"Turan Tovuz"un müdafiəçisi Ehtiram Şahverdiyev Sportal.az saytına müsahibə verib. Qərb təmsilçisinin aparıcı üzvü komandasının ölkə çempionatındakı çıxışı ilə bağlı danışıb.
- "Turan Tovuz" son turda evdə "Səbail"lə 2:2 oynadı. Qarşılaşmanı komandan üçün necə dəyərləndirirsən?
- Oyuna yaxşı başlamışdıq. Elə hesabı açan tərəf də biz idik. Amma deyim ki, həmin qol sanki bizi arxayınlaşdırdı. Buraxdığımız qoldan sonra yenə də qol vurmaq istəyirdik. Buna da nail olduq. Təəssüflər olsun ki, ikinci yarıda qol buraxdıq.
- Evdəki artıq növbəti oyundur ki, birinci hissədə daha yaxşı oynayırsnız, ikinci yarıda isə üstünlüyü əldən verirsiniz. "Zirə" ilə matçda da belə olmuşdu. Bu, nə ilə əlaqədardı? Fiziki durum, yoxsa rəqiblərin təzyiqi ilə?
- Yox, bunun fiziki durumla bağlı olduğunu düşünmürəm. Futboldur da, olur. Hər şeyin baş verməsi mümkündü. Amma biz sona qədər mübarizə aparırıq.
- "Turan Tovuz"da əsas heyətin üzvünə çevrilmisən. Ümumiyyətlə, bu klub sənin karyeranda hansı yeri tutur və irəliyə addım atmağın üçün doğru ünvanda olduğunu düşünürsən?
- Əlbəttə, komandada oyunların hamısında iştirak etməyim özüm üçün yaxşı haldı. Mən də istəyirəm ki, oyundan-oyuna daha da yaxşı performans göstərim, Ayxan Abbasovun mənə olan güvənini boşa verməyim. "Turan Tovuz"da yaxşı kollektiv formalaşıb. Hamımız əlimizdən gələni edirik.
- Maraqlıdı, 2012/13 mövsümündə U-17 komandalarının çempionatında "Qəbələ"nin heyətində bombardir seçilmişdin. Özü də 44 qol vurmuşdun. Hücumçu idin, son illərdə isə sağ cinah müdafiəçisi kimi çıxış edirsən. Niyə hücumçu kimi çıxış etməyə davam etmədin?
- Doğrudu, əvvəllər hücumçu kimi oynayırdım. Ancaq baş məşqçinin mənə bu mövqedə şans verməsi də normaldı. Üzərimə düşən vəzifəni yerinə yetirirəm. Məşqlərdə də səylə çalışıram, komanda üçün ən yaxşısını edirəm.
- Azərbaycan milli komandasının son toplanışında "Turan Tovuz"dan futbolçu yer almamışdı. Şəxsən özün necə düşünürsən, növbəti toplanışda millinin toplanışında yer ala bilərsən?
- Azərbaycan millisinin şərəfini qorumaq hər bir futbolçumuzun ən böyük istəyidi. Buna nail olmağa çalışırıq. Daha da yaxşı çalışıb, bunu haqq etmək lazımdı.
Mirbağırağa