Azərbaycanlı futbol veteranı, vaxtı ilə "Xəzri", "Neftçi", "Dinamo"(Bakı), "Qarabağ", "Şəmkir" kimi klubların şərəfini qorumuş Paşa Əliyev Sportal.az saytına müsahibə verib. 49 yaşlı futbol mütəxəssisi sabiq komandası olan "Qarabağ"ın avrokuboklardakı çıxışını dəyərləndirib. Bununla yanaşı o, Azərbaycan çempionatının səviyyəsindən söz açıb.
- "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Olimpiakos"u səfərdə məğlub etdi. Sizcə, Ağdam klubu bunu necə bacardı?
- "Qarabağ" artıq oturuşmuş komandadı. İndiki "Qarabağ" mənə 2000-ci illərin "Qalatasaray"ını xatırladır. Bir-iki transfer də edib, bu tempdə davam etsələr, daha da yaxşı olacaq. Əvvəl "Qarabağ" səfərdə müdafiə futbolu oynayırdı, indi hücum futbolu oynayır. Bu tempi də saxlamaq lazımdı. Marselo da bizə kömək oldu. İkinci və üçüncü qolu onun səhvlərindən sonra vurduq. Bilirsiz, bir nəfər azlıq olanda həmin tempdə oynamayanda çətindi. Özü də rəqib "Qarabağ"dırsa, bu, daha da müşkül məsələyə çevrilir. "Qarabağ"a qarşı bir nəfər azlıqda kimisənsə, bədbaxt oldun. Marselonun bizə xeyir oldu.
- Yəqin ki, "Qarabağ"ın "Olimpiakos"u Bakıda da məğlub edəcəyini düşünürsünüz?
- Onları səfərdə məğlub etmişik. Bakıda da "Olimpiakos"u məğlub etmək mümkündü. Doğrudu, ağır olacaq. Ancaq "Qarabağ" yenə udacaq. Məncə, "Qarabağ" qrupda ikinci pilləni tutaraq növbəti mərhələyə adlayacaq.
- Bayaq dediyiniz ki, "Qarabağ"ı 2000-ci illərin "Qalatasaray"ına bənzədirsiniz. Bu iki komandanı oyun planında bir-birinə bənzədirsiniz, yoxsa necə?
- O vaxtı rəqiblər "Qalatasaray"a yuxarıdan-aşağı baxırdı. Amma onlar oyunları sayəsində hər şeyi sübut edirdi. İndi də "Qarabağ"da belədi. Ağdam klubundan belə oyun gözləmirlər. "Qarabağ"ın necə "silah"ı olduğunu biz bilirik. Komandamıza qarşı oynamaq çox çətindi. Rəqiblər onlara boşluq verir. "Qarabağ"a boşluq və imkan verdinsə, onlar istədiyini edəcək. Çünki əks-hücumda çox güclüdülər. Gördünüz də, "Olimpiakos"a elə üç qol vurdular. Hələ nə qədər də epizod var idi.
- AFFA-nın Canni De Byazini millinin baş məşqçi postunda saxlayacağını ehtimal edirdiniz?
- Futboldan başı çıxanlar hamısı eyni şeyi deyir, yeni baş məşqçini xaricdən gətirəcəkdilərsə, De Byazini postunda saxlamaq elə ən yaxşısıdı. Amma millinin baş məşqçisi özümüzünkü olsaydı, lap yaxşıydı. Bizim millətlə öz dilimizlə danışmalısan, tərcümə ilə yox. Türkiyəli məşqçi də gələ bilər. Bilirsiz, tərcüməçi ilə danışmaq o effekti vermir. Hər oyunçu ilə öz dilində danışmaq lazımdı. Mən İranda oynayanda tərcüməçi başqa şey deyirdi, mən başqa, bu da düz gəlmirdi. Biri də var ki, məşqçi futbolçu ilə təkbətək danışsın. Millimizi ancaq belə xilas ola bilər. Ayrı cür mümkün deyil.
- Sizcə, Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəlib?
- İnkişaf var deyərək, özümüz-özümüzü aldadırıq. Ancaq ortada heç nə yoxdu. "Qarabağ" hər il çempion olur, ikinci və üçüncü pillə isə "Sabah"la "Neftçi"nindi. Belə çempionat olmur axı. Hər şey son turlara kimi davam etməlidi. "Neftçi"nin çempion olduğu mövsüm liqa normal getdi. Qalanı isə ortadadı da, 9 ildir ki, "Qarabağ" hegemonluq edir. Uşaq futbol məktəbləri lazımdı, müəllimlər güclü olmalıdı, tapşırıqla işləyənlər olmamalıdı. Əksəriyyəti tapşırıqla işləyən məşqçilərdi. Belə olmaz axı. Uşaq futbolunda fundament güclü olmalıdır, savadlı müəllimlər dərs verməlidi. Binanın fundamenti olmasa bina çökəcək. Dediyim məktəblər olmasa, futbolun inkişafından danışa bilmərik.
Mirbağırağa