"Qarabağ"ın "Olimpiakos"u səfərdə 3:0 məğlub edəcəyini gözləmirdim. Düzdü, son iki ayda "Qarabağ”ın nümayiş etdirdiyi oyunla hər bir rəqibə qalib gələcəyini təxmin etmək mümkündü. Ancaq bu hesabla Pireydə qalib gələcəklərini ehtimal etmirdim. “Olimpiakos” tarixi olan, daim avrokuboklarda iştirak edən, Yunanıstanın son 10-15 ildə ən yaxşı komandasıdı. Bu cür komandanı səfərdə məğlub etmək böyük nəticədi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Borçe Xristov deyib. Vaxtı ilə Ağdam klubunda məşqçi kimi çalışmış şimali makedoniyalı Azərbaycan çempionunun Avropa Liqasındakı uğurlu nəticərini şərh edib. O, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Bakıda da "Olimpiakos"dan üstün futbol sərgilədiyini bildirib. Bununla yanaşı Xristov təmsilçimizin qrupdan çıxmaq şanslarını dəyərləndirib:
"Qarabağ"ın evdə "Olimpiakos"la matçına baxdım. Oyunboyu dominantlıq edən tərəf "Qarabağ" idi. Rəqib “Olimpiakos”dursa, hər iki oyunda qalib gəlmək çətin olur. Burada psixoloji daxil olmaqla bütün aspektlər var. Təkrar edirəm ki, “Olimpiakos” çox tanınmış və tərcübəlidi. Bütün bunlara baxmayaraq, Qurban Qurbanovun komandası Bakıda da qələbəyə çox yaxın idi. Bir xal da yaxşı nəticədi. Çünki “Nant”la xal fərqi dördə yüksəldi. “Qarabağ” qrupdan çıxmaq üçün yaxşı şansa sahibdi. Görünən bu idi ki, “Olimpiakos” Bakıdakı bərabərliyə sevinirdi. Çünki Pireydəki məğlubiyyətin qorxusu ilə Bakıya gəlmişdilər. Ona görə qapalı oynadılar.
"Qarabağ" yüksək səviyyədə futbol oynayır, qrupdan çıxsalar, bunu normal qəbul edəcəm. Məncə, hər şeyə Fransada “Nant”la matçda da aydınlıq gətirmək mümkündü. “Qarabağ” bunu bacararsa, layiqli şəkildə edəcəklər.Klubda işləyənlər hamısı buna layiqdi".
Xristov hazırda "Vardar"ın futbol akademiyasında idman direktoru vəzifəsində çalışır.
Mirbağırağa