"Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli Sportal.az saytına müsahibə verib. O, Premyer Liqanın 11-ci turunun "Qarabağ"la (3:0) görüşünü şərh edib.
- "Qarabağ"la matçda məğlubiyyətinizə səbəb nə oldu?
- Çox güclü rəqibə qarşı oynayırdıq. Çalışırdıq ki, ən azı bir xal qazanaq. "Qarabağ"ın heyətində usta futbolçuları var. Onlar isə səhvləri bağışlamır. Belə də oldu.
- Necə düşünürsən, erkən qol buraxmasaydınız, xal qazana bilərdiniz?
- Dediyim kimi, hansı komandaya qarşı oynadığımızı bilirdik. "Qarabağ" kimi komandaya qarşı oynamaq asan məsələ deyil. Çalışdıq ki, nəsə edək. Ancaq təəssüf ki, bu, bizdə alınmadı.
-"Qarabağ"la bu mövsüm ilk dəfə qarşılaşdınız. İndiyə qədər oynadığınız ən güclü rəqib onlar idi?
- "Qarabağ" çempionatın lideridi. Belə oyunlar hər bir futbolçunun inkişafına təsir edir. Bu cür oyunların sayı çox olarsa, daha yaxşıdı. Onlar Avropada öz sözünü deyən komandadı. Qarşıdakı matçlarda da uğurlar arzulayıram.
- Noyabrın 9-da yenidən "Qarabağ"la qarşılaşacaqsız. Səncə, bu dəfə onlardan xal ala bilərsiniz və nəyin hesabına bunu reallaşdırmaq mümkündü?
- Qarşıda bizi ağır oyunlar gözləyir. "Qarabağ"dan öncə "Sumqayıt"a qarşı matçımız olacaq. Bu oyunlardan sonra "Qarabağ"la görüşü düşünmək mümkündü.
- Oyunun gedişində hesabda geri olsanız da, sanki vaxtı uzadırdın. Bu, nə ilə bağlı idi? Hesabın daha böyük olmaması üçün bunu edirdin?
- "Qarabağ"la matçda vaxtı uzatdığımı düşünmürəm. Sadəcə olaraq, "Qarabağ" pressinq edirdi. Ona görə də futbolçular mövqeyinə düşəndən sonra topu oyuna daxil etməyə məcbur olurdum.
- Növbəti turdakı rəqibiniz "Sumqayıt" olacaq. Onları Tovuzda məğlub edə biləcəksiz?
- Bizi qarşıda həqiqətən də çox ağır oyun gözləyir. Rəqib də bura xal qazanmaq üçün gələcək. Allah qoysa, qələbə qazanaraq azarkeşləri sevindirməyə çalışacağıq. Fikrimcə, buna gücümüz çatar.
- Geridə 10 tur qalıb və bütün rəqiblərlə qarşılaşmısınız. Bu liqada ən çox hansı rəqibə qarşı oynamaq çətin idi?
- Əlbəttə ki, "Qarabağ"ın adını çəkəcəm.
Mirbağırağa