"Qarabağ"ın gücünü hamı bilir, amma istəkli olsaq, xal qazana bilərik" - MÜSAHİBƏ

13:13 - 15 Oktyabr 2022

"Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib. "Gənclik şəhəri" təmsilçisinin aparıcı üzvü komandasının Premyer Liqanın 10-cu turunda "Qarabağ"a qarşı keçirəcəyi oyunu barədə danışıb.

- "Sumqayıt" bu turda "Qarabağ"la qarşılaşacaq. Bu görüş barədə fikirlərin necədi? Komanda "Qarabağ" səfərindən xalla ayrıla bilər, yoxsa çox çətin görünür?
- "Qarabağ"ın gücünü hər kəs bilir, onların nəyə qadir olduğundan agahdı. Onların səviyyəsi bəllidi. Amma biz istəkli olsaq, baş məşqçinin dediklərini yerinə yetirsək, təbii ki, "Qarabağ" səfərində də xal və ya xallar qazana bilərik. 

- "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışı sizdə hər hansı həyəcan yaradır? Ağdam klubunun avrokuboklardakı nəticələri barədə hansı fikirdəsən?
- "Qarabağ"ın avrokuboklardakı çıxışı barədə ancaq xoş sözlər deyə bilərəm. Həm azərbaycanlı, həm də qarabağlı kimi onların bu nəticələrinə yalnız sevinirəm. Həqiqətən yaxşı futbol nümayiş etdirib, uğurlu çıxış edirlər.

- Birinci dövrədə "Qarabağ"dan xal almağa çox yaxın idiniz. Ancaq son dəqiqələrdə buraxdığınız qollarla meydanı məğlub tərk etmişdiniz. Həmin oyunu necə xatırlayırsan?
- Bəli, həmin oyun yaxşı yadımdadı. "Qarabağ"a qarşı həqiqətən də yaxşı oyun oynamışdıq. Hətta mənim də çox önəmli qol epizodum var idi. Təəsssüf ki, fərqlənə bilməmişdim. Qismət olarsa, bu oyunda qələbə qazanmaq istəyirik.

- Hazırda ölkə çempionatında qalib gəlməyən iki komandadan biri "Sumqayıt"dı. Səncə, bu, nə vaxta qədər davam edəcək?
- Elə bu turda qalib gəlmək istəyirik. Doğrudu, çətin olacaq. Amma bunun üçün əlimizdən gələni edəcəyik. İnanın ki, hazırki nəticələr bizə də xoş deyil. Həftəboyu istəklə, arzu ilə hazırlaşırıq, məşq edirik. Allah qoysa, "qara zolaq"dan çıxacağıq.

- Qələbə bir yana, komanda cəmi 1 qol vurub. Bu, nə ilə əlaqədardı? Zamanla daha yaxşı olacaq vəziyyət?
- Bəli, qollar vura bilməməyimiz, qələbə qazanmamağımız bizə də pis təsir edir. Bunun üzərində çalışırıq. Epizodlardan daha dəqiq istifadə etmək istəyirik. Ümidvaram ki, bu, bizdə alınacaq.

- Yeri gəlmişkən, "Zirə"nin yeni transferi İssa Cibrilla Azərbaycanda oynayacaq. Yəqin ki, onu "Keçiörengücü"ndən tanıyırsan. Bura gəlməmişdən qabaq səndən məsləhət aldı? Onun haqda nə düşünürsən? 
- Bəli, Cibrilla ilə bir komandada oynamışdıq. O, çox yaxşı insandı, həm də yaxşı futbolçudu. Çox sürətlidi. Türkiyədə eyni komandada oynadığım, mənimlə rəqib olan futbolçular var ki, Azərbaycan barədə məndən məlumat alırdılar. Sırf Cjibrillaya gəlincə, onun haqda ancaq xoş fikirdəyəm. Amma belə, danışmamışdıq onunla. Hər halda, yəqin ki, burada görüşərik.

Mirbağırağa

Xəbər xətti