Samir Abasov: "Komandanı məndən başqa heç kim yığmayacaq"

20:11 - 16 Oktyabr 2022

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 10-cu turunun oyununda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

 

- Bugünkü vəziyyətimizdə "Qarabağ"a qarşı oynamaq çətindir. Ümumi oyunu götürəndə yaxşı epizodlar yarada bildik. Söhbət qol epizodlarından getmir. Bu cür matçlarda müdafiədən oynamağa məcbursan. İstəsən də, istəməsən də rəqib səni müdafiədən oynadacaq. Birinci hissədə oyunumuz yaxşı idi. Gücümüz tükənəndən sonra qapımızda qollar gördük. Qələbə qazanmamışıq. Xoş olan odur ki, nəhayət qol vura bildik. Oyundan-oyuna daha yaxşı olacağımızı düşünürəm. Buna əminəm. Hücum xəttində kreativ, oyunu üzərinə götürən futbolçularımız yoxdur. Çıxış yolu həm hücumda, həm müdafiədə kollektiv oyun oynamaqdır. Məşqçi olaraq komandamızı stressə, həyəcana salmamalıyıq. Soyuq başla hər şeyi təhlil edib bu vəziyyətdən çıxmalıyıq. 


- Komandanız ilk dəfədir ki, oyun epizodundan qol vurdu. Bunu irəliləyiş hesab etmək olar?

- Bu, mənim üçün xoş olmayan təbrikdir. 10 oyunda 1 qol vurmuşuqsa, nədən danışaq? Amma gəlin, son 3 oyunu təhlil edək. Çünki, əvvəlki matçlar haqda mən heç nə deyə bilmərəm. "Qarabağ"la oyunlar bizim üçün təcrübə olaraq yaxşıdır. Bir az azarkeşlərimizdə küskünlük var, ümidlər azalıb. Amma fikirləşirəm ki, belə görüşlər bizə fayda verəcək. İndiki məqamda hansı oyunun bizim üçün uyğun olduğunu müəyyənləşdirməliyik. Hələ ki, axtarışdayıq.


- Qış transfer pəncərəsi zamanı hücum xəttinə yeni oyunçular cəlb olunacaq?

- Söhbət tək hücumdan getmir. Qışı ən çox səbrsizliklə gözləyən insanlardan biri mənəm. Belə matçlarda nə qədər oyunçu qazana bilsək, işimiz o qədər yüngülləşər. Qurduğumuz oyunu başa düşməkdə çətinlik çəkənlər çox olsa, deməli hələ işimiz çox olacaq. Belə olan halda nəinki qışı, yayı da gözləməli olacağıq. 


- Aleksey Baqa bildirmişdi ki, heyəti o qurmayıb. Qış fasiləsində sırf sizin istədiyiniz oyunçuların transfer olunacağı ilə bağlı rəhbərliklə razılığınız olub?

- Mən Aleksey Baqa ilə bağlı ümumiyyətlə şərh vermək istəmirəm. Təsəvvür edən mən deyirəm ki, heyəti mən yığmamışam. Onda adama deyərlər ki, bəs burada nə işin var? Əlbəttə belə şeylər yoxdur. Onu demək belə özünü ləkələməkdir. Hər oyundan, məşqdən sonra rəhbərliklə görüşürük. Mənim sakit, pozitiv olmağımın arxasında onlar dayanıb. Hamımız istəyirik ki, birlikdə bu vəziyyətdən çıxaq. Məndən çox onlar arı kimi çalışırlar. Əlbəttə ki, komandanı məndən başqa heç kim yığmayacaq.


- Bir komanda mövsümün sonunda Premyer Liqanın tərk edəcək. Bu haqda nə deyə bilərsiz?

- Bilmək olmaz çempionatı kim tərk edəcək. Sonuncu yerdə olmaq istəmirik. Mayda turnir cədvəlində nələrin baş verəcəyini indidən deyə bilmərəm. Ola bilər ki, komandada ən yaxşı kimi gördüyünüz oyunçu ilə qışda yollarımızı ayıraq. İstəyim odur ki, qışa kimi bir oyun sistemi olsun və futbolçular buna oturuşsunlar. Komandanı da onların ətrafında quraq. Nə qədər çox futbolçu qalsa, işimiz yüngülləşər. Çempionatı tərk etmək haqda ümumiyyətlə fikirləşməmişik.

 

Elçin Əlixan

Xəbər xətti