"Qarabağ"ın Avropanın qrand klublarına da qalib gələ biləcəyini düşünmək olar"

19:59 - 18 Oktyabr 2022

"Artıq "Qarabağ"ın gücünü tək Azərbaycanda deyil, Avropada da görürlər, hiss edirlər. İllərdir ki, tətbiq etdikləri sistemin, çəkdiyi əziyyətin qarşılığını görürlər. "Qarabağ"ın nümayiş etdirdiyi oyundan sonra Avropanın qrand klublarına da qalib gələ biləcəyini düşünmək olar".

Bu sözləri Sportal.az saytına açıqlamasında futbol veteranı Nazim Əliyev deyib.

"Qarabağ"ın sabiq futbolçusu və məşqçisi Ağdam təmsilçisinin avrokuboklardakı uğurlu çıxışını dəyərləndirib. Əliyevin fikrincə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının G qrupundan növbəti mərhələyə vəsiqə qazanacaq:

"Qarabağ"a olan inam onların özünəməxsus oyunlarından, və həmin oyunu istənilən rəqiblə matçda tətbiq etmələrindən irəli gəlir. Təsəvvür edin, Avropanın beş ən güclü liqasından birinin təmsilçisi - Fransa klubu "Nant", Avropanın tanınmış komandası "Olimpiakos"a qarşı da gözəl futbol oynayaraq layiqli qələbələr qazandılar.

​Onlar hətta "Frayburq"u da Almaniyada qapısına sıxışdırmışdılar. "Qarabağ"ın qrupdan çıxacağına şübhəm yoxdu. Qurban Qurbanov komandasını gözəl tanıyır, rəqibləri də əla analiz edir. İnanıram ki, "Qarabağ" Fransada "Nant"ı məğlub edərək qrupdan çıxacaq. Komandamız Avropa Liqasında hələ çox uzağa gedəcək. Sadəcə gözləmək və inanmaq lazımdı. Onlar bunu edərək nəticələr qazanır".

Mirbağırağa

Xəbər xətti