Tərlan Əhmədov: "Qorxacağımız, çəkinəcəyimiz bir şey yoxdur"

18:21 - 16 Oktyabr 2022

"Kəpəz" Azərbaycan Premyer Liqasının 10-cu turunun oyununda doğma meydanda "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

- Maraqlı, mübarizəli oyun gördük. İlk 15 dəqiqədə həyəcan hiss olunurdu. 4 il sonra Gəncədə Premyer Liqa matçının keçirilməsi, azarkeşlərin tribunalarda olması istər-istəməz futbolçularda həyəcan yaradır. Gəncə camaatını təbrik edirəm, fanatlarımıza təşəkkürümü bildirirəm ki, sonadək bizə dəstək oldular. Komanda qol buraxandan sonra ayıldı. Çalışdıq ki, qarşımıza qoyulan tapşırığı yerinə yetirək. 20-ci dəqiqədən sonra rəqibi təzyiqdə saxladıq. Qırılma nöqtəsi qırmızı vərəqə idi. Mən düşünürdüm ki, futbolçular müdafiəyə çəkiləcək. Amma sağolsunlar ki, azlıqda qalmağımıza baxmayaraq, mübarizə apardılar. Epizodlarımiz da oldu. Bəlkə də qol vura bilərdik. "Neftçi"yə qarşı azlıqda oynamaq çətindir. Komanda hələ tam mən istəyən formada deyil. Ehtiyat oyunçular skamyasında kasadlıq var. Bu da bizi bir az sıxır. 2018-ci ilin may ayında mən "Neftçi"nin baş məşqçisi olarkən bu meydanda "Kəpəz"i 2:1 hesabı ilə məğlub etmişdik. Amma 4 illik fasilədən sonra "Kəpəz"in baş məşqçisi idim və buradakı ilk matçda  "Neftçi"yə məğlub oldum. İstərdim ki, bu oyun daha uğurlu olsun. Komandanın apardığı mübarizə, göstərdiyi oyun mənim üçün böyük sürpriz idi. 


- Zamiq Əliyev yersiz qırmızı vərəqə aldı. Onunla söhbətiniz olacaq?

- Bizim daxili kodeksimiz var. İlk gündən oyunçulara tapşırmışam. Oyun epizodunda alınan qırmızı vərəqə bağışlanandır. Amma rəqibə, azarkeşə, hakimə qarşı edilən hərəkət fərqlidir. Onu cəzasız qoymayacağıq. Komanda yaxşı oynayan vaxt alınan yersiz qırmızı vərəqə yaxşı hal deyil. Hakim haqlı idi. Hər futbolçu oynadığı klubun dəyərlərini soyuq başla, isti ürəklə meydançada qorumalıdır. Mən belə halda futbolçunu birbaşa əvəzedici heyətə göndərirəm. Amma Zamiqi gənc və təcrübəsiz olmağına bağışlamaq olar. Amma pul cəzası qaçılmazdır. 


- Yeni transfer etdiyiniz qapıçının durumu nə yerdədir?

- Marioda bir az problemlər çıxıb. Mediaya məlumat veriləcək  Hələ ki, meneceri ilə danışıqlar gedir. 


- Əli Səmədovun əvəzedici heyətə göndərilməsinin səbəbi nədir?

- Bütün dünyada idarə, müəssisə rəhbərləri işçiyə bir iş tapşıranda, o isə həmin işi istədiyiniz kimi etməyəndə əsəbləşirsiz. Komanda uduzanda belə verilən tapşırıqlar icra olunmalıdır. "Sabah"la oyundan sonra soyunub-geyinmə otağında Əliyə iradlarımı bildirdim ki, tapşırıq baş məşqçinindir. Əgər məğlub olacağıqsa, mən cavabdehəm. Ev tapşırıqları var idi ki, Əli Səmədov tərəfindən icra olunmamışdı. Buna görə də mənim qəzəbimə tuş gəlib bir müddətlik əvəzedici heyətə göndərildi. Bu da hamıya dərs olunmalıdır. 


- 10 oyundan sonra 4 futbolçu qırmızı vərəqə alıb, 2 oyunçu əvəzedici heyətə göndərilib. Nizam-intizamla bağlı problem var?

