Azərbaycan millisinin veteran müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib. O, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparacaq yığmamızın şanslarını dəyərləndirib.
- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya və İsveç, Estoniya ilə eyni qrupa mübarizə aparacaq. Sizcə, püşkatmada millinin bəxti gətirdi?
- Seçmə oyunlarının püşkatmasında bəxtimiz gətirə bilməz. Çünki burada potensial güclü rəqiblərlə qarşılaşacaqdıq. Estoniyanı çıxmaq şərtilə qalanlar hamısı bizdən güclüdü. Estoniya ilə yanaşı Belarus, Andorra, Moldova, Malta eyni zamanda bizimlə qrupa düşsəydi, deyərdik ki, bəxtimiz gətirdi və nəsə edə bilərik. Amma indi yalnız Estoniya ilə görüşdən 100 faizli nəticə gözləmək olar.
- Millimiz bu qrupda hansı nəticəni göstərə bilər? Hansı pillə yığma komanda üçün realdı?
- Estoniya ilə həm ev, həm də səfər görüşündə millimizdən qələbə gözləyəcəyik. Bu görüşlərdə millidən altı xal gözləyirik. İsveç millisi isə ola bilsin ki, Millətlər Liqasında da bizimlə eyni rəqib olacaq. Çünki onlar Millətlər Liqasında B liqasında axırıncı yeri tutdular və bizim diviziona düşdülər. İsveç elə də güclü deyil. Amma istənilən halda, İsveç elə İsveçdi. Evdə onları məğlub edə bilərik. Səfər görüşü çətin olacaq. Xal qazanmaq ümidimiz var. Belçika və Avstriyaya qarşı oyunlar isə çox ağır olacaq. Onlar son vaxtlarda çox yaxşı durumdadı. Həmişə yaxşı futbol nümayiş etdirirdilər. Səfər görüşlərində onlardan xal alacağımıza inanmıram. Ancaq evdə Avstriyadan xal götürmək mümkündü. Belçikadan isə çətin ki, xal götürək. Ona görə də digər görüşlərdə xal ehtiyatımızı artırmalıyıq ki, yer tuta bilək.
- Millətlər Liqasında son üç görüşdəki qələbələr yığmanın növbəti tsikldə nəsə edəcəyinə ümid verir?
- Bəli, Millətlər Liqasında son üç oyun bizə göstərdi ki, komandanın potensialı var və oyundan-oyuna yaxşı duruma gələrək, irəliləyə bilərik. Bu oyunlar bizə ümid verir ki, ən azından həmin oyunu davam etdirərək xal qazanaq. İnanıram və əminəm ki, belə də olacaq. Son oyunlar bizə ümid verir. Canni De Byazi ilə də müqavilə müddətini uzatdılar. Həqiqətən son oyunlarda yığmamız göstərdi ki, futbol oynamağı bacarır, gələcək üçün ümid verir.
- Tsiklə Avstriya və İsveç səfərləri ilə başlayacaq milli ardınca evdə Estoniya ilə üz-üzə gələcək. Təqvim necədi?
- Avstriyaya qarşı çətin olacaq. Onlara qarşı həmişə belədi. Özü də ilk turda onların qonağı olacağıq. İsveçə qarşı da evdə oynamırıq. Amma dediyim kimi, onlarla matçda nəsə əldə bilərik. Estoniya görüşündə isə evdə millimizdən 100 faizli nəticə gözləyirik. Bu mənada, təqvim yaxşıdı. Çünki sonda Avstriya və İsveçlə evdə oynayacağıq. Millimiz tsiklin sonunda həmişə yaxşı çıxış edir. Yəni, millimiz elə bil ki, qapını yaxşı çırpıb gedir. Ümid edirik ki, Avstriya və İsveçlə görüşlərdə millimiz yaxşı oyun göstərib, altı xal qazanacaq. Məncə, təqvim bizim üçün düşərlidi.
- "Qarabağ"ın avrokuboklarda uğurlu çıxışı millimizə Millətlər Liqasının son üç görüşündə çox yaxşı təsir etdi. Ağdam klubunun davamlı uğurlu çıxışı milliyə gələcək oyunlarda da kömək edəcək?
- "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışı milliyə təsir edə bilər. Çünki millidəki futbolçuların əksəriyyəti bu klubun üzvüdü. Avrokuboklarda qazanılan təcrübənin bəhrəsini milli matçlarda da gördük. Ramil Şeydayev çox yaxşı formadadı. Millidəki yerlilərin hamısı yaxşı formadadılar və bunu meydanda göstərirlər. Ona görə də "Qarabağ"ın Avropadakı uğurlu çıxışı milli komandamıza da yaxşı təsir edir və edəcək.
- Son vaxtlar "Qarabağ"ın aparıcı üzvü Abdullah Zubirin milliləşdirilməsi məsələsi müzakirə edilir. Fransalının gələn il Azərbacyanda 5 ili tamam olacaq...
- Düzü, bu məsələni indi eşidirəm. Zubir yaxşı futbolçudu, "Qarabağ"a xeyir verir. Ölkəmizə gəlmiş-getmiş seçilən futbolçulardandı. Milliləşdirsələr, yığmamıza kömək edə bilər. Amma mən milliləşdirilmiş futbolçulardan yana deyiləm. Azərbaycan millisində azərbaycanlılar oynamalıdı. Onun üçün şərait yaradılmalıdı. Zubir kimi futbolçuları özümüz yetişdirməliyik. Bunu üçün uşaq futboluna daha çox diqqət verilməlidi. İnanıram ki, bizdə də belə oyunçular üzə çıxacaq. O, yaxşı futbolçudu, amma onun milliləşdirilməsinin tərəfdarı deyiləm.
Mirbağırağa