"Zirə" Azərbaycan Premyer Liqasının 10-cu turunun oyununda səfərdə "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Gözlənilən kimi gərgin, sürətli mübarizə şəraitində keçən oyun oldu. Rəqibin matçın əvvəlində böyük qüvvə ilə irəli atılacağını düşünürdük, buna hazırlaşmışdıq. Oyun getdikcə tam biz istədiyimiz ritmə keçirdi. İki dənə yüz faizlik qol epizodu yaratdıq, amma onlardan istifadə edə bilmədik. Həlledici məqam o oldu. Bizi məyus edən odur ki, oyun tam soyumuşkən qol buraxdıq. Bu da rəqibin hücum xəttində usta futbolçuların çoxluğundan irəli gəlir. Mikelsin o cür epizodda qol vəziyyəti yaratması onun futbolçu kimi ustalığıdır. Bəlkə də biz daha erkən fərqləndəydik, qarşılaşma fərqli gedərdi. 0:1-dən sonra irəli atıldıq, hesabı bərabərləşdirməyə çalışdıq. Azlıqda qalmağımıza baxmayaraq, bizim də qol şanslarımız oldu. Oyun artıq qopmuşdu, risk edirdik. Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. "Sabah" la ilk oyunla müqayisədə xeyli inkişaf görünürdü. Bu gün hər iki komanda qələbə qazana bilərdi. Kim qol vursa, onun qələbə qazanacağı açıq-aşkar görünürdü. Rəqibi təbrik edirəm. Özləri üçün çox vacib qələbə qazandılar. Bu matçı unudub, növbəti görüşlərə köklənməliyik.
- Coşqun Diniyevin qırmızı vərəqə epizodu ilə bağlı nə deyə bilərsiz?
- İstəyirsizsə, sizin üçün bir saatlıq video yığım. O qədər sarı vərəqəsi olan futbolçular hakimə etiraz edirlər, amma ikinci "sarı" verilmir. Elçin Məsiyevə yaxınlaşıb sual verdim ki, neçə dənə belə sarı vərəqə göstərmisən? Bir anlıq fikrə getdi və cavab verə bilmədi. Fərqi yoxdur hansı referi. Elçin bu gün yaxşı həkimlik edirdi. Amma kritik məqam idi. Matçın bitməyinə 10 dəqiqə qalmışdı, hücumlarımızı artırmışdıq. Belə məqamda azlıqda qalmaq oyunu qoparır. Bu tip soyuqqanlı qərarlar həmişə "Zirə"yə qarşı olur. Çempionatda çox sayda belə epizodlar göstərərəm. Nəisə. Hakimlikdən çox danışmaq istəmirəm.
- Hakimlərin problemi Rəşad Sadıqovladır, yoxsa "Zirə" ilə?
- Bilmirəm.
- İki futbolçunuz zədələndi. Bunun oyuna təsiri necə oldu?
- Keyta zədələndi. Hamdouinin bir az ağrısı var idi. Təbii ki, Keytanın zədələnməyi bizim üçün ciddi itkidir. Amma bu futboldur. Sonradan meydana daxil olan futbolçular da pis çıxış etmədilər. Qomis bir qol epizodu yaratdı, bir ötürmə verdi. Fərqlənə bilsəydik, tam fərqli nəticə olacaqdı.
- Mehdi Cənətovun zədəsi nə dərəcədə ciddidir?
- Bəzən belə zədələr olur ki, həkimlər qeyri-müəyyən vaxt proqnozu qoyurlar. Mehdidə də belə haldır. Tam bərpa olmasını gözləyirik. Amma Anar da yaxşı çıxış edir.
- Yeni transferiniz yanvardan sonra çıxış edəcək. Bu haqda nə deyə bilərsiz?
- Bu hadisəyə çox məyus olduq. Avqustdan danışıq aparırdıq. Futbolçu milli komandaya qoşulduqdan sonra gəlməli idi. Baş aça bilmədik hansısa klub onun transfer vərəqini Türkiyə Futbol Federasiyasından götürüb. Bilmirik həvəskar kimi sifariş ediblər ki, bəlkə "Zirə" ilə danışıqlar alınmaz. Heç özü də bilmirdi ki, bu proses onun sonra hər hansı klubda çıxış etməyinə maneə törədə bilər. Texniki səhv baş verdi. Bəyəndiyim futbolçudur. Qışdan sonra oynamağa başlayacaq. Amma bu aralar bizə çox faydası deyə bilərdi.
- Coşqun Diniyevə hansısa intizam cəzası tətbiq edəcəksiz?
- Paltardəyişmə otağına girəndə əsəbindən divara yumruq vurub. Bunu hamımız etmişik. Bəlkə də mənə belə qırmızı vərəqə göstərsəydilər, daha betərini edərdim.
- Haqq qazandırırsız?
- Xeyr. Futbolçuların maksimum səbrli olmasını istəyirəm. Amma anlayışlı da olmalıyıq. İnsandır. Bəzən biz də oyunlarda emosiyalarımızı cilovlaya bilməmişik.
- İlkin Muradovla Təmkin Xəlilzadənin fiziki durumu nə yerdədir?
- 50 gün əsas komandadan kənarda qaldılar. Bu dəqiqə ideal vəziyyətdə ola bilməzlər. Əsas komanda ilə məşq etməyin effekti başqadır. Yaxın gələcəkdə formalarını bərpa edəcəklər.
- Qışa qədər transfer ola bilər?
- İstədiyimiz mövqelərə transfer edə bilmədik. Sərbəst statusda bəyəndiyimiz futbolçu olsa, götürə bilərik. Hazırda yaxşı futbolçunun sərbəst qalacağı da inandırıcı görünmür.
Elçin Əlixan
saytlarin hazirlanmasi