Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Avstriya, İsveç və Estoniya ilə yanaşı Belçika ilə də eyni qrupda mübarizə aparacaq. İndiyə qədər ölkəmizdə oynamış dörd belçikalıdan biri olan Benjamin Lambot Sportal.az saytına açıqlama verib.
35 yaşlı futbolçu Belçika millisinin Azərbaycana qarşı keçirəcəyi görüşdən gözləntilərindən danışıb. Lambot Canni De Byazinin rəhbərlik etdiyi kollektivin son vaxtlarda daha da gücləndiyini söyləyib:
"Belçika millisinin hazırda bəzi çətinlikləri var. Hazırda ölkəmizdə yeni nəsil yetişir və bu da milliyə öz təsirini göstərir. Azərbaycan millisi isə ildən-ilə inkişaf edir, güclənir. Mənə görə futbolda asan heç nə yoxdu. Azərbaycanla görüşə gəldikdə, Belçika rəqibinə hörmət edərək oynayarsa, təbii ki, yaxşı nəticə alınacaq. Amma Azərbaycanda Belçika üçün asan olmayacaq. Çünki orada azarkeşlər çox yaxşı atmosfer yaradır. Bu mənada, Bakıdakı görüşün çətin olacağını fikirləşirəm”.
Lambot “Tubize”, “Virton”, “Royal Antverpen”, “Lyers”, “Serkl Brügge”, “Nea Salamina”, “Nort İst Yunayted” klublarında oynamış yarımmüdafiəçi 2014-2015-ci ildə “Simurq”un aparıcı üzvü olub. Lambot hazırda Belçikanın “Lüttix”də çıxış edir.
Mirbağırağa