Qurban Qurbanov: "Qeyri-adi nəsə etməmişik"

21:40 - 20 Oktyabr 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 11-ci turunda öz meydanında "Turan Tovuz"u 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm, yaxşı oyun alındı. Qalib gəlsək də, dinamik matç oldu. Rəqib də bizi buna məcbur edirdi. Hesabda 0-3 geridə olsalar da, məğlub olmaq istəmirdilər, yaxşı mübarizə apardılar. Ayxan Abbasova və "Turan Tovuz"a uğurlar arzulayıram. Futbolçularım qalib gəlmək üçün çox istəkliydilər.

 

- VAR epizodunda hakimə yaxın idiniz. Sanki yox deyirdiniz...

- O anda bəzən nəyəsə reaksiya verirsən. Hakimin reaksiyasına fikir verirdim.

 

- Rusiyalı məşqçi Andrey Talalayev bu yaxınlarda demişdi ki, Qurban Qurbanovun yanında təcrübə keçmək istəyərdim. "Matç TV"nin instaqram səhifəsində isə Rusiyada oynamış ən yaxşı azərbaycanlı seçilmisiz...

- Talalayev haqda sual vermişdilər, demişdim. Təşəkkür etdim ki, diqqətdə saxlayır. Kiçik klublardan təcrübə götürmək istəyir ki, onun üçün maraqlı olsun. Sağolsun, xoşdu belə fikirləri eşitmək. Gəlsə, xoş olardı. Ən azından məşqçilərin bu klubun işi ilə maraqlanması xoşdu. Ramil Şeydayev göndərmişdi ki, səsvermədə onu udmuşam. Nazim Süleymanovla mübarizəmiz gedirdi. Ola bilər ki, adım Rusiyada daha çox hallanır. Yəqin ona görə mənə maraq daha çoxdu. Vəli Qasımov, Nazim Slüeymanov Rusiyada böyük iz qoyublar. Mənim üçün maraqlı oldu. Kim səs veribsə, təşəkkür edirəm hamısına.

 

- Sonuncu dəfə evdə "Marsel"ə uduzmusuz. Bunu nə ilə izah edərdiniz? 

- İzah edəsi bir şey yoxdu. Çalışırıq ki, komandanı yaxşı hazırlayaq, yaxşı motivasiya edək. Fiziki, psixoloji hazırlığına fikir veririk. Qeyri-adi nəsə etməmişik. Tutduğumuz yol var, onu daha da yaxşılaşdırmaq istəyirik. Ümumi iş prinsipidi, iş rejimidi. Şükürlər olsun ki, qələbələr haqda danışırıq. Qeyri-adi nəsə etmirik.

 

- Bədavi Hüseynovun vəziyyəti nə yerdədi?

- Sabah bilinəcək. Ağrı hiss olunurdu, məşqdə də ağrısı var idi. Dünən hər şey qaydasındaydı deyə, bu gün meydana çıxdı. Oyun epizodunda ağrı hiss etdi, risk etmədik. 

 

- "Nant"ı "Qarabağ"la oyundan sonra izləmisiz?

- "Nant"ın bəzi məğlubiyyətləri bizi aldada bilər. "Frayburq"la, "Brest"lə oyunlarını izlədim. Bir neçə epizodda müdafiələrində texniki səhv olur. Bununla hamımız qarşılaşmışıq. "Brest"lə matçda sürət, dinamika var idi. Çox istəklidilər, çox yaxşı oyun oynadılar. Sanki bizimlə görüşə hazırlıq kimi də baxa bilərdilər. Qarşıda 4-5 gün vaxtımız var. Daha yaxından analiz edəcəyik.

 

- Filip Ozobiç "Viktoriya" ilə oyundan sonra əsas heyətdə görünmür. Müdafiə olunmaqda problemi var, yoxsa necə?

- Heç də az oyun oynamır. Elə olur ki, bəzi futbolçuların sonradan meydana daxil olması lazım gəlir. Hər matçda uzaqdan zərbəsi var deyə, onu gözləməli deyilik. Rəqibin də elə oyun sistemi olur ki, dəyişiklik etmək lazım gəlir. Rotasiyalarımız olur. Hər bir oyunçu istənilən matçda meydana çıxa bilər.

 

- "Qarabağ"ın "Nant"la səfər oyunu tarixi matç ola bilər. Qələbə sizi razı salacaq, yoxsa heç-heçə də kifayət edəcək?

