Vaxtı ilə "Qarabağ"ın uğurları üçün mübarizə aparmış, Ağdam klubunun sabiq futbolçusu Emin Salmanov Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Olimpiakos"la Bakıda 0:0 oynadı. Matç gözlədiyiniz məcrada keçdi, yoxsa daha fərqli oyun olacağını ehtimal edirdiniz?
- "Qarabağ" "Olimpiakos"dan üstün futbol oynadı. Sadəcə olaraq, rəqib müdafiədə çox diqqətli idi. Məhz bu fakt "Qarabağ"ın oyununda müəyyən çətinliklər yaratdı. Qol vurmağı nəzərdə tuturam. Yoxsa, belə, "Qarabağ" rəqibindən üstün oynayırdı. Oyununu bu cür məcrada gedəcəyini də gözləmək olardı.
- "Qarabağ"ın dünənki görüşdə qalib gəlməsinə mane olan əsas məsələ nə idi?
- Bayaq dediyim kimi, "Olimpiakos" müdafiədə çox diqqətli idi. Onlar ilk oyundan sonra müdafiəyə daha çox diqqət etdilər. Bu cür müdafiə xətti olan komandalara qarşı oynamaq çətindi. Özü də Kadi Borges zədələndi. Onun zədələnməsindən sonra hücum xəttinin zənginliyi də azaldı.
- Pireydəki və Bakıdakı matçları necə müqayisə edərdiniz?
- "Olimpiakos" Pireydə daha çox qol vurmaq, hücum haqda düşünürdü. Amma Bakıda yalnız müdafiəyə çəkildi. Yalnız qapılarının toxunulmazlığı haqda fikirləşirdilər. Bunun özü də "Qarabağ"ın oyununa təsir etdi. Doğrudu, oyunboyu üstün tərəf, diqtə edən komanda "Qarabağ" idi. Sadəcə rəqibin müdafiəyə qapılması işi çətinləşdirdi.
- Demək olar ki, "Olimpiakos"un baş məşqçisi Miçel bir həftəyə "Qarabağ"ı daha yaxşı analiz etmişdi? Yoxsa, ilk oyunla müqayisədə bu dəfə "Qarabağ"a daha ciddi yanaşdılar?
- İstənilən çalışdırıcısı komandasını hər bir komandaya qarşı ciddi hazırlayır. Rəqibin kimliyinin fərqi yoxdu. Ola bilər ki, Miçel "Qarabağ"ı ilk oyundan sonra daha yaxından tanıyaraq, ikinci matç üçün daha fərqli sistem seçmişdi.
- "Qarabağ"ın standart vəziyyətlərdən, künc zərbələrindən fərqlənə bilməməsini nə ilə əlaqələndirirsiniz? Sizcə, niyə komanda bundan istifadə edə bilmir?
- İnanıram ki, komanda bunun üzərində çox işləyir, lazımı qədər məşq edir. Ancaq rəqiblərin də fiziki durumları standart vəziyyətlərdən maksimum istifadə etməyimizə çətinlik yaradır. Hər halda bunlar hamısı diqqət ediləsi məqamlardı. "Qarabağ" künc zərbələri zamanı da müəyyən ev tapşırıqları yerinə yetirir. Onlar bunun üzərində işləyir ki, oyunlarda da yerinə yetirir.
- "Qarabağ"ın "Nant"la səfərdə, "Frayburq"la ev görüşü qalıb. Sizcə, qrupdan çıxmaq mümkün olacaq? Ümumiyyətlə, "Qarabağ"ın Avropa Liqasında hara qədər irəliləyə biləcəyini düşünürsünüz?
- Əlbəttə ki, "Qarabağ"ın qrupdan çıxacağına inamımız böyükdü. Amma istənilən halda qarşıdakı oyunlara ciddi hazırlaşmaq lazımdı. Belə də, olduğuna inanıram. Onlar hər iki görüşə ciddi hazırlaşıb, uğurlu nəticə qazanmaq istəyəcək. Qaldı ki, "Qarabağ"ın hara qədər irəliləyə biləcəyi məsələsinə, bu barədə indidən nəsə demək çətindi. Amma mən onların bacardıqlarının ən yaxşısını edəcəyinə inanıram.
Mirbağırağa