"Heç bir müdafiəçi həmin duruma düşmək istəməz"

12:17 - 15 Oktyabr 2022

"Şamaxı"nın futbolçusu, Premyer Liqanın 10-cu turunda "Qəbələ" ilə görüşdə meydana çıxan Adil Nağıyev Sportal.az saytına açıqlama verib. Komandanın aparıcı üzvü olan 1:1 hesabı ilə yekunlaşan görüşü dəyərləndirib: "Qəbələ" ilə oyuna qələbə üçün çıxmışdıq. Yaxşı komandaya qarşı mübarizə apardığımızı bilirdik. Əslində, bu oyunda məğlub da ola bilərdik. Ancaq qələbə qazanmaq şansımız da az deyildi. Məncə, elə matçın ədalətli nəticəsi bərabərlik idi".

Bu görüşdə avtoqola imza atan Nağıyev həmin anları bu cür şərh edib: "Həqiqətən bir müdafiəçiyə görə ən çətin anları yaşadım. Elə sürətli epizod idi ki, reaksiya verə bilmədim. Ancaq uşaqlara təşəkkür edirəm ki, əziyyətimizi yerdə qoymadılar. Ən azından uduzmadıq. Bəli, təəssüf ki, mövsümün ilk avtoqolu qeydə alındı. Heç bir müdafiəçi həmin duruma düşmək istəməz. Çətin anlardı, bunu sözlərlə ifadə etmək mümkün deyil.Əsas məsələ bu vəziyyətdən nəticə çıxarmaqdı. Ancaq növbəti oyunlar üçün daha yaxşı motivasiya olub, daha yaxşı qərarlar verəcəyimi düşünürəm".

Komandanın təcrübəli futbolçularından olan Adil "Şamaxı"nın daha yaxşısını edə biləcəyini söyləyib: "Çox cavan heyətimiz var, təcrübəsizlikdən əziyyət çəkirik. Ancaq biz hər kəsə sübut edirik ki, yerli futbolçularla hər kəsə qarşı oynamaq olar. Bizdəkilərin çoxu gənc futbolçulardı, bəlkə təcrübələri olsaydı, daha çox xal toplamışdıq. Ancaq daha yaxşısını edə bilərdik. Növbəti oyunlara köklənib, qələbə qazana bilərik. Bunu edəcək gücdəyik. Qarşıdakı turda rəqib "Səbail"di. Hər komandaya eyni şəkildə hazırlaşıram. "Səbail" də mənim üçün doğma klubdu. Ancaq hazırda "Şamaxı" ilə müqavilə var və burada yaxşı nəticə qazanmaq üçün hər şey edirəm".


Mirbağırağa

 

Xəbər xətti