Qurban Qurbanov: "Pireydəki hesab bizi aldatmalı deyil"

13:15 - 12 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Olimpiakos" matçından öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konrfansı keçirilib.


Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis sabah keçiriləcək oyunla bağlı danışıb:

"Rəqibə düzgün yanaşmalıyıq. Onların müsahibələrini oxuyuram, çox istəklidilər. "Qarabağ"la oyuna son şans kimi baxırlar. Bu, onların oyuna ciddi hazırlaşmasından xəbər verir. Son günlər bizdə yorğunluq var idi. Amma inanıram ki, futbolçularım tam olaraq özlərinə gələcək və sabahkı matça hazır olacaqlar. Pireydəki oyunda yaxşı hesab qeydə alındı. Yaxşı qollar vurduq. Amma oradakı hesab bizi aldatmalı deyil. Əsasən də
məni və futbolçularımı. Xırda detalları futbolçulara çatdırmışıq. Səfərdə səhvlərimiz çox oldu. Oyuna sonadan baxanda buna tam əmin oldum. Bunu da rəqib bizi məcbur etdi. Ciddi rəqibə qarşı yaxşı oynamalıyıq. Sabah ən yaxşı oyunumuzu keçirməliyik.

- Komanda son oyunlarda ikinci hissədə çox qol vurur. Bunun xüsusi səbəbi var?
- Elə bir səbəb deyə bilmərəm. Hər rəqib bizə qarşı daha ciddi müqavimət göstərir, daha hazırlıqlı olur. Ola bilər, ikinci yarıda oyun intizamını qoruya bilmirlər və biz də bundan istifadə edirik. Qəbələdəki matçda çox çətinlik çəkdik. Əvvəllər ilk yarıda 2-3 qol vururduq. Amma indi belə alınır. Komanda ikinci yarıda qollar vuranda daha da inamlı oluram. Çünki komandanın hazırlığının daha yaxşı olduğunu görürəm. Çalışırıq ki, meydanda 90 dəqiqə oyun intizamını qoruyaq. Bu da bizdə pis alınmır.

- Ramil Şeydayevin “Olimpiakos”a vurduğu qoldan sonrakı sevinciniz sosial şəbəkədə geniş yayıldı. Bu, həmin qolun sevinciydi, yoxsa başqa səbəbi var idi?
- Oyundan sonra da sevincimin Ramilin vurduğu qola görə olduğunu demişdim. Ümumiyyətlə, matçın sonuna 8-10 dəqiqə qalmış hesab 2:0-dırsa, hər şeyin bitdiyini düşünmürəm. İstənilən an gələcək qol hər şeyi dəyişə bilir. Bəzi futbolçuların zəhmətinə görə yaxşı nəticə verməsi məni çox sevindirir. 

- Ardıcıl qələbələr gərginliyi artırır?
- Müəyyən səviyyəyə gəlib çatmaq asandı, orada qalmaq isə çətin. Bizdən gözləntilər, tələblər çoxdu. Bu, bizdə gərginlik yaradır, həyəcan olur. Məğlubiyy olmaqdan qorxmuruq. Dəfələrlə demişəm ki, hər ötən matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bunu etsək, futbolçularım peşəkar olsa, yaxşı nəticələrimizin sayı çoxalacaq.  Bizə olan ümidləri itirməməyə çalışırıq. Öz işimizi davam edirik. Azarkeşlərin güvənini daha da qazanmaq üçün qələbələr üçün çalışırıq. 

- Rusiya mətbuatında Marko Veşoviçin bu ölkənin klublarından birinə keçəcəyi iddia edilir. Onu komandada saxlamaq üçün yeni müqavilə təklif ediləcək?
- Bu barədə məlumatım yoxdu. Əslində, normaldı. Dəfələrlə olub ki, xeyli sayda futbolçularımıza təkfliflər gəlib. Ancaq onun hazırda bizimlə müqaviləsi var. Müqavilələrin uzadılması qarşıdakı aylarda müzakirə olunacaq. Hələ ki, narahatçılığa səbəb yoxdu. 

- "Olimpiakos"un baş məşqçisi Miçel Bakı səfəri çox ağır olacağını bildirib. Onlar üçün səfəri ağır edən "Qarabağ"ın hansı üstün tərəfləridi?
- Bunu nə üçün dediyini bilmirəm. Ola bilər ki, bu, yolla əlaqədardı. Səfərə gedəndə hamımız üçün ağır olur. Son çempionat oyunundan sonrakı müsahibələrinə baxıram, çox pozitivdilər, "kim olduğumuzu gsötərmək vaxtıdı" deyirlər. Həm baş məşqçiləri, həm futbolçuları bu fikirdədi. 

Mirbağırağa

 

Xəbər xətti