Tərlan Əhmədov: "Elə səviyyəyə çatıram ki, deyirəm şəkər xəstəliyinə tutulacam"

19:30 - 22 Oktyabr 2022

"Kəpəz" Azərbaycan Premyer Liqasının 11-ci turunun oyununda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

- Qəbələyə 3 xal üçün gəlmişdik. Ardıcıl iki məğlubiyyətdən sonra üçüncü dəfə uduzmaq istəmirdik. Bu matça çox ciddi hazızlaşmışdıq. "Qəbələ" kimi oturuşmuş komandaya qarşı oynamaq çətindir. İlk dəqiqələrdə həyəcan var idi, səhvlərlə başladıq. Komandanın ikinci hissədəki oyunu məni tamamilə qane etdi. Bilirdik ki, "Qəbələ" əks-hücumlarda oynayacaq. İlk qolu da bizi əks-hücumda tutaraq standart vəziyyətdən vurdular. Məcburiyyətdən Ruslanı əvəzlədim. Çünki, həmin mövqedə axsama var idi. Fəridi meydana buraxmaqda məqsəd oyunu gücləndirmək idi. Bunun da bəhrəsini gördük. Amma o, hələ zədədən sonra tam formada deyil. "Qəbələ"dən səfərdə 1 xal almaq xoş təəssüratdır. Hələ görəcəyimiz iş çoxdur. 


- Hazırkı heyət bugünkü oyundan daha yaxşısını göstərməyə qadirdir?

- Əlbəttə ki, mümkündür. Özünüz də görürsüz ki, bəzi futbolçuları cəzalandırmışam. Məqsədim nizam-intizamı düzəltməkdir. İlk 6 turdakı məğlubiyyətlərdən sonra buraya gələndə tərəddüd içində idim. Amma oyunları izlədikcə fikirləşdim ki, nəsə etmək olar. İlk məşqlərdən gördüm ki, komanda ruhu, inam yoxdur. Bu gün hər oyundan-oyuna inkişaf gedir. "Sabah"a biz özümüz uduzduq, onlar heç nə etmədi. Bütün qolları fərdi səhvlərdən buraxdıq. "Neftçi" ilə matçda qırmızı vərəqə planlarımızı pozdu. Bu gün də göstərdik ki, bu komanda ilə yanvara qədər böyük işlər görmək olar. 4 zədəlimiz var. Onlar qayıdanda başqa "Kəpəz" görəcəksiz. Mən gələndə futbolçularda belə fikir var idi ki, sonuncu pilləni tutacağıq. Amma bu komanda çempionatda layiq olduğu yeri tutacaq. 


- Yaşar Vahabzadə ilə münasibətiniz necədir? "Kəpəz"ə gələndən sonra onunla danışmısız?

- Xeyr, danışmıram. Bura gəldiyim ilk gün Yaşar müəllimlə danışmışdım. Dedim ki, halallıq ver. Biz məşqçilərin işi elədir ki, bu gün buradayıq, sabah başqa yerdə. Ona görə də nə Yaşar müəllim məndən inciməlidir, nə də mən ondan. Məndən yaşda böyükdür, həmişə hörmətini saxlamışam. İkimiz də eyni mövqedə oynamışıq. Futbolçu vaxtımda ondan çox şey öyrənmişəm. 


- Bəs Rauf Əliyevlə?

- Rastlaşırıq. Hələ ki, üzbəüz görüşə bilməmişik. Görüşsək, salamlaşarıq. Əsas komandaya qayıtmağa gəldikdə isə, bu mövzu artıq bağlanıb, bir də qayıdılmayacaq. Yanvarda komandaya yeni nəfəs gələcək. Akademiyadan da oyunçular cəlb edirik. 17 yaşlı futbolçumuz var, onu da əsas komandaya cəlb edirəm. Akademiyanı da nəzarətə götürürük, Gəncədə futbolçular yetişməlidir. Hücum xəttinə də axtarışlar davam edir. 

 

- Futbolçuların səhv etdiyi epizodlara emosionlar reaksiya verirdiniz...

