Qurban Qurbanov: "Səfərdən sonra futbolçular tam özlərinə gəlməmişdilər"

20:03 - 9 Oktyabr 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunuda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Bəlkə də bu ərəfədə ən vacib üç xalımızdan biri idi. Çünki, komandadan bir az narahatlığım var idi. Səfərdən sonra futbolçular tam özlərinə gəlməmişdilər. Bunun da şahidi olduq. Yaxşı komandaya qalib gəldik. Azlıqda oynamaqlarına baxmayaraq sona kimi mübarizə apardılar. "Qəbələ"yə uğurlar arzulayıram. 


- Leandro Andradenin durumu necədir?

- Böyük ehtimalla əzələ ilə bağlıdır. Sabah dəqiq məlumat veriləcək. 


- Rəqibin qırmızı vərəqə epizodunda hakimə yaxınlaşıb nəsə dediniz. Nə dediyiniz maraqlıdır. Sanki, qırmızı verməsini istəmirdiz...

- Demişəm ki, hakimlərin qarışmayacağam. Sadəcə olaraq VAR-da epizoda baxmaq istəyirdim. Hakim dedi ki, olmaz. 


- Kevin Medina və Maksim Medvedev uzun fasilədən sonra meydana qayıtdılar. Onların oyunu haqda fikirləriniz necədir?

- Ümumən yaxşı təsir bağışladılar. Amma oyun ritmində catışmazlıqlar hiss olunurdu. Uzun fasilədən sonra optimal formada olmaq çətindir. Sona kimi oyunu idarə edə bildilər. Bu, mənim üçün vacib idi. Qarşıdakı oyuna kimi vaxtımız var. Kimin oynayacağı ilə bağlı qərar verəcəyik. 


- Qarşıda "Olimpiakos"la matç var. Bu oyunla bağlı fikirləriniz necədir?

- Sabahdan cavab görüşünə hazırlaşmağa başlayacağıq. Öz oyunumuzu daha yaxından təhlil edəcəyik. Gedişata uyğun addımlar atmağa çalışacağıq. Bir az gərginlik var. Gözləntilər çoxdur. Çalışacağıq ki, futbolçular oyuna düzgün konsentrasiya olsunlar. Hazırlıqda problem olmayacaq. 


- Oyun sxemində dəyişiklik olacaq?

- Bizdə oyunun sxemində bir o qədər dəyişiklik olmur. Sadəcə gedişata uyğun detallar əlavə olunur. Rəqibin boşluqlarını tapdaq, ondan yararlanmağa çalışacağıq. Ümumən öz oyunumuzu yaxşılaşdırmağa çalışmalıyıq. 


- Son zamanlar "Qarabag"ın futbolçuları ilə Canni De Byazi arasında gərginlik var. Bu haqda nə deyə bilərsiz?

- "Qarabağ"ın futbolçusu həm də millinin oyunçusudur. 10-12 ildir millidə oynayırlar. Burada qəribə bir şey görmürəm. Mən ümumiyyətlə milli haqda fikir bildirmirəm. Öz aralarında olan diskussiyadır. Hərə bir formada çatdırıb. Fikir bildirməyə ehtiyac yoxdur. Dünya praktikasında olur belə şeylər. İçəridə nə olub-olmadığını mən deyə bilmərəm. 

 

- "Olimpiakos"la matçdan 72 saat keçməyib və oyuna çıxdız. Bu gün də Leandro Andrade zədələndi. Sıx qrafikdə sanki futbolçular əziyyət çəkirlər. Bu görüşü təxirə salmaq olmazdı?

- Tamamilə doğru dediz. Oyundan sonra bütün gecəni yolda olduq. Nə qədər desək ki, futbolçular təyyarədə istirahət etdilər, mümkün deyil. Mən özüm hələ özümə gəlməmişəm, gücümü tam ala bilməmişəm. İstər-istəməz rejim pozulur. Təxirə salınması üçün müraciət etmədik. Çünki, bir matçımız təxirə salınıb. Nə qədər çətin olsa da, oyun ritmini qoruyub-saxlamaq istəyirik. Futbolçular qarşıdakı görüşlərdə daha optimal formada olacaqlar. 


- Çoxları düşunür ki, "Qarabağ" çempion olacaq, ölkədə rəqibi yoxdur. Bəs siz necə düşünürsüz?

- İşimizi görməyə, üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Qarşıda çox oyunlar var. Əlbəttə arzumuzdur ki, birinci olaq. Amma bunu istəyənlər çoxdur. Buna görə də belə bir fikir bildirmirəm. Bizə inanan hər kəsə təşəkkür edirəm.

 

Elçin Əlixan

Xəbər xətti