Elçin Məsiyev yenə "iş başında" QEYD

23:34 - 15 Oktyabr 2022

Premyer Liqada 10-cu turun mərkəzi görüşü adına layiq şəkildə keçdi. “Sabah” – “Zirə” oyunu qol epizodları ilə zəngin, azarkeşlərin gözünə xoş gələn tərzdə bir matç oldu. “Sabah” daha üstün keçirdiyi görüşdə, 72-ci dəqiqədə Emmanuel Apehin vurduğu qolla layiqli qələbə qazandı.

 

Bu oyuna diqqəti artıran daha bir məqam Elçin Məsiyevin baş hakim kimi təyinat alması idi. Əvvəlki mövsümlərdə “Qarabağ” və “Zirə”yə açıq-aşkar qənim kəsilən, hər imkanda bu iki kluba badalaq vurmaqla tanınan Məsiyevin bu dəfə nə ilə yadda qalacağı maraq doğururdu.

 

İlk dəqiqələrdən oyuna nəzarəti əlində saxlayan Elçin Məsiyev yaxşı idarəçiliklə yadda qalırdı və hər hansı bir komandaya simpatiya bəslədiyini demək haqsızlıq olardı. FİFA referisi görüşün 58-ci dəqiqəsində diqqət mərkəzinə gəldi. O, VAR-a baxmalı oldu. Çantakiasın cərimə meydançasının içində “Sabah”ın forvardı Davit Volkovu tutub saxlaması penaltiyə şübhələr oyatmışdı. Məsiyev epizoda dəfələrlə baxsa da, burada qayda pozuntusu görmədi. Yeri gəlmişkən, matçdan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Murad Musayev həmin epizodda penaltinin olduğunu söylədi. Açığı, həmin məqam daha çox penaltiyə bənzəyirdi, nəinki oyun epizoduna. Hər halda Məsiyevin belə bir anda “Zirə”nin əleyhinə qərar çıxarmaması maraqlı hadisə oldu.

 

Hadisələrin sonrakı gedişatı göstərdi ki, Elçin Məsiyevin “Zirə”ylə “haqq-hesabı” hələ qabaqda imiş. Hesabda geri düşən “Zirə” irəli atılır. 84-cü dəqiqədə Aleksey İsayevin Coşqun Diniyevə qarşı növbəti qayda pozuntusu baş verir. Coşqun baş hakimə etirazını bildirdiyi anda Məsiyevin əli cibinə gedir, ikinci sarı vərəqə və “Zirə” azlıqda qalır...

 

İlk növbədə Coşqun Diniyevin nəyə etiraz etdiyinə aydınlıq gətirək. Görüşün 65-ci dəqiqəsində Aleksey İsayev Diniyevi tutub saxladığı üçün qarşısında sarı vərəqə görmüşdü. Bu epizoddan az sonra İsayev yenə Diniyevə qarşı qaydanı pozur. 84-cü dəqiqədə Alekseyin onu növbəti dəfə şortundan tutub çəkməsinə etiraz olaraq, Coşqun hakimə səslənir. Epizoddan açıq-aşkar görsənir ki, Məsiyev Aleksey İsayevə ikinci sarı vərəqə göstərə bilərdi, çünki bu, artıq onun ardıcıl ikinci qayda pozuntusu idi. Amma olsun, deyək ki, Elçin Məsiyev burada sarı vərəqəlik heç nə görmədi. Bəs, vəziyyətə uyğun olaraq etiraz eləyən Diniyevə nə üçün ikinci sarı vərəqə göstərilir? Axı, Məsiyev özü də bilir ki, Coşqunun etirazları haqsız deyildi...

 

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra həmin epizod barədə bunları deyib:

 

 “İstəyirsizsə, sizin üçün bir saatlıq video yığım. O qədər sarı vərəqəsi olan futbolçular hakimə etiraz edirlər, amma ikinci "sarı" verilmir. Elçin Məsiyevə yaxınlaşıb sual verdim ki, neçə dənə belə sarı vərəqə göstərmisən? Bir anlıq fikrə getdi və cavab verə bilmədi. Fərqi yoxdur hansı referi. Elçin bu gün yaxşı həkimlik edirdi. Amma kritik məqam idi. Matçın bitməyinə 10 dəqiqə qalmışdı, hücumlarımızı artırmışdıq. Belə məqamda azlıqda qalmaq oyunu qoparır. Bu tip soyuqqanlı qərarlar həmişə "Zirə"yə qarşı olur. Çempionatda çox sayda belə epizodlar göstərərəm. Nəisə. Hakimlikdən çox danışmaq istəmirəm”. 

 

Bax belə. Elçin Məsiyev hətta yaxşı idarə elədiyi oyunda da “Zirə”nin əleyhinə yanlış qərar verməklə söz-söhbətə əsas verdi. Belə görünür ki, Məsiyev “Qarabağ” və “Zirə”nin oyunlarında hər nə qədər ədalətli hakimlik etməyə çalışsa da, kritik məqamlarda xislətindən əl çəkəsi deyil.

 

HƏMİD

 

 

 

 

 

Xəbər xətti