Azərbaycan millisinin və "Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis Ağdam klubunun Avropa Liqasında növbəti mərhələ şanslarından danışıb. Bununla yanaşı o, milli komandamızın AVRO-2024-ün yer aldığı qrupu barədə fikirlərini söyləyib.
- "Qarabağ" bu gün "Olimpiakos" önünə çıxacaq. Pireydəki matçla müqayisədə bu dəfəki oyunun daha ağır oyun olacağını düşünürsünüz? Matçdan gözləntiləriniz necədi?
- "Qarabağ"ın evdəki oyunu Pireydəki matçdan daha çətin keçəcək. Çünki "Olimpiakos" "Qarabağ"ın hansı gücə sahib olduğunu gördü. Ümumiyyətlə, Yunanıstandakı görüşdə "Qarabağ"a yuxarıdan aşağı baxırdılar, bu, hiss edilirdi. Azərbaycan və Yunanıstan futbolu adına, belə düşünülürdü. Amma "Qarabağ" möhtəşəm oynayaraq, yaranan fikirləri darmadağın etdi. İnanmıram ki, bu məğlubiyyətdən sonra "Olimpiakos" "Qarabağ"a qarşı rahat futbol oynaya bilsin. Bugünkü görüşdə diqtə edən "Qarabağ" olacaq. Onlar düşünürdü ki, Pireydəki görüşdə diqtə edən tərəf özləri olacaq. Amma əksinə oldu. Artıq onlar səhvlərini başa düşüb, Pireydəki matçdan dərs çıxarıb "Qarabağ"a qarşı Bakıda fərqli oynayacaqlar, daha məsuliyyətli olacaqlar. Amma "Qarabağ"ın qarşısında dayanmaq çox çətindi. "Qarabağ"ın qələbə qazanacağına inanıram və bunu arzulayıram. Ümid edirəm ki, belə də olacaq.
- "Qarabağ" "Olimpiakos"a qalib gələrsə, qrupdan çıxmaq məsələsini böyük ölçüdə həll etmiş olacaq?
- Bəli, "Qarabağ" qalib gələrsə, ikinci pillədəki yeri 70-80 faiz özünə təmin edəcək. Sadəcə qarışıq durumdu. "Nant" da bu gün "Frayburq"la qarşılaşır. "Qarabağ" və "Frayburq" qalib gələrsə, "Olimpiakos"un şansları sıfıra enəcək. "Nant" isə şanslarını sürdürəcək. Bunun üçün onlar evdə "Qarabağ"a qalib gəlib, səfərdə "Olimpiakos"u üstələməlidi. "Qarabağ" isə evdə "Frayburq"a Allah eləməsin, gərək uduzsun. Amma bunlar riyazi cəhətdən olan məsələlərdi. "Qarabağ" bu gün "Olimpiakos"a qalib gələrək qrupdan çıxmaq şanslarını 70-80 faiz həll edəcək. 20-30 faiz isə "Nant"la oyundan asılı olacaq.
- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsüm Avropa Liqasında hara qədər gedə biləcəyini ehtimal edirsiniz? Sizcə, "Qarabağ"ın gücü nəyə imkan verir?
- "Qarabağ" bu il həm daxili çempionatda, həm də avrokuboklarda möhtəşəm futbol oynayır. Uğurlu nəticənin arxasında yaxşı futbolda dayanıb. "Qarabağ" gözəl, layiqli oyunla xallar yığır. Onlar təsadüfi qələbələr qazanmır. Sırf oyun sarıdan da rəqiblərindən üstün oynayaraq xallar qazanır. "Qarabağ"ın hara qədər gedə biləcəyini demək çətindi. Ola bilər ki, çox uzun yol qət etsinlər. Amma burada bir məsələ də var ki, Çempionlar Liqasının üçüncü yeri tutaraq gələcək komandalar olacaq. Komandalar nə qədər güclü olarsa, "Qarabağ" üçün bir o qədər çətindi. Püşkatmadan da çox şey asılı olacaq. Ümid edirəm ki, "Qarabağ" bizi sevindirməyə davam edəcək.
- "Qarabağ"ın zədəliləri Kevin Medina və Maksim Medvedev sıraya qayıdıb. Onların yoxluğunda Bədavi və Bəhlul heç də pis təsir bağışlamırdı. Sizcə, Qurban Qurbanov yenidən Maksim - Medina ikilisinə üstünlük verəcək, yoxsa Bədavi-Bəhlulla davam edəcəklər?
