"Zirə"nin beninli müdafiəçisi Moiz Adileu Sportal.az saytına müsahibə verib. Afrikalı futbolçu komandasının Premyer Liqadakı çıxışını dəyərləndirib. Bunula yanaşı, o, "Zirə"yə hansı məqsədlərlə gəldiyini bildirib.
- Komandanız son turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldi. Onları məğlub etmək çox çətin idi?
- Bəli, “Şamaxı” kimi güclü komandaya qalib gəldik. Bu, heç də asan deyildi. İlk hissədə bir neçə qol epizodu yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmirdik. Düşünürəm ki, ikinci hissədə layiq olduğumuzu əldə etdik. Çünki oyunboyu istədiyimizi etmək üçün şanslarımız var idi.
- “Zirə”nin “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra psixoloji olaraq özünə gəldiyini demək mümkündü? Hər halda, komanda son iki turda “Turan Tovuz” və “Şamaxı”nı məğlub edib....
- Doğrudu, 1:7 hesablı məğlubiyyətdən sonra psixoloji olaraq özünə gəlmək heç də asan deyil. Bu anda komanda olaraq xarakter nümayiş etdirmək lazımdı. Fikrimcə, “Zirə” bunu nümayiş etdirməyi bacardı. Bilirsiz, idmanda hamı məğlub ola bilər. Vacib olan isə məğlubiyyətdən sonra necə reaksiya verməyinizdi.
- Bir az əvvələ gedərək, soruşmaq istəyirdim ki, yayda Niderlandı tərk edərək Azərbaycana gəlişiniz, “Zirə”yə transferiniz necə baş tutdu?
- Bəli, Niderlandda oynadığım dönəmdə menecerim mənə bu klubdan maraq olduğunu bildirdi. Əslində, göstərilən layihə mənim keçidimdə rol oynadı. Çünki “Zirə”nin Konfrans Liqasına vəsiqə qazana biləcəyini gördüm. Amma təəssüf ki, komanda təsnifat mərhələsində çıxışını dayandırdı. Hədəfim Konfrans Liqasında “Zirə”yə kömək etmək idi. Ona görə bu komandaya gəldim.
- Azərbaycan Premyer Liqası haqda hansı fikirlər formalaşıb sizdə? “Qarabağ” uzun illərdir ki, hegemonluq edir. Bura gəlməmişdən əvvəl fərqli ölkələrdə oynamısınız. Çempionluq mübarizəsində əsas namizəd “Qarabağ”ı hansı komandaya bənzədirsiniz?
- Premyer Liqa güclüdür, oyunlarda qalib gəlmək asan deyil. Digər komandalardan daha çox futbol oynayan komandalar var. Xüsusən də “Qarabağ”ı qeyd etmək istəyirəm. “Qarabağ” tam komplektləşmiş kollektivdi. Onlar güclüdülər, hücumda mütəşəkkildirlər, texniki ustalığı yüksək olan oyunçuları var, çox sürətlidilər. Mən hələ ötən mövsümdən “Marsel”lə görüşdə “Qarabağ”ı görmüşdüm. Ona görə də onların etdiyi məni təəccübləndirmir.
- Sizcə, “Zirə” bu mövsüm Premyer Liqada hansı nəticəni göstərə bilər?
- Düşünürəm ki, bu mövsüm Premyer Liqada ikinci pilləni tuta bilərik. Bunu etmək üçün keyfiyyətə sahibik. Doğrudu, biz mövsümə yaxşı başlamadıq, amma bu, da normaldı. Hazırlıq keçməyən oyunçuların uyğunlaşması üçün bir az vaxt lazımdır. Amma düşünürəm ki, indi biz daha hazırıq və bunu son oyunlarda görə bilərik.
- Azərbaycanda legioner həyatı yaşamağın Benin yığmasına dəvət almağını çətinləşdirir? Çünki Azərbaycan Benindən çox uzaqdadı. Hər dəfə gedib-gəlmək yorucu olmaz?
- Millinin son oyununda düşərgədə olmamışam. Amma məncə, məsələ ölkə ilə bağlı deyil, performansla bağlıdı. Mən avqustda komandaya hazırlıq olmadan gəlmişəm. İndi vəziyyət tamam başqadır. Benin millisinin digər müdafiəçilərindən daha yaxşı çıxış edirəmsə, niyə də dəvət edilməyim? Əvvəlcə ardıcıl olaraq oyunlar oynamalıyam və daha sonra necə olacağına baxmaq lazımdı.
- Azərbaycandakı həyatınız necə gedir? Bakıda yaşamaq sizin üçün rahatdı?
- Mən elə də çətin adam deyiləm. Daha çox evdə qalmağı, futbola baxmağı xoşlayıram. Təbii ki, bəzən şəhərə çıxaraq, restoranda yemək yeməyi, şəhərə baş çəkməyə də üstünlük verirəm. Bakıda özümü yaxşı hiss edirəm, mənə lazım olan hər şey burada var. Mətbəxiniz çox dadlıdı, hava da hazırda yaxşıdır. Azərbaycanlılar çox yaxşı insandı. Ona görə də burada özümü yaxşı hiss edirəm.
Mirbağırağa