"Qəbələ"nin ukraynalı futbolçusu Andrey Strijak Sportal.az saytına müsahibə verib. Mövsümün əvvəlində Xorvatiyanın "Medimurye" klubundan Azərbaycana gələn 22 yaşlı yarımmüdafiəçi həm "Qəbələ"dəki durumundan, həm də Ukraynadakı hazırki vəziyyətdən söhbət açıb.
- Hazırkı vəziyyətdə necə məşq edirsən? Yəqin ki, hər dəqiqə diqqətin Kiyevdədi?
- Psixoloji cəhətdən vəziyyət çətindi. Son bir həftə ərzində Ukrayna ərazisinə çoxlu raket hücumları oldu. Çoxlu insan həyatını itirdi və bu cür hallar baş verəndə düşüncələr yalnız ailənizin hər şeyin qaydasında olmasındadı.
- Bir neçə gün əvvəl Kiyev növbəti dəfə bombalandı. Bildiyim qədəri ilə ailən paytaxtda yaşayır. Onların vəziyyəti necədi?
- Bəli, ailəm Kiyevdədi. Son bir neçə günü zirzəmidə keçiriblər. Şükür Allaha hazırda onların durumu yaxşıdı.
- Ailəni Bakıya gətirmək fikrin var?
- Anamla bacım qışa yaxın Bakıya gəlməyi planlaşdırır. Bir neçə gündən sonra isə sevdiyim qız Bakıya gələcək. Təəssüf ki, atam Azərbaycana gələ bilməyəcək. Çünki Ukraynada kişilərin ölkədən çıxışına qadağandı.
- Səni cəbhəyə çağırmışdılar?
- Xeyr, mənə çağırış vərəqəsi gəlməyib.
- "Qəbələ"də çox da oynamırsan. Komandadakı durumun necədi? Bu, nə ilə əlaqədardı?
- Komandadakı işlər yaxşı gedir. İndiyə qədər çox oynamamağım isə məşqçilər korpusunun qərarından asılıdı. Mən öz tərəfimdən bunu heç bir şəkildə müzakirə etməyə, şərh verməyə haqqım yoxdur. Gələcək oyunlarda komandaya maksimum fayda vermək üçün məşqlərdə əlimdən gələni edirəm.
- Azərbaycan Premyer Liqası barədə fikrin necədi? Çempionatın səviyyəsi yaxşıdı?
- Çempionatın səviyyəsi yaxşıdı. Çoxlu güclü oyunçular, hər rəqabətə dayanıqlı komandalar var. Çempionatda elə bir yoxdur ki, çıxıb hansısa komandaya gücünün yarısı ilə qalib gələsən. Hər oyun bütün gücünü sərf etməlisən.
- "Qəbələ"nin bu mövsüm avrokuboklara yollanmaq şanslarını necə görürsən?
- Əla kollektivimiz var. komandamız. Yaxşı məşqçi heyətimiz var, əminəm ki, avrokuboklara vəsiqə qazana bilərik. Ümidvaram ki, uğur qazanacağıq.
Mirbağırağa