Qurban Qurbanov: "Çempionat oyunları gərgin keçir"

19:47 - 16 Oktyabr 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 10-cu turunun oyununda öz meydanında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Xeyli əziyyət çəkdilər, yoruldular. Yaxşı, intizamlı müdafiə olunan komandaya qarşı oynadıq. Şükürlər olsun ki, sonda 3 xalı qazandıq. Futbolçularımdan razı qaldım. Rəqibin əks-hücumlarının qarşısını ala bilirdik. İkinci hissədə bir anlaşılmazlıq oldu, qol buraxdıq. Samir Abasova uğurlar arzulayıram. İnanıram ki, qarşıda daha yaxşı, nəticə verən komanda olacaq. Azarkeşlərimizə təşəkkür edirəm.

- Demək olar ki, komandada yorğunluq aradan qalxıb?

- Xeyr. Elə zamandayıq ki, futbolçuların yorğunluqdan sonra dərhal özlərinə gələcəklərini deyə bilmərik. 4 gün sonra yenə oyunumuz var. Futbolçularımızın yaxşı durumunu geri qaytarmağa çalışacağıq. Çempionat oyunları gərgin keçir. Asan deyil.


- Kevin Medinanın müdafiənin sol cinahında oynaması nə ilə bağlı idi?

- Daha əvvəl də “Sumqayıt”a qarşı bu mövqedə oynamışdı. Variantlardan biridir. Bu gün Rahil, Maksim və Medinanın meydanda olmasını istəyirdim. Oyun praktikaları üçün vacib idi. Qarşıda yenə belə addım ata bilərik.

- Bu mövsüm çempionatın daha rəqabətli olduğunu düşünürsüz?

- Mənim üçün xoşdur. Azərbaycanlı kadrlarımızın hərəsinin bir komandanın başında olmasına ancaq sevinə bilərik. Bölgələrə getmək çox maraqlıdır. Tovuzda ilk çempionluğumu yaşamışam. Gəncədə azarkeş kütləsi, ajiotaj çox yaxşıdır. Oraların futbol mədəniyyətini yenidən yada salmaq çox xoşdur.

- “Nant”la matç barədə düşünürsüz?

- Hələ vaxta var. Qarşıda çempionat matçımız var. Hazırlaşmaq üçün vaxtımız olacaq. Futbolçuları optimal formaya gətirməyə çalışacağıq.

- Kadi “Nant”la oyuna hazır ola bilər?

- Vəziyyəti yaxşılığa doğru gedir. Qarşıdakı matçda oynayıb-oynamayacağını hələ bilmirik. Gələn həftə daha dolğun cavab verə biləcəyik.

- Heyətdə rotasiyalar olsa da, komanda oyunboyu üstün idi. Qollar isə əvəzetmələrdən sonra vuruldu…

- Dəyişikliklər çox olmuşdu. Belə müdafiə olunan komandalara qarşı ilk dəqiqələrdən nəsə etmək çətindir. Birinci hissədə hücum xəttində çoxlu dəyişikliklər var idi. İkinci yarıda sürəti artırmaq, daha çox topa sahib olmaq lazım idi. Daha təcrübəli futbolçulardan istifadə edə bildik. Bu, o demək deyil ki, onlar ilk yarıda meydanda olsaydılar, qol vurardıq. Birinci hissədə komandalar daha canlı olurlar.

Xəbər xətti