"Fransız jurnalistə bildirdim ki, "Qarabağ" azərbaycanlılar üçün milli komanda kimidi" - MÜSAHİBƏ

13:04 - 25 Oktyabr 2022

"Qarabağ"ın sabiq futbolçusu, hazırda Kiprin "Olimpiakos" klubunda çıxış edən Donald Gerye Sportal.az saytına müsahibə verib. Haitili futbolçu Kiprdəki karyerasından, "Qarabağ"ın avrokuboklardakı çıxışı barədə fikirlərini deyib.

- Kiprdə özünü xoşbəxt hiss edirsən? "Olimpiakos" hazırda 13-cü pillədədi. Bu, sizi qane edir?
- Bəli, çempionat start götürüb və biz 8 turdan sonra 13-cü pillədəyik. Komandamız ikinci "altılıq"da yer alıb. Baş məşqçimiz yenidi. Doğrudu, nəticədən razı deyiləm. Yavaş-yavaş yaxşı olmağa çalışacağıq. Çünki yaxşı komandamız və potensialımız var. Sadəcə olaraq, zaman lazımdı. Daha yaxşı olacağıq.

- Kipr və Azərbaycan çempionatlarını necə necə müqayisə edərdin?
- Azərbaycan və Kipr çempionatları oxşardı. Azərbaycanda yaxşı komandalar var. Hər iki çempionatda güclü, ortabab və zəif komandalar oynayır. Düzünü desəm, Kipr və Azərbaycan çempionatları arasında heç bir fərq görmürəm. Demək olar ki, eynidir.

- Kipr çempionatı karyeranda dönüş nöqtəsi olacaq? Azərbaycana qayıtmaq imkanın və ya variantın var? 
Mənim işim futbol oynamaqdır. Ola bilər ki, karyeramı Kiprdə bitirim və yaxud başqa ölkələrə gedim. Burada 4-5 il oynamaq şansım var. Özümü yaxşı səviyyədə göstərməliyəm, komandam üçün hər şey etməliyəm. Öncədən necə olacağını deyə bilmərik. Hazırda "Olimpiakos"da oynayıram. Burda karyeramın sonuna qədər çıxış edə bilərəm. Azərbaycan mənim üçün uğurlu yerdir. "Qarabağ"da Qurban Qurbanovun rəhbərliyi altında uğurlar qazanmışam. İlin ən yaxşı oyunçusu seçilmişəm, Çempionlar Liqasında oynamışam. Həyatda hər şey mümkündür. Bəlkə də, bir gün yenidən "Qarabağ"da oynadım. Şans olsa, Azərbaycana qayıdacam. Azərbaycan dilində bir çox sözlər bilirəm. Çünki türk dili ilə oxşardır. Azərbaycanı çox sevirəm.

- “Qarabağ” Avropa Liqasında uğurlu çıxış edir. Onların növbəti mərhələyə yüksəlmək imkanı var. Səncə, bu baş verəcək?
"Qarabağ" əla komandadır və heyətində çox yaxşı futbolçular var. Hazırda çox yaxşı formadadırlar. Fransız bir jurnalist məndən müsahibə almışdı və "Qarabağ" haqqında, onun azərbaycanlılar üçün dəyəri haqqında fikirlərimi soruşdu. Həm də Qurban Qurbanovun necə biri olduğu barədə məlumat almağa çalışdı. Ona dedim ki, bu baş məqşçi Qurban Qurbanov müasir futbolu sevir, bunu Azərbaycanda tətbiq edir. Həm də ona dedim ki, Qurban Qurbanov Azərbaycan futbolunun tarixidir. Həmçinin "Qarabağ"da necə ailə kimi komanda formalaşmasından danışdım. Hər kəsin bir adam kimi klub üçün çalışdığını dedim. Həmin jurnalistə bildirdim ki, "Qarabağ" azərbaycanlılar üçün milli komanda kimidi. Bu klubda hər şey mükəmməl təşkil edilib. Avrokuboklardakı uğurlu çıxışdan da ona danışdım. Futbolçulıarın keyfiyyətinin yüksək səviyyədə olduğunu bildirdim. Yəni, mən "Qarabağ" haqda bu cür fikirləşirəm.

- “Qarabağ” bu həftə “Nant”la qarşılaşacaq. “Qarabağ”ın bu görüşdə qalib gəlmək şanslarını necə proqnazlaşdırırsan?
- "
Qarabağ" yenidən "Nant"a qalib gələ bilər. Çünki "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda və onun məşqçilər heyətində yalnız qalib mentaliteti var. "Qarabağ"ın baş məşçqisindən tutmuş hər kəs qələbə üçün çalışır. Onlar səfərdə oynayacaq və bu səbəbdən çətin olacağını düşünürəm. Ancaq ilk matçda "Qarabağ" qalib gəlib və psixoloji üstünlüyü ələ keçirib. Heç-heçə də ola bilər, qalib də gəlməkləri mümkündü. Amma mən "Qarabağ"ın qələbə qazanacağına daha çox inanıram. 

Mirbağırağa

Xəbər xətti