- Bir ay ərzində hər şeyi dəyişmək olmur. Futbolçu qıtlığı var, bəzi mövqelərdə rəqabət azdır. Peymanın xəstə olması, Elvinin zədədən yeni qayıtması problem yaradır. Yusif Nəbiyevin mövqeyində ikinci oyunçumuz yoxdur. Rəqabətin olmadığı mühitdə nəyisə dəyişmək çətindir. Oyun baxımından bəzi dəyişikliklər var. Biz bu günü yox, gələcəyi fikirləşirik. Qırmızı vərəqələr də qaçılmazdır. Hər mövqedə 2-3 futbolçu olanda onda edəcəyi hərəkətləri düşünərlər. Belə oyunlarda bəzən qırmızı vərəqə qaçılmaz olur. Oyunçularda aqressivlik, istək var, özlərini göstərmək istəyirlər. Bəzən istək o qədər çox olur ki, futbolçu qərarlarını da düzgün icra edə bilmir. Tədricən bunlar da öz yoluna düşəcək. 


- 5-ci oyundur "Kəpəz"dəsiz. Bu müddətdə nəyi dəyişə bilmisiz?

- Komandada oyun sistemi dəyişib. Oyunu daha çox meydanın rəqibə aid olan hissəsində aparmağa çalışırıq. Müdafiədə oturub, əks-hücumlara bel bağlamırıq. Komandanın özümə inamı var. Biz bura gələndə futbolçular elə bil futboldan küsmüşdülər. Oyundan-oyuna komandada inkişaf var. Ehtiyatımız olmadığına görə stabil oyun nümayiş etdirə bilmirik. Buna görə də məğlubiyyətlər qaçılmazdır.


- Gəldiyiniz gün Rauf Əliyevi əvəzedici heyətə göndərdiz, daha sonra Əli Səmədovu. Bu gün də dediniz ki, Zamiq Əliyevi cəza gözləyir. Bu gestapo rejiminin futbolçuları sizə qarşı qaldıracağından qorxmursuz?

- Yox. Mən heç vaxt belə şeydən qorxmamışam. İşlədiyim yerdə hər zaman nizam-intizamın olmasına çalışmışam. Heç kim başqasından üstün deyil. Nə həyatda, nə də kollektivdə. Hamı uğur üçün çalışmalıdır. Əgər bir insan cəzalanırsa, deməli bunu haqq edir. Bu, sonrakı mərhələdə digərlərinə dərs olur. Əgər bir oyunçu qırmızı vərəqə alıb 5 oyun cəzalanırsa, Maddi durumu pis olan komandanı 4000 manat ziyana salırsa, kim zəmanət verə bilər ki, o bir daha eyni hərəkəti etməyəcək? Kim mənə zəmanət verər ki, Əli Səmədov növbəti matçlarda tapşırığı yerinə yetirəcək? Daxili kodeks var, cəzanı almalıdırlar. Həm sarı vərəqə, həm də qırmızı vərəqədə çoxlarından irəlidəyik. Futbolçu meydanda futbolunu oynamalıdır. Gələcəkdə nə olacağını heç birimiz bilə bilmərik. Çalışıram ki, sağlam kollektiv olsun. İşlədiyim klublarda elə olub ki, 16 futbolçu ilə nəticə əldə etmişəm. Futbolçu formasını geydiyi klubun mənafeyi üçün düzgün qərarlar qəbul etməlidir. Qorxacağımız, çəkinəcəyimiz bir şey yoxdur. Qışa qədər komanda lazımi mövqeyini əldə edəcək.


- Ehtiyat qüvvənin azlığından şikayət etdiniz. Rəhbərliklə bununla bağlı danışığınız olub?

- Bunun üzərində iş gedir. Hətta indiki məqamda bir neçə futbolçu cəlb etmək istəyirik. Futbolçuların Gəncəyə gəlmək problemi var. Çünki, bura Bakıdan uzaqdır. Komandanın Premyer Liqaya yeni çıxdığını eşidəndə də gəlmək istəmirlər. Qışa qədər bir hücumçu istəyirik. Olmasa, qışda həm yerli, həm legioner oyunçular cəlb edəcəyik. Bir neçəsi ilə danışıqlar gedir. Hələ ki, konkret nəticə əldə olunmayıb.

 

Elçin Əlixan

Xəbər xətti