İsveç millisinin sabiq üzvü, hazırda İraq yığmasının şərəfini qoruyan Jiloan Hamad Sportal.az saytına açıqlama verib. İsveç futbolunun yetirməsi olan Jiloan 1990-cı ildə Bakıda dünyaya göz açıb. İraqdan Bakıya gəlmiş Hamad ailəsi 1992-cü ildə müharibə zamanı İsveçə köçüb. Berti Foqtsun zamanında Azərbaycan millisinə cəlb olunacağı gözlənilsə də, o, sonda İraq millisindən yana seçim etmişdi.
Hamad saytımıza açıqlamasında milli seçimi barədə danışıb: "Bəli, vaxtı ilə belə söhbət var idi. Amma seçimim bəllidi. İraq millisində rəsmi oyuna çıxdığıma görə isə indi Azərbaycan yığmasında oynaya bilmərəm. Bir müddət əvvəl Azərbaycan klubu mənimlə maraqlanırdı. Ancaq sadəcə danışıq səviyyəsində də qaldı, irəliləyiş olmadı. Hər halda mən Azərbaycan millisində oynaya bilərdim. Azərbaycan Avropa ölkəsidi, millinin də yaxşı heyəti var, baxıram, izləyirəm. Lakin dediyim kimi, artıq Azərbaycan yığmasına cəlb olunmağım mümkünsüzdü".
Jiloan Hamad “Forvard”, “Malmö”, “Hoffenhaym”, “Standart”(Liej), “Hammarbü”, “İnçeon Yunayted” və “Qoritsa” klublarında oynayıb. İsveçin əsas yığmasında 8 oyun keçirmiş Hamad 2019-cu ildə İraq millisinin heyətində rəsmi debüt etmişdi.
Mirbağırağa