- O barədə düşünmürəm. Yaxşı nəticə əldə etmək istəyirik. İstənilən rəqibə qarşı həm səfərdə, həm də evdə çalışırıq ki, minimum onların səviyyəsində oynayaq. Nəticə üçün bəzi düşüncələrimizi meydanda göstərəcəyik. Hər oyunda qələbə üçün oynayacağıq. Alınsa lap yaxşı, alınmasa da mənim üçün vacib olan oyunumuzu qoruyub-saxlamaqdı. Avropada stabil oyun göstərmək çox vacibdi. Əsas məqsədim komandamı fiziki, psixoloji hazırlamaqdı. Qalib gəlmək üçün çox mübarizə aparacağıq. Heç-heçə də bizi qane edir. Məğlubiyyət haqda düşünməyək. Bu barədə düşünüb özümü, futbolçuları yormaq istəmirəm.

 

- "Nant"ın baş məşqçisi demişdi ki, revanş almaq istəyəcəklər...

- Normaldı. Hər komandanın növbəti mərhələ üçün şansı var. Bizdən revanş almaq üçün yox, qarşıdakı mərhələyə keçmək üçün maksimum çalışacaqlar. Belə fikirlərə hörmətlə yanaşıram. Qeyri-adi heç nə yoxdu.

 

- "Qarabağ"ın qələbələrini həzm etməyənlər var. Təxribatlar olur. Fransa da da olub. Bununla bağlı müraciətləriniz olub?

- Bu işlə klub rəhbərliyi məşğul olur. Ondan əvvəl də UEFA ciddi məşğul olur. Təxribatlar son vaxtlar azalıb, cüzidi. Buna önəm vermirik, torpaqlar bizdədi.

 

- U-19 millimizin sabiq baş məşqçisi Miloş Velebit deyib ki, Azərbaycan futbolunun gələcəyi Nəriman Axundzadədi. Əsas komandada oynamalı olduğunu bildirib. AFFA rəhbərliyi ilə bununla bağlı sizinlə danışdığını dedi. Onun oynamaq ehtimalı var əsas komandada?

- Məlumatı çox böyükdü. Bizim oyunçudu. Futbolçularımızın yaxşlığından başqa heç nə düşünmürük. Nə vaxt harada oynamasına özümüz qərar veririk. Oyunçu haqda düşünürük, gələcəyini fikirləşirik, onu formalaşdırırıq. Miloş Velebitin fikirləri qəribə gəldi. Nəriman yanımızdadı həmişə. Yavaş-yavaş vaxtı gələndə oynayacaq. Öz üzərində çox çalışmalıdı. Yaxşlığa doğru çox dəyişiklik var. Tək bir oyunçuda Azərbaycan futbolunun gələcəyini qurmaq olmaz. Onların sayı çox olmalıdı. Hər bir futbolçu kimi o da şans qazanacaq.

 

- Şahruddin Məhəmmədəliyev bu gün yox idi. "Nant"a qarşı oynayacaq? Quqeşaşvilinin inkişafı necədi?

- Şahruddin ayağında ağrı hiss etdi, ona görə risk etmədik, istirahət verdik. Qarşıda 6-7 gün var. Oyuna kimi baxacağıq vəziyyətinə. Lukaya gəldikdə, son vaxtlar çempionat matçlarının çoxunda oynayıb. Qapıçının daha çox inkişaf etməsi üçün oynaması lazımdı. Yaxşlığa doğru gedir hər şey. Amma öz üzərində çox çalışmalıdı. Böyük potensialı var. Daha çox böyük oyunlarda oynasa, yaxşıdı.

 

- 10 oyunda 10 qələbə qazandınız. Çempionatın səviyyəsi nəyi göstərir?

- Dünya futbolunda olan hadisə kimi baxıram. Hansısa çempionatda komanda uzun müddət qələbə seriyası qazanır. Ola bilər həmin seriyanın içindəyik. Amma elə oyun olub ki, çətin qalib gəlmişik. İstənilən komandanın digərini məğlub etmək potensialı var. Hər komandaya ciddi yanaşıram. O demək deyil ki, biz qarşıdakı matçların hamısını udacağıq, uduzmayacağıq. Bu istəyi qoruyub-saxlamaq heç də asan deyil. Qələbələr olanda üzərimizə daha çox yük düşür. Çalışacağıq ki, qarşıdakı oyunlarda komandanın idman forması yaxşı durumda olsun.

 

Mirbağırağa

Xəbər xətti