- İnanmıram ki, Medina və Maksim pik formasındadı. Uzun müddətdir ki, oynamırdılar və daxili matçlarda oynayaraq formalarını bərpa etməyə çalışırlar. Məncə, arxa xətdə dəyişiklik olmayacaq. "Frayburq"a məğlubiyyətdən sonra komanda qol buraxmayıb. "Nant" və "Olimpiakos"a 3:0 qalib gəliblər. Belə halda müdafiəçiləri dəyişməyəcəklər. "Qarabağ" rotasiya edə biləcək gücdədi. Arxa xətdə çox yaxşı rəqabət var. Dörd dayanıqlı, keyfiyyətli futbolçular yer alıb. Bu da sevindiricidi. Amma inanmıram ki, rotasiya getsinlər. Qalib heyəti dəyişmək düzgün olmaz.
- Yeri gəlmişkən, Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibləri bəlli oldu. Avstriya, Belçika, İsveç, Estoniya ilə qrupda millimiz nəyə qadirdi?
- Hamı deyir ki, uğursuz qrupa düşmüşük. Amma uğurlu qrupa da alınmazdı. Çünki biz dördüncü səbətdəydik, rəqiblər güclü olmalıydı. Altı komandalı qrupda yer alsaydıq, daha yaxşı idi. Həm çox xal toplamaq imkanımız yaranardı, həm də oyun praktikamız çox olardı. Üçüncü səbətdən İsveçdən bir az da Şərqi Avropadan zəif rəqib düşsəydi, oynamaq mümkün olacaqdı. Amma bir məsələ də var ki, Estoniyanın əvəzinə Slovakiya da bizə ola bilərdi. Çünki onlar beşinci səbətdə yer almışdı. İşimiz daha ağır alınacaqdı. Məncə, 3 və 5-ci səbətdən gələn komandalar bir-birini kompensasiya edib. Futbol mütəxəssisi yox, azarkeş kimi demək olar ki, qrupdan çıxmaq şansımız yoxdu. Reallığı demək lazımdı. Belçika favoritdi, Avstriya və İsveç də ikinci yer uğrunda mübarizə aparacaq. Azərbaycan nə edə bilər? Hər yarışdan əvvəl qarşıya hədəf qoyulur. Minimum hədəf Estoniyanı qabaqlamaqdı. Maksimum isə üçüncü yer uğrunda vuruşmaqdı. Əgər komanda kimi böyümək istəyiriksə, qarşıya maksimum hədəf də qoyulmalıdı. Millimiz 6-9 xal arası yığarsa, buna uğurlu demək olar. Çünki reallıq var, pafosa qapılaraq xal ehtiyatımızı artırmaq, turnir cədvəlindəki mövqeyimizi yüksəltmək mümkün olmaycaq.
- Necə düşünürsüz, "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışı millinin çıxışına da birbaşa təsir edir?
- Səhv etmirəmsə, əsas heyətdəki 5-6 futbolçu "Qarabağ"ı təmsil edir. Bu da əsas heyətin 60-70 faizi deməkdi. Xatırlayın, "Qalatasaray" vaxtilə UEFA kubokunsa sahib olanda, ardınca Türkiyə millisi dünya çempionatında üçüncü yerə çıxmışdı. Bu da bir-birilə bağlıdı. "Qarabağ"ın uğurlu oyunun nəticəsində futbolçular beynəlxalq arenada rahat olur, futbolçular praktikası çox olan təcrübəli kimi özlərini aparır. Azarkeşin və rəqibin təzyiqindən çaşmırlar, öz oyunlarını oynamağa çalışırlar. Millinin son oyunlardakı uğurlarında birbaşa "Qarabağ"ın uğurunun böyük əməyi var. Orada oynayanlar "Qarabağ"dakı ruhu, oyunu, təcrübəni, arxayınçılığı, özünəinamı milliyə daşıyır. Bu, bir-biri ilə bağlı, qırılmaz tellərdi, rəqabət artacaqsa, futbolçular daha yüksək səviyyədə oynacaqsa, milliyə xeyir verəcək.
Mirbağırağa