, söhbət hansı təzyiqdən gedir və özünüz təzyiq hiss edirsiz?
- Klubun ilkin strategiyası yerlilərdən ibarət komanda yaratmaq idi. Biz bugünkü gündə əsas heyətində 6-7 legioneri olan komandaya qarşı yaxşı oynayıb, yaxşı futbol nümayiş etdiririksə, bunun özü də uğurdu. Hazır komanda ilə işləmək daha asandı. Ən azından məşqçinin rəhbərliyi altında legionerlər oynayır. Qələbə qazanmayanda artıq təzyiq olur, səndən qələbə istəyirlər. Bəzən mətbuatdan, efirdən görürük, oxuyuruq, deyirlər ki, "Şamaxı"nın belə olacağı məlum idi. Klub rəhbərliyi yerlilərə şans verərək, onları futbolumuza qazandıraraq pis iş görür? Məşqçiləri də həmçinin. Hər şey zamanla düzələcək. Sadəcə olaraq, vaxt və inanmaq lazımdı. Biz daha güclü olacağıq.
Mirbağırağa