Murad Musayev: "Düşünürəm ki, layiq olduğumuz yerdəyik"

20:34 - 15 Oktyabr 2022

"Sabah" Azərbaycan Premyer Liqasının 10-cu turunun oyununda doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında ev sahibərinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- "Zirə" çox önəmli rəqibdir. Bu gün parlaq oyun gördük. Matç hər iki tərəfin qarşılıqlı hücumları şəraitində keçdi. Oyunu izləyənlər məmnun qaldılar. Psixoloji cəhətdən futbolçular yaxşı idilər. Yüksək tempi sona kimi saxlaya bildik. Ən önəmlisi odur ki, oyunun sonlarında fərqlənməyi bacardıq. Düşünürəm ki, VAR-ın baxdığı epizodda penalti var idi. Bu gün vacib olan qələbə idi, onu da əldə etdik. Meydanın hər qarışında mübarizə var idi. 


- "Neftçi" ilə matçdan sonra soruşmuşdum ki, istədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt lazımdır. Artıq 10 tur geridə qalıb. Eyni sualı yenə vermək istəyirəm...

- Biz hələ bu prosesdəyik. Bu gün bəlkə də məzmun cəhətdən ən yaxşı oyunumuzu oynadıq. Rəqibin oyun üslubu da önəmlidir. Bu gün "Zirə" açıq futbol oynamağı seçdi. Bəzi rəqiblər var ki, qapanır, başqa tərzdə oynayırlar. Çalışmalıyıq ki, öz arsenalımızda olanları daha da inkişaf etdirək. 


- Birinci dövrəni necə dəyərləndirirsiz? İkinci pilləyə layiqsiz, yoxsa daha da irəli gedə bilərdiz?

- Düşünürəm ki, layiq olduğumuz yerdəyik. "Şamaxı" və "Neftçi" ilə matçların son dəqiqələrində qol vurub qalib gəlmişik. Bəzən futbolda bəxtin gətirir, bəzən gətirmir.


- Bütün oyunlarda qapıda Yusif İmanova şans vermisiz. Sizə elə gəlmir ki, bunun nəticəsində digər qapıçılar formadan düşə bilər?

- Yalnız "Sabah"da 3 qapıçı var? Qapıçı və mərkəz müdafiəçisi çox önəmli mövqelərdi. Burada hər dəfə dəyişiklik etmək olmur. Son üç oyundur qol buraxmırıq. Düşünürəm ki, çox dəyişikliyə ehtiyac yoxdur.

 

Elçin Əlixan

Xəbər xətti