"Sumqayıt" Azərbaycan Premyer Liqasının 11-ci turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- Sona qədər dəstək olduqlarına görə, azarkeşlərimizə təşəkkür edirəm. Oyun əldən getsə də, soyuq havada şəhərin komandasını dəstəkləyirlərsə, bunu qiymətləndirməliyik. Allah onlardan razı olsun. Biz də bunun cavabını yaxşı tərəfddən nə vaxtsa verərik. Oyunu iki hissəyə bölərdim. Sanki gərginlik var idi, yaxşı başlamadıq. Bu da çox istəkdən irəli gəlirdi. İkinci yarıda kontrolu ələ aldıq. Əfsuslar olsun ki, bunlar hamısı sözlərdədi. Üstünlüyü qola çevirə bilmirsənsə, bu da mənasız olur. Zamana ehtiyacımız var. Əgər epizodları qola çevirə bilmirlərsə, oyunçular dəyişilməlidi. Qışdan sonra bunu edəcəyik.
- Araz Abdullayevlə Murad Xaçayevin ehtiyatda qalmasının səbəbi nədir?
- Ümumi şəkildə komandada desəm ki, hər şey yaxşıdı, yox. Amma deyim ki, Murad Xaçayev və ya başqası "qara siyahı"ya düşüb, yox, belə deyil. Fikirləşdik ki, bu günkü matça belə heyətlə çıxaq. Hansısa futbolçunun əvəzinə başqası oynaya bilərdi, amma artıq oyun başa çatıb. Problemlərimiz Murad Xaçayev və Araz Abdullayev deyil. Formada olsalar belə, qlobal problemlərimiz var. Hücumda dişsizlik var, qol epizodlarını reallaşdıra bilmirik. Rəqibin meydançasına çatıb, işimiz asmalarla bitəcəksə, bu da bir vaxta qədərdi. Qarşımızdakı rəqibin müdafiəçiləri hündür olacaqsa, bu da bir işimizə yaramayacaq. Daha çox oyunu üzərinə götürəcək oyunçulara ehtiyacımız var. Səbirliyik və onlar da düzələcək.
- Çabidə inamsızlıq hiss olunur. Bu barədə siz nə düşünürsünüz?
- Mən oyunçuları bir aydır ki, tanıyıram. Məşq sayımız yetərincə deyil ki, Çabinin inamlı və inamsız vaxtını bilim. O, əsas heyətdə meydana çıxdı. Topla oynadı, amma hücumameyilli oyunçu öz meydançasında, ya mərkəzdə oynayırsa, bu, göstərici deyil. Doğrudu, o, top saxladı, yanındakı Səbuhi Abdullazadəyə və Vüqar Mustafayevə ötürmə verdi, əladı, itirmədi. Bugünkü futbolda bu, ümumiyyətlə göstərici deyil. Sən rəqib meydançada nələrsə etməlisən. Bu problemləri artıq bilirik. Oyunlara da bir yolla udmaq məqsədi ilə çıxırıq. Standart vəziyyətlə, əks-hücumla uğur əldə etmək istəyirik. Hücumda işləyək, bunu edək filan, açığı, bizdə belə deyil. Çünki bu baxımdan axsayırıq. Ancaq çox ümidliyik və bu yöndə işlər gedir. Öz gücümüzə inanırıq. Zaman hər şeyi göstərəcək.
- "Sumqayıt"da nə problem var? Oyunçuları dəyişmək lazımdı, yoxsa taktikanı?
- Bugünkü gündə oyunçuları dəyişə bilməzsən. "Transfer pəncərəsi" var. Komandaya gəlirsənsə, 22 futbolçu var əlində, onları dəyişmək mümkün deyil. Dəfələrlə deyirəm, əlimizdə olan uşaqları qazandırmağa çalışırııq. Heç kimi qazanmayacağıqsa, yenidən komanda qurulacaq. Epizodlara girmiriksə, bu, ən əsas problemdi. Bunun da öhdəsindən gələ bilmirik, başqa yollar axtarırıq. Bu gün o qədər asmalar etdik. Almir Aqanspahiç əsas heyətdə oynamağa başlayıb, hündürboyludu, başla yaxşıdı. Əfsuslar olsun ki, ondan da yararlana bilmədik. Əsas odur ki, öz dərdimizi, problemimizi bilirik. Ancaq bunu açıq şəkildə deməyin vaxtı deyil. Çox oyunlarımız var. Ən azından həmin oyunçulara güvənməliyik, onlar oyuna çıxmalıdı.
Elçin Əlixan
saytlarin hazirlanmasi