"Yurgen Gedenin vaxtında belə, "Neftçi" heç bu qədər bərbad gündə deyildi" - MÜSAHİBƏ

17:19 - 10 Oktyabr 2022

Azərbaycan milli komandasının sabiq müdafiəçisi, futbolçu karyerası vaxtında "Neftçi" və "Turan Tovuz"da oynamış Ruslan Abbasov Sportal.az saytına müsahibə verib. O, Premyer Liqanın 9-cu turu çərçivəsində qarşılaşan sabiq komandalarının oyununa şərh verib. Abbasov həm də milli komandamızın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində yer aldığı qrupdakı şanslarını dəyərləndirib.
 

- Premyer Liqanın 9-cu turunda sabiq komandalarınız üz-üzə gəldi. "Neftçi" və "Turan Tovuz" komandaları arasında keçirilən görüş gözlədiyiniz məcrada keçdi?
-  
Məzmunlu oyun gözləyirdim, amma elə olmadı. Başda Ayxan müəllim olmaqla "Turan Tovuz"u təbrik edirəm. "Neftçi"yə futbol oynamağa imkan vermədilər. "Turan Tovuz" "Neftçi"yə nəsə etməyə imkan vermədi. Mövqeləri düzgün bağladılar, oyunçuların ayağına "oturdular". "Turan Tovuz" yaxşı oynadı. "Neftçi"yə aid isə heç nə deyə bilmərəm. Çünki futbol deyilən bir şey oynamadı.

- Matçın ədalətli nəticəsi 0:0 idi?
- Bəli, oyunu nəzərdən keçirsək, 0:0 hesabının elə ədalətli nəticə olduğunu deyə bilərik. Hər iki komandadanın qol vurmaq üçün imkanı oldu. "Neftçi"nin "Turan Tovuz"u üstələdəyini, təkqapı futbol oynadığını görmədik.

- Sizin diqqətinizi daha çox "Neftçi"nin, yoxsa "Turan Tovuz"un oyunu cəlb etdi?
- Oyuna ilk dəqiqədən sona qədər baxdım. "Neftçi" adında komanda qalmayıb. Rəhbərliyi, azarkeşlərini tanıyıram, Allah onların canını sağ etsin. Sadəcə olaraq, düzünü demək lazımdı. "Neftçi"nin adını yazmasaydılar, bu cür oyunla fikirləşmək olardı ki, "Turan Tovuz"la qarşılaşan komanda hansısa yeni yaranmış komandadı. "Neftçi"nin göstərdiyi bərbad futboldu, hərə özü üçün, istəksiz, həvəssiz futbol oynayır. Topu itirirlər, bütün futbolçular dayanıb baxır. And olsun Allaha, bu cür istəksiz, aciz "Neftçi" heç vaxt görməmişdim. O vaxtı baş məşqçi postuna Yurgen Gedə gəlmişdi, futbola aid olmayan adam idi. Onun vaxtında belə, heç "Neftçi" bu qədər bərbad gündə deyildi.

- Bu mövsüm hansı komandanın uğur qazanacağı daha inandırıcıdı?
- Bu cür futbolla "Neftçi"ni heç "üçlük"də də görmürəm. Eyni cür oynamağa davam etsələr, inanmıram ki, ikinci yeri tutsunlar. Yox, əgər normal futbol oynasalar "üçlüy"ə düşə bilərlər. "Turan Tovuz" yeni yaranmış komandadı. Onlar normal xal toplayıb. Klubun əsas hədəfi Premyer Liqada qalmaq, kollektivi komplektləşdirməkdi. Allah qoysa, Ayxan Abbasov arzusuna çatar. Həm "Neftçi", həm də "Turan Tovuz"da oynamışam, hər ikisi mənim üçün əzizdi. Bu oyunda "Turan Tovuz"un qalib gəlməsini çox istəyirdim. Amma Bakıdan bir xal gətirməyin özü də böyük işdi. "Neftçi"dən bu futbolla heç nə gözləmirəm. 

- Əvvəlki "Neftçi" - "Turan Tovuz" oyunları maraqlıdı, yoxsa indiki?
Əvvəlki vaxtdan əsər-əlamət qalmayıb. O vaxtkı futbol, istək var indi? Sadəcə olaraq, klubların adı qalıb, istək yoxdu. "Neftçi" sıradan bir komandaya çevrilib. Əvvəlki futbol da qalmayıb, əvvəlki azarkeşlərin dəstəyi də yoxdu.

- Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparacaq. Millimizin şanslarını necə dəyərləndirirsiniz?
- Bu qrupda böyük ehtimalla birinci pilləni Belçika tutacaq. Çünki onların oyununu görmüşəm. Onlarla yanaşı digər iddialı İsveçdi. Azərbaycan millisi ən yaxşı halda üçüncü pilləni tutar. Təbi iki, Allah qoysa, millimizin işi daha da yaxşı olar Hamımız bunu istəyirik. Qrupun ən iddialısı Belçikadı. İsveçlə rəqabət aparacaqlar, amma sonda birinci pilləni Belçika tutacaq. Allah eləsin, Azərbaycan əla nəticələr qazansın. Məncə, ən yaxşı halda üçüncü pilləni tuta bilərik.

Mirbağırağa
 

Xəbər xətti