"Amkar"ın yetirməsi, bir müddət əvvəl "Kəpəz"lə müqavilə imzalayan, ancaq Gəncə klubunun yollarını ayırdığı Rinat Hüseynov Sportal.az saytına müsahibə verib. Rusiya vətəndaşı olduğuna görə "Şamaxı"ya da keçidi baş tutmayan, daha sonra isə Yaşar Vahabzadənin dəvəti ilə “Kəpəz”ə keçən müdafiəçi saytımıza müsahibəsində ayrılığın təfərrüatlarından söhbət açıb.
- Nəyə görə “Kəpəz”də qalası olmadın?
- Vətənimə oynamaq üçün gəlmişdim. Atam da məni Azərbaycan çempionatında oynamağa məcbur etdi. O, hər zaman bu addımı atmağımı məndən istəyirdi. Halbuki mənim Rusiyadan təkliflərim var idi. Bilirsiz, Tərlan Əhmədovun gəlişindən sonra hər şey dəyişdi. Bir ay ərzində heç mənimlə danışmırdı, hal-əhval da tutmadı. Məşqə gələndə isə səbəbini izah etmədən mənimlə yollarını ayrıldıqlarını dedilər. Bu, baş məşqçi tərəfdən humanist addım deyildi. Belə hadisə ilə heç vaxt qarşılaşmamışdım. “Kəpəz” yaxşı klubdu. Mənə şans verdiyinə görə onlara təşəkkür edirəm. Təəssüf ki, baş məşqçi mənimlə belə davrandı.
- Yaşar Vahabzadənin vaxtında da debüt etmədiniz. Bəs bu nə ilə əlaqədar idi?
- Bəli, mən komandaya gələndə baş məşqçi Yaşar Vahabzadə idi. O, insan və məşqçi kimi bəyəndiyim biridi. İki həftə ərzində məni sifariş edə bilmədilər. Çünki Rusiyadan sənədlərim gəlməliydi. Amma bir az gecikmələr oldu və buna görə də, yalnız 2 həftədən sonra sifariş edə bildilər. Məni sifariş edəndə isə təəssüf ki, Yaşar Vahabzadə komandada deyildi.
- Yayda “Şamaxı”nın düşərgəsindəydin və müqavilə imzalayacaqdın. Orada niyə qalmadın?
- “Şamaxı”da 20 gün oldum. Onlarla birlikdə toplanış keçdim. Amma sonradan Rusiya vətəndaşı olduğuma görə komandada saxlamayacaqlarını bildirdilər. Bildiyiniz kimi “Şamaxı”da isə yalnız yerlilər oynayır.
- Rusiya klubu ilə müqavilə imzalayacaqsan?
- Rusiyadan təkliflərim var. Qışda bununla bağlı düşünəcəm və qərar verəcəm.
- Səncə, növbəti dəfə Azərbaycana gəlmək şansın yaranacaq?
- Bu barədə indidən bir söz deyə bilmərəm.
- Səncə, nəyə görə Azərbaycandakı karyeran alınmadı?
- Mənə sadəcə olaraq, şans vermədilər. Hardasa, bəxtim də gətirmədi.
- Azərbaycan Premyer Liqası haqda fikrin necədi?
- Azərbaycan çempionatının səviyyəsi yaxşıdı. “Şamaxı” və “Kəpəz”də də yaxşı futbolçular var. Amma oyunlar zamanı bəxtləri gətirmir.
- Səncə, Azərbaycan vətəndaşlığına sahib olsaydın, karyeran daha fərqli alınardı?
- Düzü, necə ola bilərdi, bilmirəm. Hər şeyi yalnız Allah bilir. Amma dəqiq onu bilirəm ki, şans versəydilər, onu qaçırmazdım.
Mirbağırağa