- Biz məşqçilərin işi emosionlardır. Bu gün daha rahat, daha yaxşı oynaya bilərdik. Oyunun təhlili zamanı üzərində dayandığım məqamlar var idi. O səhvlər olanda istər-istəməz özümü saxlaya bilmirdim. Bəzi futbolçuların öz səviyyəsindən aşağı çıxış etməsi hücum xəttində çoxluq yarada bilməməyimizə gətirib çıxardı. Tək futbol yox, həyat əsab halına gəlib çatıb. Hər şey emosialar üzərində həll olunur. Özündən asılı olmadan elə səviyyəyə çatıram ki, deyirəm şəkər xəstəliyinə tutulacam. 


- Tural Axundovla bağlı fikriniz necədir? Bu futbolçu artıq tükənib?

- Ay yarıma hər şeyi dəyişmək olmur. Tural mən gələndən sonra bir müddət ehtiyatda qaldı. İndi həm çəkisini salır, yavaş-yavaş oynayır. Tək Turalın yox, çoxusunun oyun səviyyəsi aşağıdır. Onun komandaya həm futbolçu, həm lider kimi çox xeyri dəyəcək. Həm də gözəl insandır. Bütün futbolçulara düşmən olub qoca bilmərəm. Turalın meydanda olması komanda üçün üstünlükdür. 


- Qapıçı transferi yenə gündəmdədir, yoxsa Orxan Sadıqlı ilə davam edəcəksiz?

- Xorvatiyalı qapıçı gətirmişik, amma sənədlərində problem var. Bu məsələ həllini tapa bilmir. Orxanın haqqına da girə bilmərəm. Amma qapıçı məsələsi gündəmimizdə var. 


- Əli Səmədovun yaxın günlərdə əsas komandaya qayıdacağı gözlənilir?

- Demişəm ki, Əli bir müddət əvəzedici heyətdə olmalıdır. Elədiyi səhv var idi. Oyun intizamını pozmuşdu. Bəlkə də fikirləşirdi ki, gəncəliyəm, kapitanam. Hər kəs bilməlidir ki, burada əvəzolunmaz futbolçu yoxdur. Komanda oyunu bizim üçün vacibdir. Yaxın günlərdə Əli Səmədov qayıdacaq.

 

- Qış transfer pəncərəsi zamanı daha  yerli, yoxsa əcnəbi futbolçu cəlb edəcəksiz?

- Hələ bilmirik neçə futbolçu transfer edəcəyik. Bir neçə əcnəbi olacaq. Amma daha çox yerli istəyirik. 

 

 Transfer üçün büdcədə pul var?

- Bəzi futbolçular gedəcək. Buna uyğun transferlər edəcəyik. Həyatdır, bəlkə elə vəziyyət yarandı ki, transfer edə bilmədik. 


- Əli Səmədovun səhvi nədən ibarətdir?

- Baş məşqçinin ev tapşırığı təlimatın yerinə yetirməyib. Detalları deməyə artıq mənim ixtiyarım yoxdur. Heç bir futbolçunu qapalı şəraitdə yola salmıram. Bütün detallarına qədər özünə deyirəm. Əli Səmədovun nə açıqlama verməsi onun öz işidir. Açıqlamadan sonra gəlib mənimlə görüşdü. 


- Səhvi bilərəkdən edib?

- Onu deyə bilmərəm. Bir səhvi bir neçə dəfə edirsə, o, artıq düşünür ki, mən kapitanam nə istəsəm, edə bilərəm.

 

- Millinin sabiq kapitanı kimi yığmanın son oyunlarındakı çıxışına münasibət bildirərdiz...

- Millidə kimisə saxlayanda, bizdən soruşmurlar. Biz söz sahibi deyilik. Hər halda, artıq De Byazi qalıbsa, ona uğurlar arzu etmək lazımdır. Millinin Avropa çempionatındakı qrupu daha çətindir. Fikrimcə, biz bu qrupda bircə Estoniyadan güclü ola bilərik.

 

Elçin Əlixan

Xəbər xətti