Azərbaycanlı futbol məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib. "Zirə"nin sabiq çalışdırıcısı Avropa Liqasındakı yeganə təmsilçimiz olan "Qarabağ"ın çıxışını dəyərləndirib.
- "Qarabağ" "Olimpiakos"la matçda 0:0 bərabərə qaldı. Pireydəki görüşdən sonra "Qarabağ"ın rəqibini Bakıda da məğlub edəcəyini ehtimal edirdiniz?
- "Qarabağ"ın oyunlara yanaşması artıq Azərbaycandakı digər komandaların hər birindən fərqlidir. Fərqlilik isə illərdi ki, toplanmış təcrübədən irəli gəlir. Fikir verirsiz, futbolçular istər avrokubok, istərsə də, daxili oyunları yüksək tempdə keçirərək əsas heyətdəki yerlərini möhkəmləndirməyə çalışır. Bu isə komandadakı rəqabətin yüksək səviyyədə olmasından irəli gəlir. Rəqabət isə inkişaf deməkdi.
- Pireydəki "Olimpiakos"la, Bakıdakı arasında hansı fərqlər var idi? Demək olar ki, ilk görüşdən sonra "Qarabağ"a qarşı açıq futbol oynamağın onlara baha başa gələcəyini anlamışdılar?
- "Olimpiakos" ilk oyunda açıq futbol oynayaraq qalib gələcəyini düşünürdü. "Qarabağ" da bundan istifadə edib nəticəni öz xeyrinə dəyişdi. "Qarabağ"a qarşı açıq futbol oynamağın necə nəticələnəciyini bilən "Olimpiakos", Bakıda həmin səhvi təkrarlamadı. Onlar paytaxtımızdakı matçda "ikinci" nömrə ilə oynadı. Belədə, az da olsa, qrupdan çıxmaq şanslarını saxlamaq istəyirdilər. Bunu da hamımız oyunun sonunda gördük. "Qarabağ" üçün çətin olacağı görünürdü. Çünki "Olimpiakos" bu oyunun dəyərini anlayırdı.
- "Qarabağ"ın Bakıda da qələbə qazanmasına mane olan əsas səbəb nə idi? Sizcə, niyə "Qarabağ" sonluğu gətirə bilmirdi?
- "Qarabağ"ın gücünü bilən "Olimpiakos" demək olar ki, müdafiədə maksimum sıxlıq yaradırdı. Onlar Abdullah Zubirin və Ramil Şeydayevin cərimə meydançasına daxil olmasını əngəlləyib, ancaq uzaqdan qapıya zərbələr endirməsinə çalışırdı. Oyun ərzində isə Qara Qarayevin bunu bir neçə dəfə etdiyini gördük.
- "Qarabağ" hazırda ikinci pillədədi, amma Avropa Liqasında növbəti mərhələni hələ ki, qarantiyə almayıb. Sizcə, "Qarabağ" üçün hər hansı təhlükə var, yoxsa təmsilçimiz növbəti mərhələyə vəsiqə qazanacaq?
- "Qarabağ" son dövrlərdə bir neçə dəfə bu cür şans qazanıb. Amma təəssüflər olsun ki, əvvəllər bəzi səbəblərə görə şanslar sonda boşa verilib. Məncə, hər şey bu mərhələnin təcrübəsizliyindən irəli gəlirdi. "Qarabağ"ın hazırkı uğuru illərlə toplanmış təcrübənin bəhrəsidi. Məncə, artıq mərhələ adlamağın vaxtıdı.
- "Qarabağ" növbəti oyununu səfərdə "Nant"a qarşı keçirəcək. Hansı ki, son turda evdə "Frayburq"a 0:4 uduzub. "Qarabağ" isə evdə onları 3:0 məğlub etmişdi. Bu mənada, Azərbaycan çempionunun Fransa səfərində qələbə qazanacağını gözləmək yəqin ki, sadəlövlük olmazdı?
- Bilirsiz, futbol bu cür yanaşmanı heç xoşlamır. Bəzən azarkeşlər ilk oyunlarda qazanılan nəticələrə baxaraq düşünürlər ki, oyun asan olacaq. Lakin nəzərə almaq lazımdır ki, ilk oyunlardan sonra artıq özünün və rəqibin və özünün üstün, zəif cəhətlərini daha yaxşı görür. Buna görə də yeni strategiya və taktika qurulur. Ona görə də düşünürəm ki, "Qarabağ" "Nant"ı quracağı "tələ"yə salaraq qalib gələcək.
- Artıq Maksim Medvedev və Kevin Medina sıraya qayıdıb. Necə düşünürsüz, Qurban Qurbanov onları meydana buraxacaq, yoxsa Bəlulla Bədavi Hüseynov ikilisinə üstünlük verəcək?
- "Qalib heyəti dəyişməzlər" prinsipindən yanaşsaq, Bədavi Hüseynov - Bəhlul Mustafazadə tandemi davam etməlidir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, komanda daxilində sağlam rəqabətin saxlanılmasının vacibliyini bilən oyunçular maksimum gücünü göstərərək əsas heyətdəki yerini saxlamağa çalışır. Təbii ki, Maksim Medvedev və Kevin Medina da öz şansını qazanacaq.
- "Qarabağ" qrupda bütün rəqiblərinə qarşı inamlı, baxımlı və dominant futbol oynadığına görə yolunun hələ uzun olacağını düşünənlər az deyil. Sizcə necə, "Qarabağ" Avropa Liqasında hansı mərhələyə qədər irəliləyəcək gücdədi?
- "Qarabağ" bu gün maksimum irəliləməyə çalışacaq. Hər birimiz də bunun üçün "Qarabağ"a azarkeşlik edəcəyik. Ümidvaram ki, hər şey onlar istədiyi kimi alınacaq.
Mirbağırağa